Qurani-Kərimin vəzifələri anlayışı deyir ki...
Siracəddin Hacı:
Allah buyurur ki, gücünü elmdən, həqiqətdən almayan sözün dəyəri yoxdur. Sözlə bağlı ilahi təlimatlar var: sözü yerində və doğru söylə, haqqı de, yalandan uzaq dur, etməyəcəyin işi söyləmə, gözəl üslub seç, mövzunu öyrən, dəlillə danış, doyurucu bilgi ver, yumşaq ol, qışqırma: “Ona sadəcə gözəl sözlər yüksələr, o sözləri ucaldan da gözəl (imana uyğun) əməllərdir” (Fatır, 35/10).
Allah Qurani-Kərimin hansı işləri gördüyünü bir-bir açıqlayır:
- O, yol göstərir, tək böyük olan Allahın yolunu, sirati-müstəqimi, hidayəti, insanı cənnətə aparan yolu tanıdır (İsra, 17/9);
- müjdə verir, imanı, saleh əməli olanlara ödül var deyir (Ənfal, 8/61);
- barışa yönəldir, Qurani-Kərimin yolu barışdır buyurur (Ənfal, 8/61; Bəqərə, 2/208);
- ixtilafları bitirir (Nəhl, 16/64);
- yol xəritəsi və rəhmətdir (Məryəm, 19/96);
- inanan və saleh əməlləri olanlar üçün tərifsiz bir sevgi var edəcək (Məryəm, 19/96);
- ilahi söz həyat verir (Ənfal, 8/24);
- qaranlıqlardan aydınlığa çıxarır (Maidə, 5/16);
- ilahi söz (vəhy) ağıla önəm verir (Yunus, 10/100);
- təzəkkürə (keçmişi xatırla, həqiqəti yada sal), təəkkula (ağlını işlət), tədəbbürə (gələcəyi düşün, tədbir hazırla), təfəkkürə (əlaqə qur, fikir ortaya qoy), təfəkkuha (fikri həyata keçir, yaşa, həyatına daşı) çağırır (Sad, 38/29);
- ilahi sözə sımsıx sarılın ki, yolunuzu azmayasınız (Zuxruf, 43/43);
- Allahın sözü şərəf, etibar qaynağıdır (Zuxruf, 43/44);
- ilahi sözə münasibətinizə görə hesaba çəkiləcəksiniz (Zuxruf, 43/44);
- Onun gətirdiyi həqiqətləri gizləmə (Bəqərə, 2/140, 159);
- ilahi söz onunla hökm edilsin deyə, nazil olunmuşdur (Nisa, 4/105);
- Onu (vəhyi) təbliğ etmək Allahın buyuruğudur (Ənam, 6/19);
- ilahi sözə tabe olun (Ənam, 6/155, Əraf, 7/13);
- o söz imanı artırır, qəlbi titrədir (Zumər, 39/23);
- doğrunu əyridən, xeyiri şərdən, haqqı batildən seçir (Ənfal, 8/29);
- ilahi sözü Allah açıqlamışdır (Hud, 11/1-2);
- qissələri anladır (Hud, 11/120);
- Allaha dəvətin yolunu öyrədir, dəvət ancaq Onadır (Yusuf, 12/108);
- kainat ayələrini düşünün buyurur (Ğaşiyə, 88/17-20);
- buyurur ki, üç kitab var: Qurani-Kərim, insan, kainat (Qaf, 50/6-7);
- ilahi mesaja (sözə) inanmayanlara, onu inkar edənlərə cənnətin qapıları bağlanacaq (Əraf, 7/40);
- imanı şahidliyə çevirir (Rəd, 13/43);
- Allahın kəlamı insana ağlını, iradəsini, duyğularını, gözünü, qulağını, işini, sərvətini, zamanını, sözünü, münasibətlərini idarə etməyi öyrədir. Məsələn, infaq etmək, zəkat, sədəqə vermək sərvəti, düşünmək ağılı, iman qəlbi, mərhəmət vicdanı, saleh əməllər davranışları, seçmək iradəni idarə etməkdir... Belə deyə bilərik: bütün ibadətlər, icazə və yasaqlar insana idarə etməyi öyrətmək üçün var. İdarə etməyin əsaslarından biri budur: insan hər şeyin Allahın əmanəti olduğunu unutmamalıdır;
ALLAH buyurur: “Heç bir şübhə yoxdur ki, bu Quran ən doğru yola yönəldir” (17/9)
CÜMƏMİZ MÜBARƏK OLSUN, ALLAH BİZİ QURANİ-KƏRİMİ OXUYANLARDAN, ÖYRƏNƏNLƏRDƏN, ÖYRƏDƏNLƏRDƏN, ONUN DƏYƏRLƏRİNƏ UYĞUN YAŞAYANLARDAN ETSİN, GÖZƏL İNSANLAR!
Paralel.az