Siracəddin Hacı:
“Fatihə” sözü ərəbcədir, “f-t-h” kökündəndir. Qurani-Kərimdə bu kökdən törəyən sözlərin sayı otuz səkkizdir. Təfsir alimləri bu kəlmələrə bağlamına görə (yerinə görə) “hökm”, “məhkəmə”, “qərar”, “yardım etmək”, “əzab göndərmək”, “açmaq”, “zəfər”, “bilgiləndirmək”, “öyrətmək”, “açıqlamaq” anlamlarını yükləmişlər. Qurani-Kərimin üç ayəsində “məfatih” sözü var (6/59; 24/61; 28/76), “miftah” sözünün cəmidir, “açarlar” anlamını daşıyır.
Böyük dilçi alim Rağib əl-İsfahani “fəth” sözünə bu anlamları vermişdir: “gizlilik və qeyri-müəyyənliyi yox etmək”. Bu da iki yerə ayrılır:
- gözlə görülən varlıqdakı gizliliyi, qeyri-müəyyənliyi yox etmək, məsələn, qapını, pəncərəni, qıfılı, bir əşyanın üstünü açmaq: “Yüklərini açınca qarşılıq olaraq götürdükləri mallarının onlara verildiyini gördülər” (12/65), “Onlara göydən bir qapı açsaq da, oradan yuxarı çıxsalar” (15/14).
- bəsirətlə (qəlb gözü, ağılla) görülən gizliliyi, qeyri-müəyyənliyi yox etmək, məsələn, sıxıntını, üzüntünü, mənəvi darlığı aradan qaldırmaq: “Onlar özlərinə xatırladılan şeyləri unudanda Biz də onlara hər şeyin qapılarını açdıq” (6/44). “Əgər o ölkələrin xalqları iman edib, pisliklərdən çəkinsələrdi, göyün və yerin bərəkət qapılarını üzərilərinə açardıq” (7/96).
Alimə görə, qapalı elmləri açmaq da fəthdir, məsələn, bir alim bir qapalı elmin qapısını açar, problem olan bir məsələni həll edər. Allah buyurur: “Biz sənə apaçıq fəth verdik” (48/1).
Bir sıra alimlərə görə, Allah bu ayə ilə Məkkənin fəthini müjdələmişdir. Başqa bir qrup alim isə deyir ki, burada fəthdən məqsəd Allah Rəsuluna açılan elmlər, savaba vəsilə olan yollar, günahların bağışlanmasına səbəb olan məqamlardır.
Rağib əl-İsfahani deyir ki, fatihə bir şeyin (məsələn, kitabın) sonrasını açan başlanğıcdır (girişdir): “Allahın insanlara açdığı bir rəhmətə heç kimsə mane ola bilməz” (35/2).
Qurani-Kərimin bu ayələrində “fəth” sözü “hökm”, “qərar günü”, “hökm vermək” anlamlarını daşıyır: “De ki, fəth günü o kafirlərə imanları fayda verməz, onlara möhlət də verilməz” (32/29). “Əgər siz fəth istəyirsinizsə, sizə fəth gəldi” (8/9).
“Fatihə” sözü ilə eyni kökdən olan “miftah” (cəmi “məfatih”) kəlməsi “açarlar” anlamında bu ayələrdə işlədilmişdir: “Qeybin açarları Onun yanındadır” (6/59). “O, qeybi biləndir. Qeybi (görünməz bilgi xəzinəsini) kimsəyə açıq tutmaz, seçdiyi bir elçidən başqa” (72/26-27).
“Fatihə” sözünün əsli “fatih”dir, sifətdir, bu kəlməni ismə çevirmək üçün sonuna “ta” artırılmışdır.
Fatihə Qurani-Kərim adlı söz, dəyər, hikmət xəzinəsinə gedən yolun ana qapısı, girişi, ilk addımıdır.
Şərhləri bir araya toplasaq, deyə bilərik ki, “fatihə” sözünün anlamı “ilk”, “əvvəl”, “başlanğıc”, “bir kitabı, bir şeyi açan şey”, “ön söz”, “sözün başı”, “ilk açılacaq yer”, “açan”, “açılış”, “girilmək istənilən yerin qarşısında olan maneələri aradan qaldırmaq, hədəfə uyğun olaraq o yerə girmək”, “özünü açan”, “başqa bir şey açan”dır.
“Fatihə” sözünün ziddi “xatimə”dir, “son söz”dür. Əbussuud Əfəndi deyir ki: “... Bir şeyin əvvəlinə “fatihə” deyilməsi onların (ondan sonra gələn bölmələrin) tamamının açılmasına (fəthinə) vasitə olmasındandır. Tədricən söylənən sözlər, oxunan cümlələr, sayılan yarpaqlar kimi... Bu şəkildə, yəni addım-addım, yavaş-yavaş, dərəcə-dərəcə, parça-parça gerçəkləşən bir şeyin əvvəlinə “fatihə” deyilir”.
Fatihə surəsi Qurani-Kərimin ön sözü, özəti, canıdır, bir anlamda Qurani-Kərimin bütün ayələri Fatihə surəsini təfsir edir.
CÜMƏMİZ MÜBARƏK OLSUN, ALLAH AĞLIMIZI, QƏLBİMİZİ, VİCDANIMIZI, İRADƏMİZİ XEYİRLƏRƏ AÇSIN, GÖZƏL İNSANLAR!
Paralel.az