“Laçın qapısı” və ya dəhlizin ucundakı işıq
Qəzənfər Həmidoğlu:
Rejissor Akira Kurasavanın yazıçı Akutaqavanın “Takexironu kim öldürdü” (“Bambuk meşəliyində”) və “Rasomon qapısı” əsərləri əsasında çəkdiyi məşhur “Rasomon” filmi var. Film bir hadisəyə müxtəlif personajların fərqli baxışlarından bəhs edir. Bir qətl hadisəsini dörd şahid fərqli motivlərlə bir-birinə zidd şəkildə təsvir və təqdim edirlər.
Hadisələrin subyektiv qavrayışı və interpretasiyası prinsipi, şahidlərin, iştirakçıların və ya cəlb olunanların situasiyanı məqsədli, qərəzli və əsassız təsvir etməsi və yaxud yozması həmin filmdən sonra Rasomon effekti adlanır. Rasomon və ya raşomon yaponca “şəhər qapısı” deməkdir. Qapı arxasında nə qədər subyektiv iddialar, sirr gizlətsə də, açıldıqda yalnız nə varsa onunla, yəni, obyektiv gerçəklə rastlaşırsan. Həqiqətin bir üzü olur, “Rasomon”da da bir gerçək var – samurayın bambuk meşəsində qətli...
Bizim “Laçın qapısı”nın arxasında da bir gerçək var – Azərbaycanın ərazi bütövlüyü və müstəqil dövlətin bütün ərazilərində suverenliyini bərpa etmək cəhdi. Digər iştirakçılar, şahidlər və cəlb olunanlar öz interpretasiyaları ilə, geosiyasi fırıldaq, dələduzluq və təxribatlarla suveren haqlarımıza qəsdə cəhd edirlər.
Son 30 ildə, dövlət müstəqilliyini bərpa edəndən Azərbaycanın bir başlıca hədəfi var –bütün ərazilərində suverenliyini bərqərar etmək. İkinci Qarabağ savaşı ilə Azərbaycan böyük miqyasda buna nail oldu. Amma köhnə paradiqma kökündən qazılıb bir kənara atılmadı. 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatından sonra həmin paradiqma - ərazi bütövlüyümüzə fərqli yanaşma və interpretasiyalar yeni situasiyaya uyğun davam etdirilir.
Üçtərəfəfli anlaşmadan sonrakı postsavaş dövrünə həmin bəyanatı imzalayanlar və tərəf tutanlar öz “Rasomon qapısı”ndan baxırlar. Azərbaycan prosesə gec-tez ərazi bütövlüyünün tam bərpasına aparacaq bir dönəm kimi baxır, amma iki ildir umduğu sülh sazişinə nail ola bilmir.
Rusiya Ukrayna savaşına kimi 10 noyabr bəyanatını Cənubi Qafqazda iştirakını gücləndirəcək, gələcəkdə daha ambisayalı planlar qura biləcək sənəd kimi görürdü. Ukraynadan aldığı zərbələrdən sonra Kremlin planı baş-ayaq oldu – Ukraynada işğalçı, Qarabağda “sülhməramlı” olan Rusiyaya sonrakı taleyi qaranlıq olduğu üçün hələlik inersiya ilə situativ hərəkət edir.
Paşinyan vaxtaşırı sülh sazişi və “ərazi bütövlüyünün tanınması” ilə bağlı pozitiv siqnallar versə də, müharibədən sonra “yeni situasiyada Qarabağ siyasətini davam etdirmək niyyəti”ni gizlətməmişdi. Hazırda İrəvan Qarabağ ermənilərinin taleyinin həlli məsələsində Bakı və Moskva səviyyəsində subyekt kimi görünməsə də, hər halda separatçı rejim Ermənistan büdcəsindən maliyyələşir.
