Yağışdan islanmış düşüncələr...

Yağışdan islanmış düşüncələr...
 

Cəlal Yaquboğlu
   Esse
Sevənlərin romantik görüşünü yarımçıq qoyan, iş-güc adamlarını yolundan eləyən, dilənçiləri şəhərin küçələrindən “qovan”, “Azəriqazın” mənzillərə təbii qazın qış normasını hələ vermədiyi bir vaxtda yağan soyuq payız yağışı adama həm də duyğulu, həzin bir ovqat yaşadır. Bəli, Tanrının yaratdığı təbiət necə varsa elədir – istisiylə, soyuğuyla, yağışıyla, qarıyla.... Fəqət Adəm övladının yaratdığı, siyasət və rəyasətin hakim olduğu cəmiyyət, yaşadığıəmız mühit, insan toplumu bambaşqadır...

“Bizim zəmanəmizdə az yalanla, az pul dəbdə deyil. Kim çox yalan danışırsa, onun pulu də çox olur. Xalqa daha böyük yalan satanlara isə dahi deyirlər”. Bu sözlər “Cənab 420” adlı məşhur hind filminin qəhrəmanına məxsusdur. Amma, yaşadığımız bu günümüzlə yaman səsləşir. Bəli, bu həyatda ən dözülməz işgəncə yalanlar içərisində yaşamaqdır. 

Məlum bir həqiqətdir ki, əski sovetlər zamanında yalan illər boyu bizim yol yoldaşımız olub. Qırmızı imperiya vaxtı “qırmız yalanları” “Qırmızı bayraqlara” dəyişərək başımızın üstündən asmağa öyrəncəli olsaq da, sonradan yalanların da rəngi dəyişdi. Tədricən, ötən əsrin sonlarına yaxın ölkə “qırmızı yalanlardan” “ağ yalanlara” keçdi. Yalan planlar, yalan sosialist öhdəlikləri, yalan inkişaf, yalan xoşbəxtlik dünyanın quru hissəsinin altıda birinə sahiblik edən nəhəg Sovetlər İttifaqını sözün həqiqi mənasında “İt tifaqina” çevirdi. 70 illik yalanlar “qırmızı imperiyanı” beləcə çökdürdü.  

Nə yazıqlar ki, “Azadlıq və müstəqillik” deyə hayqıran insanların sevinci uzun çəkmədi. Müstəqilliyimizi bərpa edər-etməz yalan yenidən zəhərli ilan kimi arxamızca sürünərək bizi haqladı. “Kitabi Dədə Qorqud”dan tanıdığımız yalançi oğlu yalinciqlardan tutmuş, “Koroğlu”dakı keçəl həmzələrə kimi bütün KLASSIK YALANÇILARIN özəl keyfiyyətlərini əxz etmiş, pul və vəzifə düşkünü, rüşvətxor, kleptoman zümrə köhnə yalanları yeni zəmanəyə məharətlə transfer edə bildi.. Və beləcə “Yeni Azərbaycan nağılları” tirajlanmağa başladı... Zatən biz nağıl sevən xalqıq. Bu bizim mental xüsusiyyətimizdən irəli gələn bir haldır. Fəqət, təəssüflər olsun ki, BIZIM NAĞIL SEVDAMIZ da təmənnalıdır. Gözləyirik ki, hər nağılın axırında “göydən ÜÇ ALMA düşsün”. Amma, zəmanə büsbütün dəyişib, Daha nağılların sonunda göydən “üç alma” düşmür.... Və gözləməyimizə rəğmən düşməyəcək də... Çünki, bu “almaları” DIVLƏR oğurlayıb aparıblar dünyanın “afşor zonalar” adlanan məkanlarında bərk-bərk gizlədiblər. O ki qaldı ÜÇ ALMAya (neft, qaz və təbii sərvətlər) yalnız xəyallarımızda və yuxularımızda görə bilərik.

Deməli, bu ili də belə başa vururuq. Qədim bir şərq məsəlində deyilir ki, hər kəs məni bir dəfə aldatsa, Allah ona qənim olsun, əgər ikinci dəfə aldatsa Allah mənə qənim olsun! Ölkədəki rüşvətxor, kleptoman, büdcə oğrusu, korrupsioner, milyonları mənimsədikcə quduzlaşan məmurların necə tələyə düşdüklərini gördükcə yavaş-yavaş bu həqiqətə inanmağa başlamışam.

Gecə yatıb səhər durunca marketlərdəki, bazar və dükanlardakı qiymət artımlarını gördükcə bu həqiqətə inanmağa başlamışam.
Bahalaşmanın sözün həqiqi mənasında iqtisadi repressiyaya çevrilidiyini gördükcə bu həqiqətə inanmağa başlamışam.
Ağzını açıb bircə kəLmə söz demək istəyən vətəndaşların susdurulduğunu, “davam edir 37, daha kəskin, daha ciddi” mühitinin bərqərar olduğunu indiki XXI əsrdə də fəaliyyətdə olduğunu gördükcə bu həqiqətə inanmağa başlamışam.
 Sağalmaz xəstəliyə çevrilən “Qarabağ mərəzi”nin acı bağırsaq kimi uzanıb getdiyini gördükcə bu həqiqətə inanmağa başlamışam.
  P.S.
 Siz elə bilirsiniz ki, yağışda, yağmurda adamın yalnız üst-başı islanır?! Xeyr, cənablar, əsl yağışa. yağmura düşənlərin həm də fikirləri, düşüncələri, sabaha olan ümidləri də islanır!

Paralel.az
                                                           

0.094270944595337