Sonuncu MOGİKAN
Qalib ARİF:
“Mənim xatirələrim” silsiləsindən
Sabir Əhmədov... Şəxsi tanışlığıma görə qürur duyduğum böyük şəxsiyyətlərdən biri... Böyük ədəbiyyatda əsl insan abidəsi... Mən hətta ona ədəbiyyatda insanlığın “SONUNCU MOGIKANI” deyərdim... Nə isə... Şəhriyar demiş, elə bil, “bir sinema pərdəsidir, gözümdə, tək oturub seyr edirəm özüm də”...
Səhv etmirəmsə, zamanın əqrəbləri 90-cı illərin ikinci yarısını göstərirdi... Mən o vaxtlar bir qismət çörək dalınca evdən, eşikdən didərgin düşmüşdüm, Rusiyanın şəhərlərində “laməkan” həyatı sürürdüm. Ayda, ildə bir Bakıya gəlirdim, ailəmə, qocalarıma baş çəkirdim. Yolun yorğunluğu canımdan çıxmamış reaksiyaların qapısını kəsdirirdim, yollarda, yataqxanalarda, bəzən hətta 40 “qradusda” yazdığım yazıları çap etdirmək istəyirdim. Yeri gəlmişkən, mən bütün həyatım boyu, demək olar ki, hər gün yazıram. Hər şeydən və hər janrda yazıram – siyasətdən, ədəbiyyatdan, bəzən adi həyatdan... Amma hər şeyi çap etdirmirəm, oxucuya hörmət edirəm...
Hesab edirəm ki, Rusiya həyatı adama cəsarətli olmağı, adamdan yox, qanundan qorxmağı öyrədir. Əks halda mən Azərbaycan Nəşriyyatına getməzdim və “Ədəbiyyat” qəzetinə müraciət etməzdim, heç cəsarət etməzdim. Qəzetin baş redaktorunun məşhur “Qara Yanvar” hekayələrinin müəllifi, şəhid atası olduğunu bilidim, amma yenə getdim. Doğrudur, “Qarabağ” mövzusunda yazı aparmağa cəsarət etmədim. Sabir müəllim məni indiki xalq yazıçılarına yaraşmayan bir sadəliklə qarşıladı. Nə işlə məşğul olduğumu soruşdu, yazılarımla, şəxsi həyatımla maraqlandı. Mən Vətən mövzusunda yazdığım, kəndimizə həsr etdiyim “Dağlar və qartallar” hekayəsini təqdim etdim. Dedi 5-3 günə bizim nəsr şöbəsinə baş çəkərsən, amma gedəndə ev telefonunu katibəyə verərsən. Ümid dolu bir ürəklə redaksiyadan yaz havasına çıxdım...
Ertəsi gün Sabir müəllimin katibəsi bizə evə zəng etdi. Müqəddiməsiz dedi ki, “Ədəbiyyat” qəzetindəndir, Sabir müəllim Qalib Arifi görmək istəyir, bu gün nahardan sonra gəlsin. “Çağrılmayan yeri dar eləmə, çağrılan yerə ar eləmə” dedim, bu dəfə cəsarətlə getdim. Redaktor məni gülərüzlə qarşıladı,ikiəlli görüşdü, yer göstərdi. Dedi “sən böyük yazıçısan, xəbərin yoxdur”... Vallah, elə bildim kişi məni ələ salır, durub getmək istədim. Amma sonrakı söhbət məni sakitləşdirdi: “Dünən axşam vaxt oldu, hekayəni oxudum. Hələ də dağların, qartalların təsirindən çıxa bilməmişəm. Tamamilə haqlısan, “Vaxt bütün yaraları sağaldır, bir Vətən yarasından başqa. Vaxt keçdikcə, Vətən yarası daha da dərinləşir, daha da ağrı verir”...
Beləliklə, Sabir müəllimlə, daha doğrusu, “Ədəbiyyat” qəzeti ilə bizim əməkdaşlığımız “Dağlar və Qartallar”la başladı. Sonra “Dağlar və İnsanlar” hekayəsini təqdim etdim. Sağ olsun, nöqtəsinə, vergülünə dəymədən verdi, amma dedi ki, Rusiyada olduğun müddətdə dilin zənginliyini, təravətini itirib, vaxt olduqca, azərbaycanca çoxlu şer oxu. Təbli şairləri - Səməd Vurğunu, Süleyman Rüstəmi, Şəhriyarı, Bəxtiyarı oxumağı məsləhət gördü. Yeri gəlmişkən, mən “Ədəbiyyat” qəzetinin hər iki nömrəsini indi də saxlayıram və mənim indi də davam edən Şəhriyar vurğunluğum Sabir əmanətidir. Nə isə... Mən yalnız 3-cü cəhddə Qarabağ mövzusunda yazdığım “Qorxulu nağıl” hekayə-povestimi vqəzetə təqdim etməyə cəsarət etdim. “Qorxulu nağıl” Azərbaycanın I nömrəli ədəbiyyat qəzetində dalbadal iki nömrədə getdi. Elə bil, bütün dünyanı mənə verdilər. Rusiyadan təzə gələn, cibində hələ 5-10 manat çörək pulu qalan gənc yazıçıya daha nə lazım idi ki?!
