ATA - dünyada dayaq nöqtəsi

ATA - dünyada dayaq nöqtəsi
 

Qalib ARİF:

"Qısa qeydlər" silsiləsindən
Bilənlər bilir, Arximed qədim dünyanın ən məşhur alimlərindən biridir. Məlum Arxımed qanununu kəşf edib və adını elm tarixinə qızıl hərflərlə həkk edib.
Həmiin Arximed deyib ki, siz mənə dayaq nöqtəsi verin, mən Yer kürəsini yerindən tərpədim. Sizi bilmirəm, amma mənə elə gəlir ki, Arximed "dayaq nöqtəsi" deyəndə, atasını nəzərdə tuturdu. Atadan böyük dayaq olarmı, atasız Yer kürəsini tərpətmək olarmı?!
Həmişə demişəm, indi də təkrar edirəm ki, ATA və ANA Allah tərəfindən insan övladına verilmiş təmənnasız xidmətçilərdir. Həyatını, varını-yoxunu "uf" demədən bizim yolumuzda xərcləyir, klassik "Məlikməmməd" nağılındakı kimi, "qa" deyəndə su, "qu" deyəndə çörək verir. Amma təəssüf ki, insan övladı təmənnasız xidməti qiymətləndirməyə qadir deyil...
Bəli, nə qədər atamız-anamız sağdır, yanımızdadır, elə bilirik ki, elə belə də olmalıdır. İtirəndən sonra qədrini bilirik, göz yaşımızı silirik, Arximed kimi "Siz mənə atamı qaytarın, mən Yer kürəsini yerindən tərpədim" deyirik. Amma nə atanı qaytaran var, nə də Yer kürəsini yerindən tərpədən. Milyon illərdir ki, Yer kürəsi yerində, min illərdir ki, atalar təmənnasız xidmətdədir.
Dostlar, deyirəm bəlkə təmənnasız xidməti qiymətləndirək, ata-ananın qədrini sağlığında bilək?! Dünyada dayaq nöqtəsi gəzməyə, Yer kürəsini yerindən tərpətməyə ehtiyac qalmasın...
Paralel.az

0.04330587387085