Zelenskidən Putinə işgəncə...

Zelenskidən Putinə işgəncə...
 

Qəzənfər Həmidoğlu

Rusiya bataqlıqdan çıxar, amma bataqlıq Rusiyanın içindən çətin ki, çıxsın

Zelenski 2021-ci ildə son rəsmi səfərini sentyabrın 22-də Nyu-Yorka etmiş və BMT Baş Məclisində çıxış etmişdi. Müharibə zamanı Ukrayna lideri ölkəsindən çıxmadı, düşmən Kiyevə yaxınlaşanda Vətəni tərk etməyi ağlının ucundan belə keçirmədi.
Nəhayət, Ukrayna prezidenti təxminən son 450 gündə ölkəsindən ilk dəfə çıxdı, özü də bu dəfə səfərinə arxayın və əmin getdi. Yenə Amerikadaydı. O vaxt Nyu-Yorkda həmkarları ona çarəsiz, başı bəlada olan dövlət başçısı kimi baxırdılar. Bu dəfə isə hər şey bambaşqa idi – Ukrayna, lideri dəyişmiş və dünyanı da dəyişdirmişdi...
Vaşinqtonda Zelenskini şahənə qarşıladılar. Məsələ bər-bəzəkdə, təmtəraqda deyil, Bayden şəxsən Ukrayna qəhrəmanının pişvazına çıxdı, Konqres ayaq üstə qarşıladı və alqışladı. Qonağa edilən hədiyyə də möhtəşəm idi – Zelenski arzusunda olduğu “Petriot”u aldı. Şübhəsiz ki, Zelenskiyə göstərilən bu sayğı və izzəti-ikram amerikanların Ukrayna xalqının fədəkarlığına və qəhrəmanlığına ehtiramının ifadəsi idi.

Zelenskinin okeanın o tayına gedişi Uinston Çörçilin 81 il əvvəl ABŞ-a etdiyi səfərlə eyni günlərə təsdüf etdi. Böyük Britaniyanın əfsanəvi baş naziri 1941-ci il dekabrın 22-də Vaşinqtonda ABŞ lideri Ruzveltlə görüşmüş, Hitlerin sonunu gətirən antihitler koalisiyasının əsas sənədinin – “Atlantika xartiyası”nın mətnini işləmişdilər. Həmin görüşdə Çörçill Ruzvelti inandıra bilmiş və ABŞ müharibəyə qoşulmaq qərarı vermişdi.
Maraqlıdır, üstündən 80 il keçdikdən sonra – ötən ilin yayında Bayden və Biritaniya hökumətinin o zamanki başçısı Boris Conson yeni Atlantika xartiyası imzaladılar. II Dünya müharibəsində müttəfiqlərin qələbəsindən sonra dünya nizamını müəyyənləşdirən birinci xartiyaya keçmiş SSRİ də imza atmışdı, ikincisində isə hədəf Rusiya oldu...

İki tarixi səfər arasında paralellər yetərincədir və bir hədəf var: dünyanı monstrdan, eybəcər məxluqdan xilas etmək. Hitlerin Londonu bombardman etdiyi o günlərdə Çörçil məşhur hərbi nitqində dünyanı inandırmağa çalışırdı: “Biz təslim olmayacağıq, biz uduzmayacağıq və biz sonadək gedəcəyik”.
Zelenski Konqresdəki çıxışında Ukraynanın ukraynalıların qəhrəmanlığı və amerikanların dəstəyi ilə ayaqda qaldığını, gələn il savaşda “dönüş anı” olacağını vəd edərək situasiyanı belə konstatasiya etdi: “Ukrayna yaşayır və vuruşur...Rusiya tiraniyası bizim üzərimizdə nəzarəti itirib...”

Son iki gündə Putin Rusiyası gerçəkdən qəhr oldu. 10 ay əvvəl Kiyevdə gül-çiçəklə qarşılanacağını xəyal edən Kremlin sahibi üçün Zelenskinin Vaşinqtonda peyda olması tam bir işgəncədir. Ukraynada NATO avtomatı belə görmək istəmirdi, indi Rusiya sərhədlərinə “Petriot” zenit-raket kompleksləri gəlir. Kreml propaqandası üçün Zelenskini Ağ ev və Konqresdə görmək özəlliklə dözülməz, arxadan qəfil təpik kimi oldu. Özlərini alçaldılmış və təhqir edilmiş hiss edir, isteriya keçirirlər. Çarəsizlikdən Zelenskinin geyiminə, Kulebanın krasovkasına söz atır, Zalujnının Oval kabinetdəki oturuşuna lağ edirlər. Kindən-hikkədən çatlayırlar, Rusiya telekanalizasiyaları debil və mazoxist çərənləmələrdən üfunət iyi verir. Rəzil gündədirlər, amma dərk etmir və ya dərk etmək istəmirlər...

Rusiyanın içindəki küdurət və imperiya hikkəsi necə çıxarılacaq? Bunun üçün neçə nəslin dəyişməsi lazımdır? İndiki Rusiya cəmiyyətini bəlkə də bataqlığın içindən çıxarmaq olar, amma bataqlığı bu cəmiyyətin içindən çıxarmaq müşkül işdir...

"Paralel.az"

0.015475034713745