Sonra mən “Xalq qəzeti”ndə işə düzəldim... Sonra Sabir müəllim “Ədəbiyyat” qəzetindən getdi... Beləliklə, böyük qələm adamı ilə tanışlığım kövrək bir xatirəyə çevrildi. Və 2000-ci il - Sabir Əhmədovun 70 illik yubileyi. Mən onda cəsarətlə bu çətin və şərəfli işin altına girdim, “Xalq qəzeti”ndən xalq yazıçısı ilə Yubiley müsahibəsinə getdim. Düzü, kompyuter arxivimi nə qədər axtarsam da, həmin yazını tapmadım, yəqin “Xalq Qəzeti”ndə olar. Odur ki, böyük insanla görüşümüzü detallı yaza bilmirəm, yaddaşımda qalanlarla kifayətlənməli oluram. Sabir müəllim Yasamalda, indiki “Kaktus” kafesinin yaxınlığında, beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayırdı. Məni mərtəbəsinə uyğun qarşıladı, olandan, keçəndən, sənətdən xeyli söhbət etdik. Söhbət arası mənə “Xalq qəzeti”ndən getməyi məsləhət gördü, dedi “siyasi qəzet yazıçının ancaq dilini yox, həm də fikrini korlayır”... Yubilyara bir qismət çörəyin əsiri olduğunu demədim, qanını qaraltmaq istəmədim...
Yubiley görüşündə məni heyrətlərə qərq edən böyük yazıçının yalnız şəxsiyyəti deyil, həm də kitabxanası oldu... Müsahibimdən icazəli onun kitabxanasına baxdım. Təbii ki, ilk növbədə Sabir Əhmədovun öz kitablarını varaqladım... Sonra, böyük yazıçının kiçik kitabxanası... Divar boyu vurulmuş kitab rəfləri... Nizaminin «Xəmsə»si, Nəsimi, Füzuli, Sabirin «Hophopnamə»si, Makarenkonun «Pedaqoci poema»sı, Şekspir, Tolstoy, Hüqo, Səməd Vurğun, Süleyman Rüstəm, Markes və Aytmatov, Şəhriyar , Bəxtiyar və Məmməd Araz... Bir sözlə, hər şeydən bir az. Bütün dünyanı bir kitabxanaya yığmaq olmaz. Əslində buna ehtiyac da yoxdur, bura Sabir müəllimin dünyasıdır...
Və son olaraq... Ədəbiyyatda insanlığın “SONUNCU MOGIKANI” ifadəsinə aydınlıq gətirmək istərdim. 2000-lərin əvvəlləri idi,mənim I Qarabağ müharibəsinə həsr olunmuş “Müharibə - görəsən bu, nədir?!” romanım çap olmuşdu. Kitabın təqdimatını keçirə bilməsəm də, sevincimdən yer-göyə sığmırdım. Qələmdaşlardan biri dedi ki, tənbəllik eləmə, götür bu kitabdan birini, üstünü yaz, get Anara hədiyyə elə, bəlkə oxudu. Yazıçılar İttifaqına getdim, 3 dəgə Anarın qəbuluna girməyə cəhd etdim, katibə dedi yanında adamlar var. Nəhayət axşam zorla yanına girdim, gördüm Anar müəllim, mərhum Qabillə, Fikrət Qoca ilə oturub, gap edirlər. Özümü və kitabımı təqdim etdim. Qələmdaşlar məni heç fərziyyə kimi də qəbul etmədilər. Anar sakitcə kitabı aldı, baxmadan kənara qoydu, “gedə bilərsiz” dedi... Yəqin ki, heç sonra da baxmağı lazım bilmədi...
Bəli, Sabir müəllim də, Şəhriyar demiş, “ şirin bir nağıldı, keçdi-getdi, itdi-batdı, dağıldı”... Ondan qalan bir xəyaldı...
Paralel.az