2023-ci il Qarabağ üzərində suverenliyin tam bərqərası üçün mühüm il ola bilər? - Yunis Abdullayev

2023-ci il Qarabağ üzərində suverenliyin tam bərqərası üçün mühüm il ola bilər? - Yunis Abdullayev
 

2022-ci il Qarabağda sülhün və sabitliyin təmin olunması, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün uğurlu bir il olmadı. Moskva və Brüssel formatı çərçivəsində Bakı və İrəvan arasında bir sıra danışıqlar keçirilməsinə, eləcə də bu danışıqlarda müəyyən qarşılıqlı razılaşmalar əldə edilməsinə baxmayaraq, regionda daha çox hərbi qarşıdurmaların baş verməsinə şahidi olduq. Keçən il sentyabr ayında Azərbaycan-Ermənistan sərhəd ərazilərinin Laçın-Kəlbəcər istiqamətində hər iki tərəfin hərbi toqquşmalara cəlb olunması, bundan savayı Rusiyada tanınmış milyarder Ruben Vardanyanın rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərimizə gəlişi və buralarda qanunsuz hərəkətlər törətməsi bölgədə onsuzda gərgin olan siyasi vəziyyətin daha da pik həddə çatdığını aydın sübut edir.
Qarabağda bir sıra problemlər – üçtərəfli noyabr bəyanatına uyğun olaraq Ermənistanın ərazilərimizdə hərbi qüvvələrinin və separatçı silahlı birləşmələrinin tərkisilah olunmaması, torpaqlarımızda təbii sərvətlərimizin qanunsuz istismarının davam etməsi, Vardanyan faktoru əlavə olunmaqla Azərbaycanın səbr kasasını aşdığını şübhə yoxdur. Eyni zamanda Azərbaycanın xarici siyasətində ilkin geostrateji priotetlər hesab olunan Zəngəzur dəhlizinin açılması, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası, eləcə də hər iki dövlət arasında beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsinin imzalanması istiqamətlərində Ermənistan tərəfindən mühüm addımlar atılmayıb.
Ümumiyyətlə, bu ildə növbəti ciddi qarşıdurmanın qarşısının alınması üçün bu problemlər necə həll oluna bilər? Gəlin bir sıra vasitələri nəzərdən keçirək

Bakı-Moskva dialoq formatı labüddür, lakin....

Son otuz ildə Qarabağ münaqişəsində əsas faktor hesab olunan Rusiya bu gündə bölgədə siyasi vəziyyəti öz geosiyasi maraqlarına uyğunğunlaşdırmağa çalışır. Bu ölkənin rəhbərliyində siyasi dairələr Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin qalmasına və onların təxribatxarakterli hadisələr törətməsinə bilərəkdən şərait yaradırlar. Çünki Kremlin regional siyasətinə görə, silahlı birləşmələrin tərkisilah olunması və sabitliyin təminatı növbəti beş ildə bölgədə rus sülhməramlılarına ehtiyac olmayacağı deməkdir. Bu məsələdə onlar müəyyən mənada tam haqlı ola bilərlər.
Lakin bunu da düşünmək olar ki, Bakı-Moskva dialoqu çərçivəsində Qarabağda mövcud problemlər ilə bağlı ətraflı müzakirələr və danışıqlar aparmaq mümkündür. Bəlkə də artıq yaxın gələcəkdə bu danışıqların aparılmasına qərar verilib. Güman etmək olar ki, danışıqlar zamanı Moskva Bakının Qarabağla bağlı bəzi tələblərinin yetirilməsinə öz razılığını bildirsin. Ancaq Kremlin şərtləri əsasında...
Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin aradan qaldırılması, separatçı rejimə son qoyulması və təbii sərvətlərimizin istismarının dayandırılması müqabilində Rusiya rəhbərliyi Azərbaycanın qarşısına ərazilərimizdə rus hərbiçilərinin daimi mövcudluğu, həmçinin ölkəmizin Avrasiya İttifaqına və KTMT-yə qoşulması ilə bağlı şərtlər irəli sürə bilər. Axı zaman göstərib ki, Moskva nə Azərbaycanın, nə də Ermənistanın gözünə-qaşına bələd olmayıb, onun üçün əsas regionda öz geosiyasi nüfuzunu qorumaqdır.
Təbii ki, belə halda Bakı Moskvanın şərtlərini qəbul etməyəcək. Ona görə ki, Qarabağda rus sülhməramlılarının müddətinin uzadılması, Avrasiya İttifaqına və KTMT-yə üzv olmaq Azərbaycanın xarici siyasətinə və təhlükəsizlik strategiyasına ziddir. Yəni, Bakı-Moskva dialoqu çərçivəsində nəyinsə həll olunacağına o qədər də ümid olmayacaq.

