Dilimiz, kimliyimiz və “rus aləmi”…
Qəzənfər Həmidoğlu:
Dil o dildə danışan sonuncu adam qalanacan ölməz. Amma milli kimliyi ifadə etdiyi üçün dilin siyasi-ictimai-elmi-mədəni mövqelərini itirməsi milli identikləşməyə ekzistensial problemlər yarada bilir. Məsələn, Qazaxıstanda olduğu kimi...
Maraqlıdır, Azərbaycan türkcəsinə Türkiyə türkcəsinin təsirindən daha çox anasına “mama” deyənlər və uşaqlarını rus məktəblərində oxutduranlar şikayətlənirlər. Düzdür, eyni dil olduğu üçün Türkiyə türkcəsi Azərbaycan türkcəsinə içdən struktur təhlükəsi yaradır. Amma bu özünü nitqdə göstərir, bütünlükdə dilə keçmir. Nitq hər nə qədər dilin ifadə forması olsa da, həm də onun hər cür zir-zibilinin təmizləndiyi “bağırsağları” kimidir – həzm etmədiklərini ifraz edir, bununla belə, dilə toksik təsiri məişət səviyyəsində qalır. Nəticədə dil-nitq dixotomiyası bizdə bəzən “şizofrenik” təzahür edir. Məsələn, əksəriyyət nitqində “уже” deyir, amma qələmi əlinə alanda “daha” və ya ”artıq” yazır.
Əslində, belə “dil şizofreniyası” fars və ərəb dillərinin klassik ədəbiyyatımıza təsiri baxımından Azərbaycan dili üçün yad deyil. Amma nitq zamanla bu”tarixi-ədəbi dəb faktoru”nu - ərəb-fars tərkibli izafəti və ya ərəbcə-farsca-osmanlıca bəlağəti də “bağırsaq”larından keçirərək ədəbi dili təmizləyə bilib…
Yeri gəlmişkən, bayramertəsi bulvarda gəzişərkən köhnə tanışımla rastlaşdım. 20 ildir görüşmürdük, amma sanki üstündən illər ötməyibmiş kimi, yenə də siyasətdən, dildən, mədəniyyətdən, Rusiya və ruslardan danışmağa və mübahisə etməyə başladıq. Tanışım Ukraynanın tərəfindədir, amma özünü rus ədəbiyyatı-mədəniyyətinin yetişdirməsi sayır. Rusdilli olduğu üçün yarırus-yarıazərbaycanca anlaşmağa çalışdıq. Qardaş bütün Azərbaycan şairlərini tanıyır, amma onlardan bir misra belə bilmir, “dərsə gedən bir uşaq”dan belə xəbəri yoxdur. Və yaxud Rusiya dövlətini söyür, amma rusları məsum sayır…
Yanımızdan ötən yeniyetmə və gənclərin böyük bir qismi rusca danışırdılar. Maraqlıdır, 80-ci illərin sonu və 90-cı illərdə doğulan azərbaycanlıların böyük əksəriyyəti rusca danışmır və ya danışa bilmir, 2000-ci illərdə doğulanlarda isə vəziyyət tərsinədir. Burda qəribə ikiləşmə var: onlar azərbaycanlıdırlar, amma həm də deyillər, ən azı doğma dil, ana dili baxımından. Tanışım isə Puşkin aşiqidir…
***
Ruslar Puşkini “özlərinin hər şeyi” sayır, hətta ingilislərin “biz Şekspir xalqıyıq” pietitindən plagiat edərək “ruslar –Puşkin millətidir” deyirlər.
Puşkin gözəl şairdir, amma imperiya nəğməkarıdır. O, bir tərəfdən igid dağlılara, onların sadəliyinə, qonaqpərvərliyinə, döyüşkənliyinə heyrandır, digər tərəfdən çərkəzlərin soyqırıma məruz qalmasını təqdir edir, onları itaətə çağırır: ”Qafqaz, əy ağsaçlı başını təslim ol, Yermolov gəlir”. Puşkinin “Qafqaz əsiri” poemasında isə faktiki olaraq nanəciblik tərənnüm edilir. Əsərin qəhrəmanını – rus ordusunun dağlılara əsir düşmüş zabitini gənc çərkəz qızı xilas edir. Rus əsir zabit şərəfinə və dabanına tüpürüb auldan “rus süngülərinin bərq vurduğu” yerə qaçır, gənc qızı ölümə buraxır.
