Xanlar Vəliyev: “”Tərtər işi”ni nağıl adlandırmamışam”

Xanlar Vəliyev: “”Tərtər işi”ni nağıl adlandırmamışam”
 

“Tərtət işi” bağlı məsələlər gündəmdən düşmür. Sosial şəbəkələrdə, xəbər saytlarında müzakirələr, yazılar davam edir. Bu günlərdə məsələ Milli Məclis səviyyəsinə qalxmış, orda müzakirələr zamanı deputatlar keçmiş baş prokuror Zakir Qaralovu, hazırkı hərbi prokuror Xanlar Vəliyevi tənqid edərək günahı olmayan hərbiçilərin qanunsuz, heç bir əsas olmadan məsuliyyətə cəlb edildiklərini, onlara işgəncələrin verildiyini bildiriblər. Millət vəkilləri hərbi prokuror Xanlar Vəliyevin üzr istəməli olduğunu bildirmişdilər.

Manset.az məsələni diqqətdə saxlayaraq məlum Tərtər hadisələri ilə bağlı Baş prokurorun müavini, Respublika hərbi prokuroru Xanlar Vəliyevlə əlaqə saxlayıb. O, deputatları məlumatsızlıqda günahlandırıb.

- Milli Məclisdə “Tərtər işi” ilə bağlı sizə qarşı ittihamlar səsləndirilir, sizi tənqid edirlər, bu barədə nə deyə bilərsiz?

- Bu barədə kimlər danışırsa, hansı deputatlar məni ittiham edirsə, onlardan soruşun, heç nədən xəbəri olmadan, başı bir şeydən çıxmadığı halda niyə danışır?

- Bəs siz bir vaxtlar Tərtər hadisələrini “nağıl” adlandırırdız, nə baş verir?...

- Mənim dediklərimi təhrif edirlər. Mən "Tərtər işi"ni nağıl adlandırmamışam. Mən nağıl ona demişəm ki, mənə suallar verirdilər ki, hərbi prokurorluq əməkdaşları hərbçiləri döyürlər, incidirlər, işgəncə verirlər, mən bunu nağıl adlandırmışam. Heç kəs deyə bilməz ki, hərbi prokurorluq əməkdaşları mənə təziq edib, məni döyüblər. Heç prokurorluq əməkdaşları kimisə təhqir də etməyiblər. Bu ola da bilməz.

- Bəs Milli Məclisdə deputatlar niyə tələb edirlər ki, siz üzr istəməlisiz?

- Mən niyə üzr istəməliyəm? Hansı səbəbə? Kim bunlar barədə danışır, ondan soruşun. Heç nədən xəbəri olmadan danışanlara sözüm yoxdur. Sağ-salamat olsunlar.

"AzPolitika.info" xatırladır ki, Xanlar Vəliyev ilk dəfə 2021-ci ilin aprel ayında Tərtər hadisələri ilə bağlı danışıb. Həmin vaxt İşgəncələr Əleyhinə Beynəlxalq Komitənin “Tərtər işi”ndə hərbçilərə dəhşətli işgəncələrin verildiyinə dair hesabatı barədə mətbuata açıqlama verən Xanlar Vəliyev bildirib ki, bu barədə iddiaları qəbul etmir.

“Mən bu iddiaları eşitmişəm. Amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu, nağıldır və kim danışırsa, nağıl söyləyir”- deyə, o qəti şəkildə vurğulayıb.

Xanlar Vəliyev daha sonrakı sualı eşitdikdən sonra “mətbuat xidmətimə müraciət edin, geniş açıqlama alın”, - deyə, telefonun dəstəyini asıb.

"AzPolitika.info"

0.081655979156494