ABŞ Dövlət Departamenti: "Rusiya ABŞ-la görüşü birtərəfli qaydada təxirə saldı"
ABŞ Dövlət Departamentinin bazar ertəsi bildirdiyinə görə, Rusiya ABŞ-la bu həftə Qahirədə keçirilməsi planlaşdırılan nüvə silahı danışıqlarını təxirə salıb. Tərəflərdən heç biri danışıqların təxirə salınma səbəbini göstərməyib.
İki ölkənin rəsmiləri 2020-ci ilin martında COVID-19 pandemiyası səbəbindən dayandırılan nüvə silahlarının azaldılmasına dair "New START" müqaviləsi çərçivəsində yoxlamaların bərpasını müzakirə etmək üçün noyabrın 29-dan dekabrın 6-dək Misirin paytaxtında görüşməli idi.
"Rusiya tərəfi ABŞ-la görüşü birtərəfli qaydada təxirə saldığını və yeni tarixlər təklif edəcəyini deyib" - deyə, Dövlət Departamentinin sözçüsü bildirib.
Sözçü əlavə məlumat verə bilmədiyini, lakin Vaşinqtonun danışıqları "mümkün qədər ən erkən tarixdə yenidən planlaşdırmağa hazır olduğunu" deyib. Belə ki, təftişlərin bərpası sabitliyin saxlanması üçün prioritetdir.
Rusiyanın Xarici İşlər Nazirliyi də danışıqların təxirə salındığını təsdiqləyib.
2011-ci ildə qüvvəyə minən "New START" müqaviləsi ABŞ və Rusiyanın strateji nüvə başlıqlarının sayının, onların quruda və sualtı qayıqlara, raket və bombardmançı təyyarələrdə yerləşdirilməsini məhdudlaşdırır.
2021-ci ilin fevralında "New START"ın müddətinin bitməsinə bir neçə gün qalmış Moskva və Vaşinqton onu daha beş il uzatmaqla bağlı razılıq əldə edib.
Lakin bu ilin avqust ayında Rusiya ABŞ-a müqavilə altında icazə verilən nüvə silahlarının təftişini dayandırdığı barədə məlumat verib və iddia edib ki, Qərbin Ukraynaya əsassız hərbi müdaxiləsi səbəbilə Moskvaya tətbiq etdiyi sanksiyalar, habelə viza məhdudiyyətləri rusiyalı müşahidəçilərin ABŞ obyektlərində bənzər yoxlama aparmalarına mane olub.
"Paralel.az"