Brüssel və Vaşinqton formatı ümidverici ola bilər, amma....

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Moskvadan fərqli olaraq Brüssel və Vaşinqton üçün ilkin priotet Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasıdır. Əlbəttə ki, hər ikisi Bakı və Xankəndi arasında dialoqun olmasını da labüd hesab edirlər. Sonrakı priotetlər isə hər iki dövlət arasında sərhədlərin delimitasiya olunması, kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanmasıdır. Böyük ehtimal ki, keçən il kimi bu ildə Brüsselin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında danışıqlar aparılacaq. Rusiyanın regionda mövqeyini zəiflətmək üçün Vaşintonun da Azərbaycan-Ermənistan sülh prosesinə cəlb olunması barədə fikirlər də dolaşır.
Ümumiyyətlə, Brüssel və Vaşinqton nə etməlidir? İlk növbədə hər ikisi Azərbaycan-Ermənistan sülh prosesində balanslı konsepsiya irəli sürməlidirlər, yəni Bakı və İrəvanın öz aralarında ziddiyyətləri bir kənara qoyub qarşılıqlı razılığa gəlmələri üçün münasib şərait yaranmalıdır. Eyni zamanda Avropa İttifaqı və ABŞ Ermənistan hakimiyyətinə başa salmalıdır ki, hətta təzyiq etməlidirlər, münaqişənin həll olunması və sülhün bərqərası Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin tanınmasından keçir. Bununla belə, Ermənistan rəhbərliyini sülh müqaviləsinin imzalanmasına həvəsləndirmək üçün Brüssel və Vaşinqton bu ölkənin hərtərəfli inkişafına yönələn iqtisadi və maliyyə paketləri də irəli sürə bilər. Ancaq çıxılmaz vəziyyətdə olan Paşinyan hakimiyyəti çox yaxşı başa düşür ki, Qərbin tələblərinə razılıq vermək onu Rusiya və ölkədə revanşistlərin təhlükəsi ilə üz-üzə qoyacaq.

Son variant növbəti hərbi əməliyyatlar aparmaqdırmı?

2022-ci ildə Azərbaycan Silahlı Qüvvələri Qarabağ və Zəngəzur bölgələrində “Fərrux”, “Qisas” və “Qətiyyətli Cavab” anti-terror əməliyyatlarını həyata keçirməklə bir sıra önəmli strateji yüksəklikləri nəzarətə götürüb. Bu ildə Azərbaycan ordusu həm Qarabağda, həm Ermənistanla sərhəd ərazilərində növbəti hərbi əməliyyatlar keçirmək iqtidarındadır. Bunu Rusiya və Ermənistanda çox yaxşı başa düşürlər. Bunu yerli və xarici hərbi ekspertlər dəfələrlər təsdiqləyiblər.
Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin aradan qaldırılmasında son variant Azərbaycan ordusunun bölgədə geniş-miqyaslı hərbi əməliyyatlar keçirməsidir. Lakin bu əməliyyatlar məsuliyyət zonasında rus sülhməramlılarla qarşıdurmanın baş verməsi ilə nəticələnə bilər. Bunu Azərbaycanın hərbi-siyasi rəhbərliyi nəzərə alır. Mümkün ehtimallara görə, Azərbaycan ordusu bölgədə yalnız qısa müddətli hərbi əməliyyatlar həyata keçirəcək.

Qarabağda sabitliyin tam təminatı üçün Bakı hansı addımları atacaq?

Hesab edirəm ki, Azərbaycan yaxın müddət ərzində üç istiqamətdə addımlar atacaq. İlk növbədə Azərbaycan beynəlxalq hüququn normalarına və BMT-nin nizamnaməsinə əsasən Beynəxalq Ədalət Məhkəməsində, BMT-Təhlükəsizlik və Baş Assambleyasında, eləcə də digər beynəlxalq təşkilatlarda bu məsələləri müzakirəyə çıxaracaq. İkincisi, Azərbaycan Türkiyə ilə hərbi-strateji müttəfiqliyini daha da gücləndirməklə regionda geosiyasi oyunçuları ilə əlaqələri balanslaşdırmağa davam edəcək. Bundan başqa isə Türkiyə, Pakistan və İsrailin hərbi-taktiki dəstəyi ilə Azərbaycan ordusu daha da möhkəmlənib növbəti hərbi qələbələrə hazırlanacaqdır.

Yunis Abdullayev

 

0.019332885742188