Vətən, vətən, can vətən...

Vətən, vətən, can vətən...
 


“Mənim xatirələrim” silsiləsindən
Yaxşı yadımdadır, 80-lər tarixə, mən Universitetə qəbul imtahanı verirdik. Riyaziyyat və fizika şifahidən "əla" almışdım, riyaziyyat yazılıdan "yaxşı" yazmışdılar. Bəli, “əlan”nı müəllimdən əlavə sual istəyib mən almışdım, “yaxşı”nı isə məndən xəlvət yazmışdılar. Dilxor olmuşdum, ədəbiyyat yazılıya heç hazırlaşmırdım. Boş buraxmışdım, sərbəst mövzu yazacaqdım. O zamanlar fizika-riyaziyyatdan başqa, mənim yaxşı bacardığım 2 şey də vardı: həyətdə futbol oynamaq və məktəbdə inşa yazmaq...
Deməli, sərbəst mövzu mən istədiyim “Vətən” mövzusu idi. Varaq əlimdə qalmışdım, Vətən xəyallarına dalmışdım. Nə qədər vaxt keçdiyini bilmirəm, amma müəllimlərdən biri gəldi, mənə irad bildirdi ki, bir saat keçib, sən hələ “qaralama”ya başlamamısan, bəs “ağlama”ya nə vaxt yazacaqsan?! Mən cavab vermədim, kağızı stolun üstünə qoyub, qələmi götürdüm... Başımda yazını artıq yazmışdım...
Qədim dövrlərdə, ola bilsin ki, orta əsrlərdə böyük bir şəhərdə Qızıl sarayda böyük bir xan yaşayırdı. Xanın kəndlərlə torpağı, ilxı ilə atı, sürü ilə iri, xırda heyvanı olsa da, dünya malından gözü doymadığı kimi, qızıl qəfəsdə saxladığı bülbülün cəh-cəhindən də könlü doymurdu. Görünüşündən adi sərçədən fərqlənməyən bu quş xanın sönmüş ruhunu qanadlandırır, qocalmış cismini canlandırırdı. Dünyanın bütün boğazları bu quşda vardı, bütün diapazonlarda oxuyardı. Dayanmadan cəh-cəh vurardu, arada zilə qalxmağı, bəmə enməyi də vard. Qartal kimi fit çalardı, axan sular kimi şaqqıldamağı, düşən daşlar kimi taqqıldamağı, it, pişik görəndə həyəcan siqnalı çalmağı da vardı. Amma səhər gün çıxanda, bir də axşam batanda bülbül bəmlə, elə qəmlə oxuyardı ki, xanın, saraydakı bütün adamların gözləri yaşarardı...
Deməli, xanın yaşadığı şəhərə yaz fəslində qocaman, dünyaca məşhur bir alim qonaq gəlir. Deyirlər bu alim keçmişdən, gələcəkdən xəbər verir, hətta quş dilini bilir. Alimin adı ya Biruni olur, ya da Nəsrəddin Tusi... Düzü, dəqiq bimirdim bizim xan bu kişilərin hansının dövründə yaşayıb - qədimliyinə görə Biruni, bizə yaxınlığına görə Tusi yaxşıdır... Yeri gəlmişkən, bu məsələdə oxucu sərbəstdir, hansını tanıyırsa, daha böyük alim sayırsa, onu da seçə bilər...
 Nə isə, xan qonağı hörmətlə evinə dəvət edir, süfrəyə quş südündən can dərmanına kimi hər şey gəlir. Yeməkdən sonra çay süfrəsi arxasında, söhbət əsnasında xan bülbülün səhər gün çıxanda, bir də axşam batanda yanıqlı səslə oxumasından, cəh-cəh vurmasından danışır. Hətta elə yanıqlı səslə, elə həyəcanla, həvəslə danışır ki, qonağın da gözləri yaşarır. Bülbülə qulaq asmağı səhərə saxlayırlar, Allaha dua edib başı atırlar, ipək yorğan-döşəkdə rahat yatırlar...
Səhər gün çıxandan bülbül bəmlə, qəmlə cəh-cəhə başlayır, nə başlayır... Xanın yenidən gözləri yaşarır, qonaq isə əməlli-başlı ağlayır... Qonaq axı, böyük alimdir, hətta quş dilini də bilir... Çay süfrəsi arxasında qonaq deir, xan, Sizin bülbül dayanmadan eyni sözü təkrar edir, “Vətən, Vətən, can Vətən” deyir, amma ahu-nalə ilə deyir...

Bəli, qonaq xudafizləşib gedir, xanın isə, gözünə yuxu getmir. Bir yandan maraq, bir yandan da acgözlük... Oxucu məni qınamasın, onda cavandım, indi əllini çoxdan yelə vermişəm, çox şey bilirəm. Məsələn, bilirəm ki, acgözlə şorgözün gözü doymaz... Nə isə, xan gecə-gündüz fikirləşir: “Qızıl sarayda, qızıl qəfəsdə qalan, qızıl qabdan dən yeyən, su içən bülbülün, indi gör vətənində nə qədər qızıl var ki, səhərdən axşama kimi “Vətən, Vətən” deyir”… Bir səhər xan yüngül geyinir, sürətli kəhər ata minir. Bülbülün qızıl qəfəsini də götürüb şəhərin kənarına gəlir. Qəfəsin pəncərəsini açıb bülbülü, əlini atıb atın yüyənini buraxır. Bülbül uçur, at qaçır. Nağıl dili yüyrək olur, nə qədər gedirlər, bir Allah bilir...
Böyük bir düzün ortasında, yazın oğlan çağında yalqız göyərən böyük bir böyürtkən koluna çatanda, bülbül zildən bir zəngulə vurur, kolun tikanlı budağına qonur. Bu dəfə alimə, quş dili bilənə ehtiyac qalmır, xan özü hər şeyi anlayır. Doğrudur, bülbül bəmdən yox, zildən gedir, amma yenə “Vətən, Vətən, can Vətən” deyir... Bəli, başı qanana, canı yanana fərqi yoxdur, istər qızıl saray olsun, istər də böyürtkən kolu... Vətən həmişə vətəndir...
Və son olaraq. Yazını güclə “qaralama”ya yazmağa çatdırdım, “ağlama”ya vaxt qalmadı... Yaxşı yadımdadır, mənə “yaxşı” yazmışdılar, yenə ürəyimdən olmamışdı. Bu dəfə acıga düçdüm, imtahandan sonra atamla gedib yoxlatdırdım. Atam dil-ədəbiyyat müəllimi idi, yazıya diqqətlə baxdı, adəti üzrə dodağı qaçdı. Dedi mənasına “əla”, səliqəsinə “kafi”, toplayıb ikiyə böləndə “yaxşı” eləyir. Mən də “yaxşı” verərdim...
Qalib ARİF

Paralel.az

0.032196044921875