Doğmadan doğma Akademiya!
“ Ey Füzuli, eyb qılma, üz çevirsəm əhli - aləmdən ,
Nədən kim hər kimə üz tutdum , ondan yüz bəla gördüm”
Torpaqlarımıza düşmən saldırısı başlanan ilk gündən AMEA-nın neft kimyası üzrə aspiranturasında təhsilimi, elmi işimi atıb, iki körpə uşaqlı ailəmi Allahın ümidinə qoyub, Qarabağ uğrunda savaşa getməyim, bu yolda əlil olmağımdan 32 il keçdi. Öncə Milli Ordunun – 1-ci Şıx batalyonundan başlanan savaş yolu 1992-ci ilin sonu, 1993-ün əvvəlində DİN Daxili Qoşunlarının sıralarında sürdü. Kaş sürməyəydi . İndiyədək bu hərbi – güc qurumu mənimlə düşmən kimi davranır. Mənə nə işdənçıxarma pulu, nə geyim - əşya kompensasiyası, nə məzuniyyət, ezamiyyət pulu, nə sığorta ödənişi, nə sanatoriya yollayışı və əvəzində kompensasiya verilib, nə rütbəm artıb, nə vəzifəm düzgün qeyd edilib, nə xidmət ilim düzgün hesablanıb, nə mənzil təminatı və digər güzəştlər tətbiq edilib.
Prezidentə özbaşınalıqdan şikayət etdiyimə görə məndən – 1-ci dərəcəli DİN-in Qarabağ əlilindən “Daxili Qoşunlar Baş İdarəsinin şərəf və ləyaqətini alçaltdığıma” görə 30 milyon tələb edilib! (?) Özbaşınalığı göz önünə gətirirsiniz? Bəyəm Prezidentə müraciət etməklə idarənin olmayan şərəf və ləyaqəti alçalır? Prezidentə, baş prokurora, məhkəməyə müraciət etməyimdən elə qərəzləniblər ki, DİN Maliyyə Plan İdarəsi ilə birləşib, haqqımda şər-böhtana keçdilər. Öncə ilk gündən Qarabağ savaşına qatılan şəxsin xidmətdə olmadığı aşağılayıcı tonda vurğulandığından məhkəmə qaydasında 2009 -cu ilin 24 aprelində xidmətdə olmağım faktı təsdiqləndi. DİN DQ (Daxili Qoşunlar) ilə DİN MPİ-nin (Maliyyə Plan İdarəsi) ofislərinin arası 300-500 metr ola, ya olmaya, DQ-dən göndərilən hesablama vərəqəsi bu yola nə qədər “ vaxt sərf edib” , bilirsiniz?
Düz 5 il! Qərəzi, kini, nifrəti göz önünə gətirmək, fikrimcə, çətin olmaz. Bu yol DİN MPİ hesablama vərəqini icra edib, xidmət illərinə əlavəni hesablamaqdan imtina etdi ki, 40 ilin zabitinin Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmağı barədə DİN DQ-də məlumat yoxdur. 2014-cü ilin iyulunda nazirin qəbulunda olmağım da , nazirin göstərişlərinə baxmayaraq, sonuc vermədi. Yalnız qəbuldan 2 il sonra (?) ən az xidmət ilinə uyğun 10 faiz əlavə əvəzinə, 5 faizlik əlavənin, özü də 1993-cü ildən yox, 2007-ci ildən hesablanması DSMF-ə tapşırıldı. İndi də Konstitusiya Məhkəməsinin (KM) 27.03.2014 tarixli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Qərarına uyğun olaraq , “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə pensiya təyin olunmuş şəxs kimi xidmətin güzəştli hissəsi tətbiq edilmir.
DSMF bunu DİN-in etməli olduğunu bildirir, DİN MPİ isə KM -in qəti, təfsir olunabilməz qərarını saymır.
DİN ilə ƏƏSMN arasında ötür – ötür ayrı-seçkiliyində futbol topu rolunu oynamağım hələ də sürür. Bu ildən Qarabağ əlillərinə birdəfəlik sığorta ödənişinin verilməsi başladı. 30 ilin Qarabağ əlilinin, Prezident təqaüdçüsünün, Ağdərədə ağır travmadan vertolyotla Bakıya - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına, bir aydan sonra oradan DİN hospitalına gətirilən qanlı qazinin adı “qanpulu” alanların siyahısında olmadığından son 3 ayda hər 5-10 gündən bir hər iki dövlət orqanına 26.05.1993 tarixli, 531 saylı DİN Tibb İdarəsinin Hərbi Həkim Komissiyasının verdiyi “Xəstəlik haqqında şəhadətnamə”nin fotosurətini elektron qaydada təqdim etsəm də, cavab ala bilmədim.
Axırı, 102-yə zəngimdən sonra 09.12.2022-ci ildə - 3 aydan sonra - şəhadətnamənin ƏƏSMN -in alt sisteminə daxil edildiyi təmin edildi. Amma DSMF-dən bu günlərdə zəng edib, “qanpulu”nun verilməsinə gələn il baxılacağını dedilər. Anlaya bilmirəm, ƏƏSMN -in hesabına sığorta vəsaitləri keçirilibsə, ( yalnız) mənim ödənişimin gələn ilə saxlanılması nə ilə bağlıdır? Hələ Respublikadan kənarda müalicəyə getməyə yol xərcinin ödənməsindən imtinanı demirəm.
Hələ, hələ. ..
Nə yaxşı doğma Akademiya (Azərbaycan Milli Elmlər Akademiyası) var(mış) ! Azad Həmkarlar İttifaqının sədri, professor, döyüş dostumuz Habil Qurbanovun , Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun dəstəyi ilə stressdən qurtuldum. Doğrudan da, adamın özününkü, öz doğmaları!
DOĞMADAN DOĞMA AKADEMİYA(M)!
Məğrur Bədəlsoy
“Paralel.az”