Dünya gücləri, eləcə də Rusiya beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirirlər. Amma gündəmə Ermənistanın istəyinə uyğun olaraq “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təminatı” məsələsini gətirirlər ki, bu da dolayısı ilə Azərbaycana qarşı ərazi iddiası deməkdir. Yəni, etnik ermənilərlə bağlı “tezis”lərində həm Qərb, həm də Rusiya kökündən səmimi deyillər, nə qədər suverenliyimizə hörmət etdiklərini dillərinə gətirsələr belə. Necə deyərlər, kor kor, gör gör, Moskvanın oyuna Vardanyan fiqurunu soxması, Qərbin buna loyal yanaşması ondan xəbər verir ki, fərqli konfrontasiya yaratmaq, Qarabağ ermənilərini Azərbaycana qarşı “tərəf” etmək istəyirlər.
Problem etnik ermənilərin tərəf olub-olmamaq istəməsində deyil, maraqlı qüvvələrin və erməni lobbistlərinin onları “tərəf oynu”na qoşmaq istəməsində və niyyətlərindədir. Qarabağın erməni sakinlərinin təhlükəsizliyi tezisini “arqumentləşdirmək” üçün istənilən təxribata, ekssesə əl atıla bilər. Bundan sonra diplomatik hay-küy başlayacaq, hər yerdən üstümüzə cumacaqlar ki, guya etnik ermənilər “soyqırım”a məruz qalır, bu, artıq Azərbaycanın həll edəcəyi məsələ deyil, “qlobal problemdir” və s. və i.a.
Azərbaycanlı ekoaktivistlərin və ictimai fəalların Xankəndi-Laçın yolundakı aksiyasının dünya mətbuatında Qarabağ ermənilərini “blokadaya almaq”, “humanitar fəlakət” yaratmaq kimi qiymətləndirilməsini, Xankəndidəki “çörək növbəsi”ndən reportajları, xarici ölkələrin Azərbaycanı “yolu açmağa” çağırmasını, Papa Fransiskin məyus olmasını, İran mediasında “Qarabağ - İranın təhlükəsizlik məsələsidir” kimi sarsaq fikirlərin səslənməsini bədniyyət ssenarinin repitisiyası kimi də dəyərləndirmək olar.
Təbii ki, ermənilərin özlərini məzlum kimi təqdim etməsi, Rusiyanın Azərbaycanın “qəddar” imici üçün dəridən-qabıqdan çıxması fonunda beynəlxalq miqyasda Azərbaycanı qınanılması xoşa gələn deyil. Amma ağzımızla quş da tutsaq, maraqlarına mütənasib olmasa, Azərbayana münasibətdəki stereotipi sındıra bilməyəcəyik. Hər halda ABŞ Konqresi “Azadlığa Dəstək” aktına 907-ci düzəlişi Elçibəyin dönəmində qəbul etmiş və səbəbini də “Dağlıq Qarabağa qarşı zor gücdən istifadə” ilə izah etmişdi…
Digər tərəfdən, bilirlər və çağdaş süni peyklər dünyasında bilməmələri mümkün deyil ki, bizim fəallar yolu bağlamayıblar, bu işlə Rusiya “sülhməramlı” kontingenti (RSK) məşğul olur. RSK hər vəchlə etnik ermənilərlə təmaslara imkan vermək istəmir. Həmçinin bəlli oldu ki, Azərbaycanın Xankəndiyə gedən “Qazprom” qazını kəsməsi mümkün deyil, ventil RSK-nın əlinin altındadır.
