Azov "fatehi"...
7 dekabr 2022-ci il. Ukrayna-Rusiya savaşının 287-ci günü. Kreml. RF Vətəndaş cəmiyyətinin inkişafı və insan haqları Şurasının illik iclası. Videokonfrans rejimində keçirilən tədbiri aparan Putin “xüsusi hərbi əməliyyat”ın uğurlarından danışır və çıxış edənləri dinləyir.
Növbəti natiqin, “Antimafiya” regional ictimai birliyinin fəxri prezidenti Yevgeni Mıslovskinin çıxışının bir yeri Kreml sahibinin kefini kökəldir. Altını yaş edən, amma itirdiyi oyuncağı tapan uşaq kimi üzü gülür: “... Siz xatırlatdınız ki, yeni ərazilərimiz peyda olub (qısa pauza verir, “yeni ərazilər” sözündən ləzzət alır, xısın-xısın gülür) – hər bir halda bu, Rusiya üçün önəmli nəticədir (bir anlıq noxudu gülür), bu, ciddi məsələdir. Və etiraf edək ki, Azov dənizi Rusiya Federasiyasının daxili dənizi oldu – bunlar ciddi şeylərdir”.
“Ciddi şey”ə yetərli reaksiyanı görmür və bu şeyin nə demək olduğunu özü anladır: ”I Pyotr hələ o vaxt mübarizə aparırdı ki, Azov dənizinə çıxsın...”
Putin özünü “rus torpaqlarını qaytaran” Rusinyanın birinci imperatoruna bənzədir və yayda I Pyotrun 350 illiyi ilə bağlı mərasimdə onun “Şümal müharibəsini 21 il apardığını” xüsusi vurğulamış və sonda demişdi: “Tale belə gətirib ki, bizim də payımıza torpaqları qaytarmaq və möhkəmləndirmək düşüb”.
İndi Putin onun “tarixi hünər”ini anlamayanlara qandırır ki, I Pyotrun bacarmadığını edib və Azovu “daxili dəniz” edib. Hərçənd ki, Azov XVIII əsrin ortalarından Rusiya imperiyasının daxili dənizinə çevrilmişdi.
Təbii ki, iclasda Rusiyanın “ən yeni torpaqlar”ını itirməsi, məsələn, rus ordusunun Xersondan rüsvayçı qaçışı Putinin yadına düşmədi. Amma sevimli mövzusundan – Ukrayna tarixindən danışmağı unutmadı. Dediyinə görə, Polşanın millətçi ünsürləri “yatırlar və yuxularında görürlər” ki, tarixi torpaqlarını qaytarıblar: “Həmin torpaqlar ki, Ukraynaya Stalinin sayəsində verilib”.
Beləliklə də, fevralın 24-də Ukraynaya təzavüzə başlayanda başqa hədəflərinin olduğunu bəyan edən Rusiya prezidenti indi ərazi ilhaqını müharibənin “önəmli nəticəsi” adlandırır. Bu, daha çox cəbhədəki 10 aylıq fiasko, hərbi-siyasi elitadakı debilləşmə və cəmiyyətdəki deqradasiya fonunda saman çöpündən yapışmağa oxşayır.
Və Rusiya lideri bu halı ilə nəinki bişmiş toyuğu, hətta ölüləri qıdıqlayıb güldürür: “Ukraynanın indiki sərhədlərində ərazi bütövlüyünün yeganə həqiqi qarantı yalnız Rusiya ola bilərdi...”
Rusiya batır, sahibi isə nağıllar aləmindədir - I Pyotrla yarışır, Stalinlə polemikaya girir. Adam tamamilə adekvat deyil, sanki paralel aləmə hicrət edib...
Müəllif: Qəzənfər Həmidoğlu
"Paralel.az"