Bu, insana xəyanət və ya bunun təbliğidir, həmçinin indiki “rus aləmi”nin mahiyyətini anladır: Putin Rusiyası göydən zənbillə düşməyib, burda Puşkin və ya Dostoyevski, eləcə də Tolstoy Rusiyasının da payı var…
Rusiyanın xarici siyasət doktrinasına görə, bütün dünya üzrə rusca danışınlar küllən “rus dünyası”na daxildir və rus dilinin emissarlarıdırlar. Keçmiş müstəmləkərin dünya üzrə öz dilləri ətrafında formalaşdırdığı müxtəlif təşkilatlar var: frankofonlar (fransızca danışanlar), hispanidadlar (ispandillilər), luzofonlar (portuqalca danışan ölkələr), anqlofonlar - British Council təşkilatı və s. Bunların arasında Frankofoniya və “Rus dünyası” ən aqressividir. Rəsmi Paris öz təşkilatından geosiyasi təbliğat və dəstək kimi istifadə edirsə, Rusiya üçün rus dili bilvasitə ekspansiya, əsas “yumşaq güc” alətidir.
Yeri gəimişkən, məsələn, Anqolada Portuqaliya dilində Anqola tarixi, Argentinada isə ispanca Argentina ədəbiyyatı tədris edilir…
***
Putin Rusiyasını necə adlandıraq: faşist, neofaşist, nasist, neonasist, yoxsa sadəcə cinayətkar və ya quldur dövlət? Bəziləri “mafiya dövlət”, “genosid dövləti” və ya “terror dövləti” adlandırılması tərəfdarıdır. “United for Ukraine” təşkilatı son bəyannaməsində belə adı məsləhət görür: “Rusiya neonasist dövləti”.
Şübhəsiz ki, tarix indiki Rusiya dövlətinin dəqiq adını qoyacaq. Problem isə dövlətdən daha çox Rusiya və cəmiyyəti, Ukraynanın başına gətirilənlərdə fərdi və elliliklə məsuliyyətlə bağlıdıdr.
Almanlar küllən Nürnberq prosesindən keçdilər və Üçüncü Reyxə görə cəzalarını aldılar. Almanların öndə gedən böyükləri özlərinə ağrılı suallar verib cavab tapmağa çalışdılar. 70 yaşlı qoca Tomas Mann 1945-ci ildə məşhur “Almaniya və almanlar”ında yazırdı: “İki Almaniya – xeyir və şər Almaniyaları yoxdur, tək bir Almaniya var. O Almaniya ki, şeytani hiylələrin təsiri altında ən yaxşı cəhətləri şərin özünüifadəsinə çevrildi. Şər Almaniyası - əslində yanlış yola düşən, bəlaya düçar olan, cinayətlərə bulaşan və indi fəlakətin astanasında duran xeyir Almaniyasıdır…”
Bundan başqa, almanlar individual və ümumi məsuliyyətlərini anlamağa çalışdılar. Totalitarizm nəzəriyyəsinin banisi, alman-amerikan filosofu Hanna Arendt hesab edirdi ki, hamı günahkardırsa, demək, kimsə günahkar deyil, odur ki, almanların kollektiv məsuliyyətindən söhbət gedə bilməz. Amma böyük filosof, ekzistensalizmin atalarından biri olan Karl Yaspersə görə, kollektiv məsuliyyət – həm də individual məsələdir. Kimsə Yaspersi alman olduğuna görə günahlandıra bilməz. Amma Yaspers həm də ona görə böyük idi ki, onun vətəndaş ləyaqəti vardı və deyirdi: “Mən günahkaram, çünki mən almanam”.
İndi Rusiya liberalları “pis” və “yaxşı” ruslardan danışırlar. Təbii ki, kimsə rusları rus olduqlarına görə günahlandırmır. Amma Rusiyada Mann və ya Yaspers kimisi varmı ki, ölkəsinin şərəfini xilas etsin, çıxsın desin ki, rus kimliyinə görə özünü günahkar sayır? Əksinə yalnız ittiham edir və ya qondarma bəraətlər axtarırlar. Rusiya cəmiyyəti etirafı sevmir və anlamır, günahkarı kənarda axtarır.
Kollektiv məsuliyyət məhz fərdi dərk edilməli və hər kəs öz günahını boynuna götürməlidir. Mən “siyasətlə məşğul olmuram” deyib yaxanı kənara çəkməklə deyil. Aristotel situasiyaya hələ 2300 il əvvəl “Siyasət” əsərində diaqnoz qoyub: insan “siyasi heyvandır”, cəmiyyətdən kənarda ola bilməz – yəni, siyasi həyatla yaşamayan, siyasi quruluşa görə məsuliyyətini hiss etməyən insan “insan deyil: ya Tanrıdır, ya da heyvan”.
Paralel.az