İran molla diktaturasında fikir ayrılıqları güclənir - III yazı

İran molla diktaturasında fikir ayrılıqları güclənir - III yazı
 

Siracəddin Hacı:
- İranda bir qrup insan Azərbaycanı, Azərbaycanda da bir qrup insan İranı söyür. Söyüş duyğuların məhsuludur, məsələlərə duyğusal yanaşmadır, zəiflikdir, işi doğru anlamağa imkan vermir. Araşdırmaq, düşünmək, öyrənmək isə ağılı hərəkətə keçirir, sağlam təhlilə yol açır, təhlil tədbirə, doğru qərarlara səbəb olur, yanlış addımlardan qoruyur. Bizim İranı, molla diktaturasını söyməyə deyil, anlamağa ehtiyacımız var, önəmli işlərimizdən biri də Azərbaycanı İrana, İranı da Azərbaycana tanıtmaqdır. Azərbaycanda İran Araşdırmalar Mərkəzinin yaradılmasını önəmli, strateji məsələ hesab edirəm;

Bugünkü İranı, molla diktaturasını anlamaq üçün onların tarixini doğru oxumağa ehtiyac var: müasir İran XIX yüzillikdə formalaşmağa başladı, o, bir imperatorluğun varisidir, tarixçilər İranın 2500 illik tarixi olduğunu yazırlar, bu tarixi 5-7 min il öncəsindən başlayanlar da olmuşdur, var, olacaq. Tarixdə Əhəmənilər, Sasanilər var, Sasanilər dövründə Orta və Yaxın Şərq Bizansla Sasanilərin təsir məkanındadır, aralarında çəkişmə, savaşlar var, gah biri, gah da o birisi qələbə qazanırdı;

VII yüzillikdə Qurani-Kərim nazil oldu, yeni bir güc ortaya çıxdı, II Xəlifə hz.Ömərin dövründə İran fəth olundu, İslam dini İran üzərindən Xorasana, Türkistana, o sıradan Qafqaza yayıldı, bu gün bir sıra dini terminlərin farsca olmasının səbəbi də budur: Peyğəmbər, dəstəmaz, namaz, oruc, abdəst... Ancaq dəyişən sadəcə sözlər deyildi, din anlayışı da dəyişdi, bir alimin dediyi kimi, əslində, İran islamlaşmadı, İslam iranlaşdı, zərdüştlük, batinilik, İran adət-ənənələri, xurafələr İslamın içinə qarışdırıldı. Farsların, o sıradan Azərbaycan türklərinin dini kitabi, yazılı, elmi deyil, şifahi, qulaqdandolma, şeyx-mürid sisteminə uyğun, ədəbi – insanlar Nəsiminin şeirlərini dinin qaynağı zənn edirlər – oldu...;
- Sonrakı dönəmdə İran Əməvilərin, Abbasilərin idarəçiliyində qaldı, ərəb milliyyətçiliyindən əziyyət çəkdi, üsyanlar oldu, ardınca Büveyhilər gəldi, İranla ərəb dünyası arasında çəkişmələr gücləndi;  

XI yüzillikdə türk Səlcuqlular İrana hakim oldular, Rey və İsfahan şəhərləri bu imperatorluğun paytaxtları idi, fars dili güclü inkişaf etdi, dövlət, siyasət, mədəniyyət dili oldu, Səlcuqlu dönəminin ən böyük şairi Nizami farsca yazdı, Qırmızı dənizdən Hindistanadək, Türkistan, Xorasan da daxil olmaqla böyük mədəniyyət məkanının dili farsca idi. Sırada Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər var. Səfəvilər İranın siyasi, mədəni, dini kodunu dəyişdirdilər, əsasında batinilik olan şiəliyi zorla xalqa qəbul etdirdilər, Osmanlı-Səfəvi çəkişməsi gücləndi, savaşlar oldu...;
- İran tarixində Nadir şahın qısa hakimiyyət dönəmi də var, sonra da Qacarlar hakimiyyətə gəldilər. Bu dövrdə Rusiya ilə İran arasında savaşlar oldu, Qacarlar məğlub oldular, nəticədə, Azərbaycan iki hissəyə bölündü. XX yüzilliyin başlağıcında İran tarixində Səttarxanın Məşrutə hərəkatı var, bu hərəkatın nəticəsində Ana Yasaya əsaslanan monarxiya sisteminə keçid oldu;

- İranın 2500 illik tarixində bu ölkəni min il türklər idarə etdilər, 1925-ci ildə Qacarlar devrildilər, Rza şahın hakimiyyətə gətirilməsi ilə İranda türklərin hakimiyyətinə son qoyuldu. Bu arada Şeyx Məhəmməd Xiyabaninin qurduğu Azadıstan dövlətini xatırlamaqda da fayda var. Deyə bilərik ki, İranın 2500 illik tarixi monarxiyalar tarixidir;
- Rza şah – Pəhləvilər yeni tipli monarxiya qurdular...
Ardı var...

Paralel.az

0.059462070465088