Pollo-kabab…
Qəzənfər Həmidoğlu:
Bilməyən yoxdur ki, vegetarianlar ət yeməyən insanlardır, menyularından heyvan mənşəli məhsulları - ət, süd və yumurtanı çıxarır, qarınlarını yalnız göyərti və meyvələrlə doyuzdururlar. Yəni, loru dillə desək, vegetarianlar otyeyənlərdir, ingiliscə anlamı da tərəvəzyeyəndir.
Elə vegetarian var ki, ət-balıq, yumurta yemir, amma süd içir. Bunlara "laktovegetarian" deyirlər. Eləsi də var ki, ət yeməz, süd içməz, amma yumurtadan imtina etməz. Bunlara da "ovo-laktovegetarian" adı qoyublar.
“Pesketarian” elə vegetarian tipidir ki, dana-qoyun-toyuq əti, yumurta yemir, süd içmir, amma balıq, xərçəng və molyusk yeyir. “Pesce” italyanca balıq deməkdir.
Bir də var “pollotarian” növü. Bunlar məməli heyvan növlərini, həmçinin balıqları menyularına daxil etmirlər, amma quş əti gördükdə ağızlarının suyu axır. “Pollo” ispanca toyuq deməkdir.
Biz dədə-babadan qoç-dana əti sevən, kabab, basdırma, bozartma, qızartma, qovurma, küftə-bozbaş, piti, ət qıymalı dolmalar yeyən millətik. Pastoral simvolumuz quzu tikəsi çəkilmiş şiş, qəhrəmanımız çobandır.
Amma hazırda kulinariyamız “inqilabi” korrektəyə uğrayır, milli mətbəxtdən çıxan ənənəvi qoxular səngiyir. Dana-qoyun əti artıq yalnız vitrin üçündür, bax və keç! Kabablıq ət narrativi dəyişir, qoç meydanı xoruza buraxır; kababxanalar toyuq əti qoxusu ilə arxetipimizi və mədə-beyin “mental bağı”nı tüstüləndirir. Manqaldan toyuq budu çəkilmiş şişi götürürsən və daha demirsən…“kabab qanlı, igid canlı”.
Bu dərənin uzunu, çoban qaytar quzunu…
Paralel.az