ANA – evin doğma qucağı
Qalib ARİF:
“Qısa qeydlər” silsiləsindən
...Əslində dünyanın tarixi ağbirçək anaların, onların qəhrəman övladlarının tarixidir. Böyük söz adamları da bu fikirdədir. Cəfər Cabbarlı deyir səmalar mənim olsa, ya başımın üstündə cəllad dursa, əyilmərəm. Hüzurunda baş əyməli ən böyük varlıq anadır. Mikayıl Müşviq isə bəyan edir ki, mənim ən müqəddəs qibləgahım anadır, hər sözüm, hər şerim anamın laylasıdır...
Uşaqlığımızın ən çətin, artıq keçmişdə qalmış, yaddaşımızda iz salmış sualı “atanı çox istəyirsən, ya ananı?” sualıdır. İndiyə qədər cavab tapa bilmirik... Ata-ana sevgisinə fərq qoymaq çətindir, “mümkün deyil” qədər çətindir. Ata ailə adlı dövlətin düşünən beyni, vuran əlidirsə, ana döyünən ürəyi, sevən qəlbidir. Ata evin dirəyi, halal çörəyidirsə, ana yanan ocağı, doğma qucağıdır. Bizim and yerimiz ana südü, halallıq ünvanımız ata çörəyidir. Dinimiz ona görə müqəddəsdir ki, atamızın dinidir. Dilimiz ona görə müqəddəsdir ki, anamızın dilidir... Qədim Oğuz dastanında da deyilir ki, bu dünyada hər dərdin dərmanı ana südü ilə dağ çiçəyidir...
Artıq xeyli həyat sürmüşəm, çox yerlər gəzmişəm, çox şeylər görmüşəm. Əsrin yarısını keçən yaşıma, artıq aranlarına qar yağan başıma baxanda, özümdən asılı olmayaraq, qüssələnirəm. Şair təkin “bir ömürdür, yaşadıq” deyirəm. Axşam evə yorğun gələndə, ağbirçək anamı görəndə, inanın, bütün dərdlərimi unuduram. “Oğul niyə gec gəldin, iş səsə, ya sən işə güc gəldin?!” deyir, ağ əllərini ağ saçlarıma çəkir. Bir anlıq ikimiz də fikrə gedirik... Mən “anam vaxtsız qocaldı, bizim yolumuzda şam kimi yandı” düşünürəm. Anam bərkdən düşünür, “balam vaxtsız qocaldı, uaşağın başı ağardı” deyir. Bəli mən anamım gözündə hələ uşağam, amma altıncı onilliyi yola salmaq iddiasındayam. Evdə qabağıma ilk çay gətirən də, kresloda oturan yerdə yuxuya gedəndə, üstümə ilk ədyal çəkən də anam olur. Baxmayaraq ki, evdə anamın adını daşıyan, yaddaşımı yaşında yaşadan nəvəsi və nəvələri var... Bu zaman səksənib yuxudan ayılıram, ürəyimdə o bir olan Allaha dua edirəm... “Allah məni atasız qoydun, anasız qoyma” deyirəm...
Paralel.az