Finalların finalı
Qəzənfər Həmidoğlu
Qətərdə keçirilən dünya çempionatının finalında dünya çempionu Fransa yığmasını penaltilər seriyasında məğlub edən Argentina millisi mundialın qalibi, üçqat dünya çempionu oldu. Bəlkə də bu final indiyədək olan mundial finallarının ən əcaibi və dramatikidir. 1970-ci ildən – Meksikadakı Braziliya-İtaliya finalından bəri dünya çempionatlarını qaçırmamışam, amma mən belə final görmədim.
Düzdür, indiyədək finallarda daha klass komandalar olub və Qətərdəki finalda qarşılaşanların oyunçu və oyun keyfiyyəti ətrafında müzakirə açmaq olar. Məsələn, Messisiz bu Argentina komandasından çempion çıxmazdı. Və yaxud dünəndən artıq keçmiş dünya çempionu olan, finaladək uçan-qaçan-vuran Fransa yığmasının meydanda kölgəsi sürünürdü. İgidi öldür, haqqını yemə - argentinalılara qarşı təkbaşına Kilian Mbappe dirəndi, sonadək vuruşdu, komandasını üç dəfə yenidən diriltdi. İki-üç komanda yoldaşını çıxsaq, qalanları yardımçı aktyor rolunda idilər.
Amma oyundakı yüksək dramatizm, bu futbol dramının kəskin süjeti, qəfil konfliktləri bənzərsiz idi. Çətin ki, belə bir final bir daha yaşansın. Argentinalılar qol vurub qaçır, fransızlar qovur və çatırdılar. Qollar havayı idi, bir o qapıda, bir bu qapıda. Bir matçda 2-3 qırılma anı olar, bu finalda qırılma anlarının sayı vardı, hesabı yox. Meydanda futbol məntiqi ilə izah edilə bilməyəcək cəfəng, əcaib işlər cərəyan edirdi. Sanki absurd teatrına tamaşa edirdik. Bütün Argentina dünyanın o başında öldü və dirildi. Fransa, eləcə tərəf tutanlar da bir öldülər, bir dirildilər.
120-ci dəqiqədə, sonuncu saniyədə Argentina millisinin qapıçısı Emiliano Martines futbol tarixinin ən böyük qurtarışını etdi. Təbii ki, daha gözəl və fantastik qapıçı qurtarışlarını görmüşük. Martinesin qurtarışını müəzzəm və daha önəmli edən onun komandasını son saniyədə xilas etməsi idi. Müdhiş an idi. Bacarmasaydı, hakim qoldan sonra fitini çalacaq, Fransa üçqat dünya çempionu olacaq, Messi isə hekayəsini Kuboksuz əfsanə kimi bitirəcəkdi...
Amma Messi bu Kuboku haqq etdi. Və Maradonanın taxtına şərik oldu - o da elə bir özəlliyi olmayan komandasını çiyinlərində təkbaşına daşıdı və çempion etdi.
Amma çətin ki, “Maradona, yoxsa Messi” çəkişməsi bitsin. Messiçilər “Kral öldü, yaşasın Kral!” deyirlər – yəni, Messi 2020-ci il noyabrın 25-də həyatını itirən Maradonanı bir əfsanə kimi məhz 2022-ci il dekabrın 18-də o dünyaya göndərdi. Maradonasevərləri belə “ölüm”ə inandırmaq çətin məsələdir...
"Paralel.az"