Bütün yollar Laçına gedir...

Bütün yollar Laçına gedir...
 

Qəzənfər Həmidoğlu

Şuşa-Laçın yolunda etiraz bir sutkadan artıqdır davam edir. Aksiya iştirakçıları Rusiya sülhməramlı qüvvələrinin (RSQ) müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına, Azərbaycan ekoloqlarının monitorinqinə şərait yaradılmamasına etiraz edir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Azərbaycan ekoloqlarının Qarabağdakı yataqlara girişinə problemlər yaradıldıqdan – yerli etnik ermənilərin RSQ-nin təşkilatçılığı ilə həmin yataqlara gedən yolu bağlamasından sonra Azərbaycan tərəfinin buna hansısa formada cavab verəcəyi şübhə doğurmurdu. RSQ bu prosesin əvvəlində azərbaycanlı ekoloqları separatçıların “rəsmiləri” ilə görüşməyə sövq etdirməklə qondarma qurumun və ya etnik ermənilərin prosesin “güclü subyekti” olduğunu qabartmağa çalışdı, sonra ruslar ənənəvi ikibaşlı oyunlarına və manipulyasiyalara başladılar. Bunlar qeyri-ciddi və uğursuz gedişləri idi, Bakı üçün adekvat cavab vermək asan və qaçılmaz oldu.
Vətən müharibəsindən sonra Azərbaycan cəmiyyəti üçün Laçın dəhlizi ən həssas iki-üç məsələdən biridir.. Son vaxtlar Azərbaycan rəsmiləri bəyanatlar verərək açıq bildirirdilər ki, Laçın dəhlizi vasitəsi ilə silah-sursat, minalar daşınır, erməni silahlı qüvvələrinin rotasiyası baş verir. Moskvaya açıq mesaj verilirdi ki, Rusiya tərəfi 10 noyabr Üçtərəfli Bəyanatı ilə üzərinə götürdüyü missiyaya uyğun davranmır. Digər tərəfdən, Laçın dəhliizindəki qəbuledilməz situasiyanın vurğulanması Azərbaycanın regionda təhlükəsizlik məsələlərinə diqqəti cəlb etməsi ilə bağlı idi. Bakı bununla yanaşı işarə edirdi ki, imkanı olsa da, Laçın dəhlizində yolu heç zaman bağlamayıb. Bu işi daha çox sülhməramlı funksiyasını aşan RSQ edir.
Əlbəttə, Bakını ekoloji məsələdən daha çox əsas narazılığı ilin sonuna doğru Ermənistan və Azərbaycan danışıqlarında ən azı çərşivə sazişinin imzalanması ümidlərinin doğrulmaması fonunda Praqa görüşündən sonra Rusiyanın anormal vasitəçiliyi, sülhə aparmayan mesajlarıdır. Bakı və İrəvanın ərazi bütövlüyünü tanımağın bir addımlığında olduğu, BMT prinsipləri və Almatı bəyannaməsinə sadiqliklərini bəyan etdikləri bir məqamda Putin Valday platformasında Praqa prinsiplərinə qarşı öz məlum tezis-planını ortaya qoydu. Hazırda Brüssel prosesinin pauzaya qoyulması fonunda Azərbaycan tərəfi Moskvanın fəallaşmasına qarşı öz şərtlərinə ciddi reaksiya gözləyir. Təbii ki, Laçın dəhlizində RSQ-nin öz missiyasına əməl etməsi və ya nəzarət-keçid məntəqəsi gözləntisinə Moskvadan “mini-gömrük”, “rentgen-skayner” kimi reaksiyalar Bakı üçün qeyri-ciddi, saymazyana cavab sayılmalıdır.
Bu fonda Şuşa yolundakı aksiya təbii ki, sadəcə “ekoloji etiraz” deyil və gözləmək olar ki, Azərbaycanın bu işi müxtəlif ssenarilər üzrə inkişaf etdirmək planı var. Əgər proses start götürübsə, deməli, onu hədəfi və ya hədəfləri də müəyyən edilib. İlk hədəf yataqlarda monitorinqə nail olmaqdır. Monitorinq həmin yataqlara, ora giriş-çıxışa nəzarət deməkdir. Bu, simvolik önəm daşıyır, ən azı məkanın-ərazinin sahibinin kim olduğunun xatırladılması anlamında. Odur ki, RSQ və erməni tərəfinin yataqlarla bağlı hansı addımlar atacağı maraq doğurur. Problemi, yəni, Azərbaycanın müdaxiləsini aradan qaldırmaq üçün qarşı tərəfin yataqları bağlaya bilcəyi istisna deyil. Obyekt yoxdursa, problem də yoxdur. Azərbaycan bu kiçik qələbəni bayram edə bilər. Hər halda, erməni və rus publikası üçün bu, Azərbaycanın qarşısında geri çəkilmək kimi görünəcək.
Rusiyanın bu prosesi uzatması Azərbaycan ictimaiyyətində anti-Rusiya ovqatını kəllə-çarxa çıxarır. Bunu erməni cəmiyyəti üçün də demək olar. Artıq RSQ və bivec başçısı general Volkov hər iki tərəfin mediasının hədəfindədir. Azərbaycanın ekoloqlarına və digər aktivistlərə dəstək üçün XTQ göndərmək niyyəti olmasa da, Rusiya tərəfi bunu, mümkün eskalasiyanı sərf-nəzər edə bilməz. Odur ki, gözləmək olar ki, Rusiya hazırkı şəraitdə prosesi dərinləşdirməkdə maraqlı olmayacaq. Onsuz da Ukrayna cəbhəsində və beynəlxalq arenada Moskva fatal zərbələr alır.
Putinin dekabrın 12-də İlham Əliyevə zəng etməsini də bu kontekstdə dəyərləndirmək mümkündür. Maraqlıdır, AzərTAC-dan fərqli olaraq Kremlin rəsmi saytı (Kremlin.ru) xəbəri Putinin İlham Əliyevə zəng etməsi kimi deyil, iki lider arasında “telefon danışığının olması” kimi yayıb.
Beləliklə, təxmin etmək olar ki, sülh danışıqlarına gedən yol uzandıqca həm Qarabağda, həm də Ermənistanla sərhəd bölgəsində müxtəlif insidentlər, eskalasiyalar üçün zəmin qalmaqda davam edəcək. Bu fonda Azərbaycan daha aktiv gediş və reaksiyalara əl atmağa məcburdur. Çəkişmələrin intensivləşməsi, RSQ-nin müvəqqəti yerləşdiyi ərazilərdə səlahiyyətlərini aşması və ya funksiyalarını yerinə yerirməməsi , Rusiyanın konstruktiv vasitəçilik niyyətinin olmadığını getdikcə daha aşkar büruzə verməsi, sülh danışıqlarında erməni tərəfinin manipulyasiyaları belə qənaət yaradır ki, proses Bakının ixtiyari və ya qeyri-ixtiyari təktərəfli qərar verməsinə - sərhəddə nəzarət-buraxılış məntəqəsi qoymasına doğru gedir.
Düvin canı şüşədə olduğu kimi Qarabağdakı separatçı qurumun, eləcə də RSQ-nin varlığı da Laçın dəhlizindədir.
Fransız təmsilçisi Lafontendən qalma bir fraza var: “Bütün yollar Romaya gedir”. Bu ifadənin müasir anlamı hər hansı problemin həlli və ya qələbə deməkdir. Bizim situasiyada əsas qayğımızın həlli və yekun qələbə üçün bu deyimi hazırda belə korrektə etmək olar: Bütün yollar Laçına (Laçın dəhlizinə) gedir...

0.015794992446899