Azərbaycan düşmənlərlə döyüşür...
Məmurlar isə ölkəni talamaqla məşğuldur
İndi Azərbaycan xalqı ölkənin iqtisadi inkişafını təmin etməklə bərabər, eyni zamanda düşmən dövlətlərlə gərgin mübarizə aparmaq zorundadır. Hazırda Cənubi Qafqaz regionu Ermənistanın işğalçılıq iddiası üzün-dən həddən-ziyadə gərginlik içərisindədir. Azərbaycan 44 günlük Vətən Müharibəsinin yekununda imzalanmış atəşkəs bəyanatında əks olunmuş, lakin Rusiya hərbçiləri və Ermənistan tərəfindən yerinə yetirilməyən öhdəlikləri icra etdirmək üçün mübarizə aparır.
Ölkəmiz Qarabağda Rusiya hərbçilərinin nəzarət etdiyi torpaqlarındakı təbii sərvətlərin Rusiyadan xüsusi tapşırıqlarla göndərilmiş erməni oğru Ruben Vardanyan və digər xarici ünsürlər tərəfindən talanmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Xalq ölkə prezidentinin bu istiqamətdə həyata keçirdiyi xarici və daxili siyasəti dəstəkləyir.
Təbii sərvətlərimizi oğurlayanların çirkin fəaliyyəti nəticəsində ərazidə yaranmış ekoloji fəlakətin qarşısını almaq məqsədilə ekofəallarımız 10 gündür aksiya keçirir, Xankəndinə silah gətirən, sərvətlərimizin xaricə daşıyan ağır maşın və texnikanın hərəkət etdiyi Şuşa-Xankəndi yolunda "ekoloji terrora son", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır" şüarları ilə aksiya keçirirlər.
Aksiyadan sui-istifadə edən ermənilər və onların xarici havadarları guya Xankəndində yaşayan ermənilərin blokada şəraitində ac-susuz, tibbi yardımdan məhrum, soyuq şəraitdə məhv olacağı barədə beynəlxalq aləmdə çığır-bağır salıblar. Lakin Azərbaycan hökuməti ermənilərin boş və əsassız hay-küyünün yalan olduğunu faktlarla beynəlxalq aləmə çatdırıb.
Azərbaycan qazının Xankəndinə yenidən verilməsini Azərbaycanın beynəlxalq təzyiqdən qorxması kimi qələmə verən saxta qrumun hökumət naziri, seperatist oğru Ruben Vandanyan Qarabağın erməni əhalisinə ürək-dirək vermək üçün son günlər Xocavənd və Ağdərə əhalisilə görüşlər keçirir.
Azərbaycan isə hazırda, eyni zamanda, Qarabağda dövlət suverenlyini bərpa etmək istiqamətində hərbi-siyasi yolla mübarizəni davam etdirir.
Məlumdur ki, ölkəmiz Ermənistanla sülh sazişi bağlamaq üçün 5 maddədən ibarət təklif versə də, Ermənistan tərəfi havadarlarının dəstəyinə arxayın olaraq, 2 ildir sülh sazişi imzalamaq təklifindən imtina edir. Havadarları inandırırlar ki, vaxt uzatmaqla xam xəyallarını gerçəkləşdirəcək-lər.
Ölkəmiz 10 noyabr 2020-ci ildə imzalanmış üçlü bəyanatda əks olunmuş müddəaların yerinə yetirilməsinə Ermənistan əməl etmədiyi üçün, xüsusən Naxçıvanla Azərbaycanın Qərb rayonlarını birləşdirən Zəngəzur dəhlizinin açılmasına razılaşmadığına görə, Ermənistanla Xankəndini birləşdirən yol üzərindəki Laçın dəhlizini bağlamaq hüququndan istifadə etsin. Laçın dəhlizi ya tam bağlanmalı, ya da dəhlizdə Azərbaycan öz gömrük-keçid məntəqəsini açmalıdır. Artıq başqa yol yoxdur, Laçın dəhlizi Zəngəzur dəhlizilə eyni mexanizmlə fəaliyyət göstərməlidir.
Ölkə prezidenti dəfələrlə bütün beynəlxalq tədbirlərdə qeyd edib ki, əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına razı olmasa, Azərbaycan ya Laçın dəhlizini bağlayacaq, ya da "dəmir yumruq" işə düşəcək və həmin dəhliz hərbi güc yolu ilə açılacaq.
Ölkə prezidentinin bu açıqlamasından qəzəblənən Ermənistanı himayə edən İran molla rejimi Azərbaycana qarşı əzələ nümayiş etdirdi, sərhəddimizə ağır texnika yeridərək, 130 min hərbçinin iştirakı ilə hərbi təlim keçirdi.
Haqlı olaraq, Azərbaycan İranın hərbi təlimindən çəkinmədi və əksinə, ona hərbi təlimlə cavab verdi. Üstəlik qardaş Türkiyə dövlətinin yetgililəri dövlətin bütün gücü ilə Azərbaycanın yanında olduğunu bəyan etdilər. Bundan sonra bütün dünya ilə düşmənçilik vəziyyətində olan İran molla rejimi ölkəsində başlayan xalq etirazları ilə üzləşdi. Düşdüyü ağır durumdan çıxmaq üçün bəzi dövlət yetgililəri Azərbaycanla dostluq və qardaşlıq bağlarından bəhs etməyə məcbur oldular. Lakin bu cür münasibət dəyişikliyinə baxmayaraq, "Azadlıq, ədalət, milli dövlət" şüarları ilə başlayan xalq hərakatı bütün İran şəhərlərini bürüyüb. Hazırda İran molla rejimi 500 nəfərdən çox insanı qətl və edam etməsinə baxmayaraq, xalq üsyanı davam edir. Hadisələrin gedişindən aydın hiss olunur ki, xalqın İran molla rejimini devirərək, İranda demokratik dövlət qurmaq ideyasının gerçəkləşə-cəyi gün çox uzaqda deyil.
