Təlxəklər məmləkəti
Qalib ARİF:
Pritça
Deyirlər, əsrlərin bir ili, illərin bir yaz fəsli Şərqin məşhur alimlərindən biri şagirdini də yanına alır, Qərb səfərinə çıxır. Gün dolanır ay olur, bizim yolçular da Şərqlə Qərbin qovşağında, adı tarixlərə, sərhədləri göylərə meydan oxuyan bir məmləkətə çatır. İlin yazında məmləkətin yazı da gözəl olur, çəməndə çiçəklər açır, bağda bülbüllər oxur. Şagird gözəllikdən bihuş olur, amma müəllim onun təkidlərinə baxmır, heç yerdə dayanmır, adlı alimlərlə görüşmək qəsdi ilə məmləkətin baş şəhərinə yollanır.
Abad və böyük şəhərə çatan kimi alim birbaşa bazara gedir. Bazardan şəhərə baxıb öyrənmək, yaxşı karvansara və alimlər məclisinin yerini soruşub bilmək istəyir. Zira, hər bir şəhərin bazarı onun kitabıdır, sadəcə olaraq, baxmaq və oxumaq lazımdır. Bazar yolunda yolçular diqqət edir, gözlərinə bəni-adəm dəymir. Bazarın bolluğu şagirdi valeh edir, adını eşitdiyi, üzünü görmədiyi meyvələrdən, yeməklərdən alır, dadına baxır. Bəli, şagird həyata, hətta bazara cavanlığın, vurğunluğun gözü ilə baxır...
Müəllim alimlər, şairlər məclisinin yerini soruşur, maraqlanır. Ona deyirlər ki, nə alim, nə şair, bura mollalar məmləkətidir. Allahın elmi olan yerdə alimin elmi, Allahın sözü olan yerdə şairin sözü kimə və nəyə gərəkdir?! Müəllim mübahisə etmir, mövvzunu dəyişir, şəhərdə bəni-adəmin gözə dəymədiyini, karvansaraya getmək istədiyini deyir. Deyirlər bu gün şəhərin mərkəzində şahənşah tədbiri keçirilir, karvansara da ora yaxın yerdədir. Yeri gəlmişkən, nağara-zurna səsi, bazara kimi gəlir... Müəllim “alimin, şairin qiymətinin olmadığı yer təhlükəlidir, çıxaq gedək” deyir, amma şagirdi təkid edir, baxmaq istəyir...
Alim şagirdini də yanına alır, nağara-zurna səsinə, toy-bayram həvəsinə yollanır. Bütün küçələrdən axıb gələn adam selləri meydanda birləşir, alim şagirdi ilə yavaş-yavaş irəli keçir. Nağara-zurna səsi güclənir, meydanda qurulan qara dar ağacı, şahənşahın qırmızı taxti-tacı həmən diqqəti cəlb edir. Ətrafda bir neçə yerdə nağaraçılar nağaranı dağıtmaq, zurnaçılar zurnanı partlatmaq niyyətini sərgiləyir. Ortada alabəzək təlxəklər var-gəl edir, baş təlxək şahənşahın, taxtı-tacın qabağında özünü həlak edir. Arada nağaranın səsi kəsiləndə əlini qulağının dibinə qoyur, gah zildən, gah bəmdən oxuyur, elə gözəl oxuyur...
Bu dəmdə şahənşah sağ əlini qaldırır, meydan sükuta qərq olur. Bütün nəzərlər, diqqətlər dar ağacına cəm olur. Alim şagirdi ilə yalnız indi görür ki, dar ağacının altında eni ilə uzunu bir olan bir peysər dayanıb. Rəngi bozarıb, əynindəki ağ kəfən kimi ağappaq ağarıb. Şagirdin rəngi qaçır, alim ətrafdakılara ağız açır, mərhumun kimliyi, günahı ilə maraqlanır. Deyirlər, bəs baş şəhərin valisidir, vergiləri qaldırıb, camaat soyub... Şagird deyir nə ədalətli qərardır... Ətrafdakəlardan biri cavab verir ki, bu məmləkətdə heç kimi adam soyduğuna görə asmırlar. Bu peysər də 10 ildir vergiləri qaldırır, camaatı soyur. Axır vaxtlar yığılan vergiləri xəzinəyə ödəməyib, şahənşahdan oğurlayıb. İndi üstü açılıb, ona görə asırlar...
Amma asa bilmirlər, bütün meydanın diqqəti dar ağacında, şahənşahın da sağ əli havada qalır. Valinin peysəri yoğun, başı balaca olduğundan ip sürüşür, dayanmır. Şahənşah libası kimi qızarır, əsəbi halda baş təlxəyə baxır. Təlxək deyir, şah sağ olsun, meydanda başı lap böyük, boğazı lap nazik olan birisini tapmaq, asmaq, valini isə azad etmək lazımdır. Şah razı qalır, sağ əlini aşağı salır, sol əlini qaldırır. Fərraşlar tez meydana axışır, gözəyarı 5-10 namizəd arayırlar. Sonra əlləri ilə ölçüb günahkarı - meydanda başı lap böyük, boğazı lap nazik olan adamı tapırlar. Taleyin qisməti ilə bu, bizim alimin şagirdi olur...
Alim cəld irəli keçir, şahənşaha təzim edir, özü və şagirdi haqqında qısa məlumat verir, tanınmış alim, qonaq olduqlarını, Şərqdən Qərbə səyahət etdiklərini deyir. Şahənşah alimi, onun fikirlərini heç fərziyyə kimi də qəbul etmir. Zira, o, özündən və öz nəslindən kənarda tanınmış adam tanımır... Təəccüblə baş təlxəyə baxır, hətta gözlərini qırpmır... Təlxək qımışır, deyir şah sağ olsun, şahənşahın olduğu bir məclisdə özünü, hətta şagirdini tərif etmək, “tanınmış” demək ən böyük cinayətdir. Hər ikisi asılmalıdır, günahsız vali isə buraxılmalıdır. Şahənşah razı qalır, cəld sağ əlini qaldırır...
Paralel.az