“6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR

“6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR
 

Dekabrın 27-də İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə “6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr edilən müsabiqədə 100-dən çox iştirakçı 260-dan çox işlər təqdim edərək maraqlı sujet, hadisə və obrazları qələmə almaqla özlərinin yığcam, konkret və lakonik yazı üslubundan istifadə bacarıqlarını sınayıblar.

Paralel.az xəbər verir ki, münsiflər heyəti müsabiqənin mövzusu olan İçərişəhərə aid aşağıdakı işləri qalib elan edib:

“Bakı – muzey, İçərişəhər – ən qədim eksponat.”

(Ümid Bilalov)

“Tarix içində şəhər, şəhər içində tarix.”

(Elgiz Mahmudov)

“Xəzəri qurudan əsrlər, Qız Qalasına toxunmamışdı.”

(Laçın Cavadov)

“- Qədeş, məhəllədən köçən kimdir?

- Qırçı Cabbar.”

(Mehman Mehmanzadə)

“Külək qocanın izinə düşüb, labirintdən keçəcəkdi.”

(Vahid Əsgərov)

“İçərişəhər. Gecəyarı. Ədibin evinin pəncərəsi işıqlıdır.”

(Xatirə Kərimova)

“Nənəmdənqalma yadigar, qurama döşəkçə İçərişəhər ətirli idi.” (Rəşad Şükürov)

“Qız Qalası tənhadır, çünki Elman dayı yoxdur.”

Ədibə Paşayeva vəTəhsin Mütəllimov qaliblərə mükafatları təqdim edib.

“Ədibin Evi” tərəfindən elan edilən digər müsabiqə - Mir Cəlal adına III hekayə müsabiqəsi hələ də davam edir. Həcmi 1500 (min beş yüz) sözdən çox olmamaq şərti ilə Azərbaycan dilində yazılan hekayələr elektron şəkildə [email protected] ünvanına 2023-cü il 1 fevral tarixinədək göndərilməlidir. Hekayələrin mövzusu ilə bağlı məhdudiyyət yoxdur. Müsabiqəyə qədər çap olunmuş hekayələr qəbul edilmir.

Birinci yerin qalibinə 3000, ikinci yerin qalibinə (iki mükafat) 2000, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul mükafatı təqdim ediləcək.

Qeyd edək ki, "Ədibin Evi" Mir Cəlalın 1929-1940-cı illərdə Bakıda yaşadığı ilk ünvanıdır. O, burada onu məşhur edən "Bir gəncin manifesti", "Dirilən adam" romanlarını, bir çox satirik hekayələrini qələmə alıb.

0.018674850463867