Dünyanın xoşuna gəldi-gəlmədi, Azərbaycan uzanan danışıqlar prosesində təşəbbüsü ələ almağa, konkret olaraq Laçın dəhlizində bu gedişi , ekoloji və ya başqa formada, etməyə məcbur idi, qızıl yatağı olmazdı, Sərsəng su anbarı və ya başqa bir səbəb tapılardı:
• Birincisi, fəalların Xankəndi-Laçın yolundakı aksiyası mümkün neqativ
ssenarilərə, təxribatlara qarşı preventiv gedişdir. Bu aksiya fonunda Azərbaycan Şuşa civarında Laçın yolunu hərtərəfli vizual-elektron kontrola götürüb. Digər tərəfdən situasiya Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin elit “Yarasa” Xüsusi Təyinatlı Dəstəsinin nəzarəti altındadır: həm aksiyaçıların keşiyi çəkilir, həm RSK müşahidə altındadır, həm də mümkün təxribatlara qarşı “biz burdayıq” mesajı verilir. Azərbaycan bir tərəfdən özünə qarşı mümkün təxribatlarla, digər tərəfdən etnik ermənilərin qurban edilə biləcəyi eksseslərlə bağlı önləyici addım atır.
• İkincisi və ən başlıcası, Zəfərin üçüncü ilində elə bir həqiqət anı yetişib ki,
ərazi bütövlüyümüzün bərpası istiqamətində Laçın dəhlizinə o NBM-i (nəzarət-buraxılış məntəqəsini) mütləq pərçim etməliyik. İndi beynəlxalq hüququ böyrü üstə qoyanlar Azərbaycanın ekoloqların aksiyası ilə guya beynəlxalq sənədi, yəni Üçtərəfli bəyanatı pozduğunu və ya təftiş etdiyini iddia edirlər. NBM isə yol kəsmək və ya bağlamaq deyil. Hamı bir ölkədən digərinə gömrük və sərhəd keçidləri ilə adlayır. Həmçinin burda üçtərəfli razılaşmanın Laçın dəhlizi ilə bağlı 6-cı bəndinə bir korrektə yoxdur: “… Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır… Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”. Burda RSK-nın dəhlizə və ya marşruta nəzarət və mühafizəsindən söhbət gedir. Deyilmir ki, NBM olar və ya olmaz. Digər tərəfdən, RSK-nın yola adam kimi nəzarət etməməsi, 10 noyabr razılaşmasının digər bəndlərinin şərtlərinin yerinə yetirilməməsi Azərbaycanın həmin sənədi bütünlükdə təftiş və korrektəsinə zəmin yaradır…
Vaxt gedir, Ukrayna-Rusiya savaşının sonu aydın deyil. Bunu təxmin etmək olar ki, Ukrayna qalib gələcək, Rusiya işğal etdiyi ərazilərdən çıxacaq. Amma Qərb Rusiyanı sonadək sındırmaq istəyəcəkmi? Biz sanırıq ki, müharibəni Putin Rusiyası başladıb, amma Rusiya cəmiyyəti və elitası başdan-ayağa Homo-Putineslərdən ibarətdir. Rusiyanı “tərbiyə” etməsələr, yeni Nürnberqdən keçirməslər, SSRİ dağıldıqdan sonra olanlar yenidən təkrarlanacaq, Moskva qonşuları üçün bəla olmaqda davam edəcək. Güman ki, Ukraynadan çıxdıqdan sonra zəifləmiş Rusiya Cənubi Qafqazdan da çəkiləcək. Amma Qərbin zəifləmiş, əzilmiş Rusiyadan hansı keyfiyyətdə faydalanacağını bilmirik. Qərb güclərinin Cənubi Qafqazda sahəyə enişi asan deyil, hazırda fransızlar RSK bazasında Qarabağda beynəlxalq sülhməramlı kontingentin yaradılması perspektivini dilə gətirirlər. Fransa-Rusiya sülhməramlı miksinə amerikanların reaksiyası bəlli deyil, amma bu, ermənilərin köhnə arzusudur…
Hərə öz ssenarisini yazıb Qarabağda “səhnələşdirmək” istəyir, bütün bu oyunların qarşısını almaq üçün Azərbaycan o Laçın qapısında o postu qoymağa məhkumdur ki, postsavaş tunelinin ucundakı işığı görə bilsin…
Paralel.az