Siracəddin Hacı:
- Bu məsələyə iki baxış var: hakimiyyət ekoloqlarının addımını tarixi iş, uğur sayır, gecə-gündüz təbliğ edir, müxalifət isə bu addımın Azərbaycana zərər verdiyini, bunun qızıl davası olduğunu söyləyir. Mən bu radikal yanaşmaları doğru saymır, hakimiyyətin ekologiya addımını ciddi qüsurları olan xeyirli iş hesab edirəm. Səbəbləri sıralayım:
- Azərbaycan hakimiyyəti üçtərəfli sənədi imzaladıqdan sonra uzun müddət Qarabağ məsələsini unutdu, unutdurmağa çalışdı, Xankəndində baş verən hadisələrdən danışmadı, gizlədi, bircə dəfə də olsun Xankəndi sözündən istifadə etmədi, dedi ki, Qarabağ məsələsi həll olunub. Təbii ki, məsələ həll olunmamışdı, işğalçı rus ordusu Qarabağa yerləşmiş, Arsax adlı dövlət qurmuşdu, Qarabağı – Xankəndini bir rus generalı idarə edir, Azərbaycan hakimiyyəti ara-sıra etirazlar etsə də, Qarabağla bağlı dövlət siyasəti yox idi;
- Hakimiyyət bu iki ildə diqqəti başqa istiqamətə yönəltdi, Zəngəzuru zorla alacağıq, Göyçə gölündə balıq tutacağıq, İrəvan da bizimdir dedi. Bunlar Azərbaycana xeyir verməyən, xalqı uyutmağa yönəlmiş, gerçəkçi olmayan, zərərli addımlar idi, belə ki:
1) Rusiyanın Güney Qafqazdakı təsir imkanlarını artırırdı – Rusiya Azərbaycanla Ermənistan arasında gərginliyi artıran hər addımı dəstəkləyir;
2) Ermənistanda Rusiyaya bağlı qüvvələrin mövqeyini gücləndirirdi;
3) dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana qarşı yönəlməsinin yolunu açırdı;
4) Ermənistanın siyasi-diplomatik üstünlük qazanmasına imkan verirdi;
5) Brüssel danışıqlarının nəticələrini ortadan qaldırırdı;
6) Azərbaycanı müttəfiqlərdən məhrum edirdi;
7) Türkiyənin Ermənistanla əlaqə qurmaq imkanlarını azaldırdı;
8) İrana hərəkət məkanı açırdı;
- Ekologiya addımı ona görə önəmlidir ki, Azərbaycan hakimiyyəti savaş bitəndən sonra ilk dəfə ekoloji şüuarlarla, zəif də olsa, Qarabağa yönəldi, İrəvan bizimdir şüuarından imtina etdi, siyasi ölçünün-paradiqmanın dəyişdirilməsi yönündə addım atdı, sahiblik – Qarabağın sahibi Azərbaycandır anlayışını gündəmə gətirdi;
- Azərbaycan hakimiyyətinin siyasi ölçünün istiqamətini Zəngəzur-Göyçə-İrəvan xəttindən Xankəndinə doğru dəyişdirmə cəhdinin səbəbləri bunlardır:
1) Rusiya önəmli ölçüdə zəiflədi, zəifləyir;
2) Ermənistan Avropa Birliyinin hərbi nəzarət qruplarını sərhədə yerləşdirdi;
3) Azərbaycan əvvəlki siyasətinə görə beynəlxalq təzyiqləri hiss etdi;
4) Arsax – Xankəndi Ruben Vardanyanın gəlişi ilə Azərbaycana meydan oxudu, onu qonşu dövlət adlandırdı, savaşarıq dedi, Azərbaycanın addım atması zərurətə çevrildi;
- Azərbaycan hakimiyyətinin ekologiya addımı beş tərəfi narahat etdi:
1) Rusiya – o bu addımı ekologiya ilə bağlı məsələ kimi qəbul etmədi, qoyulmuş ölçünün – paradiqmanın dəyişdirilməsi cəhdi kimi qiymətləndirdi, Azərbaycanı hədələdi, raket atacağam dedi;
b) Ermənistan – o bu addımı Qarabağdakı vəziyyəti Azərbaycanın xeyrinə dəyişdirmək cəhdi kimi qəbul etdi, soyqırımı dedi, dünyaya da belə tanıtdı, dəyişimin Ermənistan hakimiyyəti üçün ciddi sıxıntılar yaradacağını gördü;
c) Qarabağ erməniləri tam güvəndə olmadıqlarını hiss etdilər, yeni güvənlik modelləri axtarmağa başladılar, bu modellər sırasında Azərbaycan da ola bilər – Azərbaycan hakimiyyəti Qarabağ erməniləri ilə bağlı siyasətini açıqlamalıdır;
d) İran – Azərbaycanın Qarabağda mövqelərini gücləndirmək cəhdindən narahat oldu, Ermənistanla açıq yaxınlaşma yolunu seçdi;
e) Avropa, ABŞ, bir sıra beynəlxalq təşkilatlar məsələni insan haqları çərçivəsində dəyərləndirdilər;
- Azərbaycan hakimiyyətinin ekologiya vurğusu siyasi addımların önünü açsa, hakimiyyət səmimi olsa, gerçək mücadilə istəsə, ölçü dəyişimi - Xankəndinə yönəliş ciddiləşsə, əlamətləri bunlar olacaq:
1) Rusiya ilə üz-üzə gələcək, Xankəndi uğrunda atılmış hər addım Rusiyaya qarşı atılmış addım kimi dəyərləndiriləcək;
2) Azərbaycan hakimiyyəti işğalçı rus ordusu Qarabağdan çıxmalıdır tələbini irəli sürəcək;
3) Laçın koridorunun Azərbaycanın nəzarətinə keçməsini istəyəcək;
4) Qarabağdakı erməni quldur dəstələrini tərksilah etmək üçün addımlar atacaq;
5) Qarabağ erməniləri ilə bağlı siyasətini açıqlayacaq;
6) Brüssel danışıqlarına yönələcək;
7) Müttəfiqlər axtarışına başlayacaq;
8) Türkiyə ilə hərbi yaxınlaşmanı önə çıxaracaq;
9) Milli birliyə önəm verəcək;
Paralel.az