Jurnalistin cib dəftərçəsindən - Yol əhvalatı
Cəlal Yaquboğlu:
Pəncərənin önündə əyləşmişəm.Paytaxtdan əyalətə gedən avtobus tək-tük ağacların, seyrək yaşillıqlarin, bom-boz, yulğunlu çöllərin sinəsilə şütüyür. Qeyri-ixtiyarı olaraq bu cansıxıcı mənzərələrlə, yaşadığımız bu günkü həyat arasındakı qəribə bənzəlik məni heyrətləndirir.
Qəflətən avtobusun arxa salonunda hay-küy qopur.
Sərnişinlərdən kimsə əsəbi halda deyinir:
- Bu boyda tərbiyəsizlik olar? Bir qarış boyu var amma, avtobusda siqaret çəkir, adamları tüstüyə basıb zəhərləyir. Görəsən bu uşağın yiyəsi yoxdur?
Bu narazılığa digər sərnişinlər də qoşulurlar. Məsələ böyüyür. Hay-küyə sürücü də müdaxilə etməli olur. Xeyli sorğu-sualdan sonra məlum olur ki, adının Pərviz olduğunu söyləyən 14-15 yaşlı bu biletsiz “sərnişin” rayon sakinidir. Paytaxtdakı xəstəxanaladan birində xəstə yatan anasını yoluxmaq üçün gəlibmiş. İndi də geriyə qayıdır. Pulu olmadığı üçün avtobusun arxa oturacağında gizlənib.
Ağsaqqal bir sərnişin əsəbi halda deyinir:- məsələ məlumdur. Bu” julikə” inanmayın. Şəhər belə avaralarla doludur. Belələri bazarlarda, “talkuçka”larda, yeraltı keçidlərdə, metroda adamın üstünə şığıyırlar, həyasızlar! Tərbiyəsizlər!
Yaşından xeyli böyük görünən, bu biletsiz yeniyetmənin kirli-pasaxlı əyin-başına, siqaret tüstüsündən qaralmış dodaqlarına, solğun yanaqlarına, çuxura düşmüş gözlərinə baxdıqca böyük fransız yazarı Viktor Hüqonun “Səfillər”indəki Qavroş yada düşür.Yaşlı bir qadın gileylənir:
-Təqsir uşaqda deyil, ata-anasındadır.Övladlarından xəbərləri yoxdur, buraxıblar başlı-başına küçələrə. Belə də iş olar? Sürüdən bir quzu itəndə çoban dağa-daşa ün salır. Quzusunu tapmayınca rahat olmur. Onda qalmış insan ola, özü də bu yaşda məktəbli. Əslində belə valideynləri cəzalandırmaq lazımdır ki, başqalarına da görk olsun. Lap ön cərgədə əyləşmiş kişi qadına etiraz edir:
-Düz danışmırsan, ay xanım. Uşaq ağzında deyir ki, anası xəstədir. Xəstəxanada yatan valideyn yazıq uşağından necə xəbər tutsun? Bir də ki, valideyn neyləsin axı, düşüb bir parça çörəyinin dalınca. Nə bilsin övladı nə işlə məşğuldur. Sən denən ki, bu uşağın oxuduğu məktəb, ona dərs deyən müəllimlər hara baxırlar? Jurnalı qoltuqlarına vuraraq sinfə girib-çıxmaqla işlərini bitmiş hesab edirlər. Bizimkilər də oxuyurlar, görürük də... Əsl təqsir məktəbdədir, müəllimlərdədir.
Orta cərgədə əyləşmiş, ziyalı görkəmili gənc oğlan əsəbi halda söhbətə müdaxilə edir:
-Ay əmi, sizin kimi dünyagörmüş insan belə danışandan sonra daha başqalarından nə umasan? Məktəb,müəllim neyləsin ki, ziyalılarımız özləri dilənçi kökündədirlər.Müəllimlərimizin bir çoxu ehtiyac üzündən yad ölkələrin bazarlarında alver etməklə çörək pulu qazanıb ailələrinə göndərirlər. Mən hələ məktəb ləvazimatlarının ,məktəbli formasının, ərzaq məhsullarının gündən günə artan qiymətlərini, baş alıb gedən bahalığı demirəm.Hələ də elə kəndlərimiz var ki, qışda soyuqdan sinif otaqlarına girmək olmur. Bəs bunları görmürsünüz? Düşmüsünüz məktəbin, müəllimlərin üstünə. Günah təhsilə rəhbərlik edən qurumlarda,səriştəsiz, bacarıqsız məmurlardadır.
Pəncərənin qarşısında əyləşmiş qadın cavanın sözünü kəsərək, “ağzından vurur”. Elə belə fikirləşmişik ki, bu günə də düşmüşük də... Hər işdə yaxamızı kənara çəkib dövrü, zəmanəni, məmurları günahlandırmağa adət etmişik. Biz beləyik də... Rəhmətlik Sabir demişkən, - “kim nə deyər bizdə olan qeyrətə...” Heç vaxt öz gözümüzdəki “tiri” görmürük, amma başqalarının gözündə tük axtarırıq. Bax, bu saat ağız-ağıza verib mübahisə edirik, özümüzdən başqa hamını günahlandırırıq. Amma, heç kəs istəmir ki, ayağa durub bu uşağın əlindən tutsun, başını sığallasın, dərdini öyrənsin. Bəlkə bir ehtiyacı var? İmkanımız daxilində əl tutub yardım edək. Lap lazım olsa ona qoşulub evinə aparaq, ailəsi ilə tanış olaq, söhbətləşək...
Ahıl qadının bu sözlərindən sonra ara daha da qızışır.Ağız deyəni qulaq eşitmir. Bu an yadıma böyük pedaqoq Uşinskinin sözləri düşür: - “İnsanı öyrətməklə, təhsil verməklə yox, tərbiyə verməklə xoşbəxt etmək olar”. Yüksək mədəniyyətə, ali tərbiyəyə yiyələnmədən nə xoşbəxt insan olmaq mümkündr, , nə də xoşbəxt cəmiyyət qurmaq.
Sürücünün zəhmli səsi məni xəyaldan ayırır. Pərviz adlı bu biletsiz yeniyetməni polisə aparacağı ilə hə dələyən sürücü nə onun yanaqları boyu süzülən göz yaşlarına, nə də ürək sızıldadan yalvarışlarına əhəmiyyət verir. Yeniyetmə isə yanıqlı-yanıqlı yalvarır:
-Əmi, xahiş edirəm, məni polisə aparma. Vallah mən oğru deyiləm. Pulum var idi amma, vağzalda xuliqanlar döyüb əlimdən aldılar...
Pərviz yalvardıqca sərnişinlərin də ürəyi yumşalır, hətta ona qahmar çıxıanlar da tapılır:
- Əşşi uşaqdır, ağlatmayın. Bir də belə iş görməz. Pərvizin ağlar gözlərinə baxiram. Böyük Sabirin misraları yada düşür:
-Ey dərbədər gəzib, ürəyi qan olan cocuq!...
Fikrimdə bir sual dolaşır: - Doğrudan da axı,kimdir günahkar? Pərviz kimilərin valideynlərimi, məktəbmi, cəmiyyətmi, səriştəsiz, rüşvətxor və korrupsioner məmurlarmı, yoxsa, zəmanəmi? Bəlkə elə hamımız günahkarıq - MƏN də, SƏN də, O da...
Bu sualın ən doğru cavabını isə şair Musa Yaqubun misralarında tapıram:
-Bir günah sənindir, bir günah mənim!
Paralel.az