“Məhkəmə sədrləri bir rayonda 5 ildən artıq işləməməlidirlər”- Deputat
“BU HAKİMİN DİPLOMUNUN HƏQİQİLİYİ ŞÜBHƏ DOĞURUR...” – “Məhkəmə sədrləri bir rayonda 5 ildən artıq işləməməlidirlər”
“Hakimlərin çıxartdığı bütün hökm, qərar, qətnamə və qərardadlar Azərbaycan Respublikasının adından qəbul edilir. Bu böyük məsuliyyətdir. Məhkəmələrin işinə ən yaxşı qiyməti elə Məhkəmə Hüquq Şurası verir.
Bu ilin dekabr ayının 15-də Şuranın növbəti iclası olub. Şuranın iclasında qanunvericiliyin tələblərinin pozulmasına, vətəndaşların haqlı narazılığını doğuran nöqsanlara görə Apellyasiya Məhkəməsinin 3, birinci instansiya məhkəmələrinin isə 6 hakimi intizam məsuliyyətinə cəlb olunub, 2 hakim barədə intizam icraatı başlanılıb.
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Əhməd oğlu Ağayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Hakimlərin təyinatında təqdimatlar cənab Prezidentə doğru-düzgün verilməlidir. Son 10 ildə 10-larla hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib”.
“Paralel.az” xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib.
E.Əliyev qeyd edib ki, “Məhkəmələr və hakimlər haqqında qanuna” dəyişiklilər birinci oxunuşda müzakirəyə çıxarılır. “Hazırda qüvvədə olan müddəanın məzmunu ondan ibarətdir ki, yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilərlər. İndi qanunda dəyişikliyin əsas yönümü yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə təyinatla bağlı məhkəmə hakimlərinə qoyulmuş 5 illik tələbin 3 ilə endirilməsidir. Hesab edilir ki, hakim 3 ilin sonunda özünü doğruldursa artıq onun irəliləməsi üçün hər hansı maneə qoyulmasına zərurət yoxdur”.
Deputat çıxışının davamında deyib: “Ali Məhkəməyə təyinat alan iki hakim barədə danışmaq istəyirəm. Həqiqəti gizətmək mümkün deyil. Məhkəmə hüquq Şurasının 16 noyabr 2017-ci ildə keçirilən iclasının qərarı: İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq, korrupsiyaya şərait yaradan hallara, habelə icra intizamının və qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına yol verdiyinə görə, Sumqayıt Apellyasiya məhkəməsinin hakimləri Vidadi Cəfərov və Hüseyn Nəbiyevə töhmət elan edilmişdir.
Qərarda deyilir: “Hakim Vidadi Cəfərovun sədrliyi (məruzəsi) ilə baxılmış 15 cinayət işi üzrə, qanunla müəyyən edilmiş müddətdə tərtib olunmamış və imzalanmamış protokolların ümumi sayı 63 olmuşdur. Bu kimi hallar nəticəsində, məhkəmə iclasının protokolları ilə tanış olmaq hüququ olan şəxslərə protokolla tanış olmaq imkanı yaradılmamış və həmin şəxslərin protokola dair yazılı qeydlər vermək imkanları məhdudlaşmışdır. Bu insan hüququ və vətəndaşın müdafiə hüququnun ciddi pozuntusdur. Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozulmasıdır”.
Töhmətdən 1 il sonra Vidadi Cəfərov Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin olunub. Bu gün isə onun Ali Məhkəməyə hakim təyin olunmasına səs verəcəyik. 26 oktyabr 2021-ci ildə keçirilən Məhkəmə Hüquq Şurasının İclası: Məhkəmə–Hüquq Şurasının hakim üzvləri QƏRARA ALDI: “Bakı Apellyasiya Məhkəməsinin hakimləri Rəşad Abdulov və Qədim Babayev intizam məsuliyyətinə cəlb edilməklə onlara töhmət elan edilsin”.
Qüvvədə olan qanuna görə bu hakimlərin hər ikisi son 5 ildə özlərini doğrultmayıblar. Hakim töhmət alıbsa onun 5 illik fəaliyyəti necə müsbət qiymətləndirilə bilir? Hakim haqqında mənfi rəy varsa, onu yuxarı məhkəmə instansiyasına təyin etmək doğru deyil”.
E.Əliyev deyib ki, bütün sahələrdə - səhiyyədə, təhsildə, gömrükdə olduğu kimi hakimlərin də təhsil aldıqları ali məktəbin nüfuzu və diplomların həqiqliyi yoxlanılmalıdır. “Ali Məhkəmənin bir hakimi var, Abiddin Hüseynov. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib, sonra könlündən hüquqşünaslıq keçib. Bioqrafiyasında yazılır ki, 1999-cu ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu, 2003-cü ildə isə Rusiya Hüquq Akademiyasını bitirib. Oxuduğu müddətdə, 2000-2003-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquq şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb.
Belə çıxır ki, oxuduğu dövrdə əmək fəaliyyəti olub, yəni qiyabi təhsil alıb? Qiyabi təhsil 5 illikdir. Bu isə 4 il təhsil alıb. Bu müddət də şübhələr doğurur. Abiddin Hüseynovun diplomunun həqiqiliyi çox ciddi şübhələr yaradır və hesab edirəm ki, bu istiqamətdə xüsusi araşdırmaya ehtiyac vardır.
Belə hakimlərin, təhsili hansı dildə alıbsa, dil bilyi də yoxlanılmalıdır. Araşdırsanız, bu hakim barədə Məhkəmə Hüquq Şurasına nə qədər şikayət göndərilməsinin sayını bilərsiniz. Təkcə birini deyəcəm. Onun avtoqəzada adam ölümü ilə bağlı çıxardığı 25.12.2018-ci il tarixli qərarından zərərçəkmişlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 29.01.2019-cu il tarixdə kassasiya şikayəti veriliblər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin (məruzəçi hakim Xələfov İlqar Rəhim oğlu) 15.05.2019-cu il tarixli, 2(102)-3549/2019 saylı qərarı ilə Bakı Apellasiya Məhkəməsinin 25.12.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün Bakı Apellasiya Məhkəməsinə geri qaytarılmışdır. Bu, adam ölümü ilə bağlı olduğundan dilə gətirdim. Sübutu qəsdən aradan qaldırmağa yönəlik qərar verib.
Bu gün məhkəmələrin əsas problemi birinci instansiya məhkəməsi hakimlərinə 20 il məhkəmə sədri işləmək ixtiyarının verilməsidir. 20 ilə öz imperiyalarını qururlar. Belə olan halda gənclərin perspektivindən necə danışmaq olar? Hakimlərin uzun müddət bir yerdə qalmaları korrupsiya əlaqələri yaradır və sabitləşir.
Prokurorluq, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri və sahibkarlarla əlaqələr genişlənir. Düşünürəm ki, məhkəmə sədrləri bir rayonda 5 ildən artıq işləməməlidirlər”.
Mənbə: “AzPolitika.info”