Fransa, Rusiya, İran dövlətlərinin himayəsilə Azərbaycanla sülh sazişi imzalamaqdan qaçan Ermənistanın müharibəni davam etməyi üstün tutması, əslində Azərbaycanla Ermənistan arasındakı münaqişədən istifadə edib, Cənubi Qafqazda yeni müharibə ocağı alovlandırmaq istəyən super güclərin işinə yarayır. Ermənistan rəhbərliyi hələ də başa düşmür ki, onu himayə edən Rusiya və İranı vurmaq üçün ABŞ və İsrail hazır vəziyyətdə məqam gözləyirlər. Regionun dövlət rəhbərləri hər şeydən əvvəl, düşünməlidir ki, hazırda Ukraynada Rusiyaya qarşı vuruşan ABŞ Rusiyaya qarşı yeni müharibə cəbhəsi açmaq istəyir, İsrail isə düşməni İran rejimini məhv etmək üçün məqam gözləyir.
Bir sözlə, regionumuzdan Suriyanı darmadağın edən qanlı müharibənin qoxusu gəlir. Deyəsən, Ermənistanı silahlandıran Rusiya və İran regionda baş verə biləcək böyük müharibə qoxusunu duymurlar. Amma hər kəsdən əvvəl, bu qoxunu Ermənistan rəhbərləri duymalı və regionu böyük müharibə ocağına çevirmək təhkükəsindən qurtarmaq üçün Azərbaycanın təklif etdiyi 5 maddədən ibarət sülh sazişini imzalamalıdır.
Azərbaycanın daxili durumuna gəlincə isə, ölkədaxili durum olduqca gərgindir. Mətbuatın yazdığna görə, Dövlət Təhlükəsizlik Xidməti Naxçıvan xanı Vasif Talıbovun dağıdıcı komandasının uzun illərdir Naxçıvanda şıdırğı işlətdiyi rüşvət və korrupsiya dəzgahını işlədənlərin tutulması ilə məşğuldur. Vasif Talıbovun rüşvətxor və korrupsioner komandasının Naxçıvanda törətdiyi cinayət əməlləri ölkə mətbuatının səhifələrini zəbt etsə də, hələlik Vasif Talıbov barədə ortada rəsmi heç nə yoxdur. Kimi deyir, ərizə yazıb, istefa verib, kimi də deyir ki, vəzifəsini icra edir, şayələr baş alıb gedir.
Dünən yayılan məlumata görə, Vasif xan nəhayət ki Ali Məclisin iclasında taxt-tacdan imtina etdiyini bəyan edib.
Ölkə mediasında dərc olunan xəbərə görə, DTX tərəfindən həbs olunanlar arasında Naxçıvanda fəaliyyət göstərən rüşvət və korrupsiya dəstələrindən birinə AMEA-nın prezidenti İsa Həbibbəylinin oğlu, Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli başçılıq edib. Oğlunun cinayətkar əməlinə görə, üzüsulu ərizəsini yazıb, AMEA prezidentliyindən istefa vermək əvəzinə, hələ utanmadan tədbirlərdə camaat qarşısına çıxıb moizə söyləyir.
Cəmiyyətin diqqət kəsildiyi digər ciddi məsələ 2017-ci ilin may-iyun aylarında ölkənin hərb sisteminin rəhbərliyində çalışanların əlilə törədilmiş "Tərtər işi" adlanan cinayət işilə bağlı gedən istintaq işidir. Artıq qanunsuz həbs olunduğu sübut olmuş 19 nəfər hərbiçi azadlığa buraxılıb. Cinayət qurbanları barəsində görülən tədbirlər haqqında məlum olsa da, cinayəti törədən yüksək vəzifəli şəxslər arasında Hərbi Prokuror Xanlar Vəliyevin, Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun adları ictimaiyyət arasında çəkilsə də, onlar haqqında rəsmi heç bir qərar yoxdur.
Milli Məclisin deputatları Zahid Orucun və Qənirə Paşayevanın son çıxışlarına əsasən, ehtimal etmək olar ki, cinayətin törədilməsində iştirak etmiş yüksək vəzifəli şəxslər ölkə prezidentindən və xalqdan üzr istəməklə, cinayət məsuliyyətindən kənarda qalmaq niyyətindədirlər.
Ölkə ictimaiyyətinin bunu normal qəbul edəcəyinə inanmaq çox çətindir.
Lakin bəzi ekspertlər dünyada qəbuledilməz hesab edilən belə presedentin artıq Azərbaycanda baş verdiyini iddia edirlər.
Ekspertlər şərh verərkən, sabiq MTN şefi Eldar Mahmudovun, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun, sabiq Rabitə naziri Əli Abbasovun, sabiq Xarici İşlər naziri E. Məmmədyarovun, sabiq Mədəniyyət naziri Ə. Qarayevin və digər nazirlərin vəzifədən azad edildiklərini, lakin həbs olunmadıqlarını misal gətirirlər.
Gəlin, gözləyək, ölkədə baş verəcək hadisələrin sonrakı gedişi barədə tələsib, hadisələri qabaqlamağa cəhd etməyək...
Tapdıq Abbas