Brüssel prosesi “qış yuxusu”na getdi?

Brüssel prosesi “qış yuxusu”na getdi?
 

Qəzənfər Həmidoğlu:
Brüsseldə dekabrın 7-nə planlaşdırılan növbəti Əliyev-Paşinyan-Mişel görüşü keçirilməyəcək. Ermənistanın baş naziri ultimatum verib ki, həmin görüşə Fransa Prezidenti Makronsuz qatılmayacaq. “Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”, - deyə Prezident İlham Əliyev Nikol Paşinyanın “cığallığ”ını rədd edib.

Şübhəsiz ki, Paşinyan əvvəldən bilirdi ki, Əliyev üçtərəfli görüşün Parisin iştirakı ilə dördtərəfli formata çevrilməsinə razılıq verməyəcək. Makronun Şarl Mişellə yaxın dost, Paşinyanla “bacı” olduğunu nəzərə alsaq, belə format Bakıya konstruktiv heç nə vəd etmir. Hər halda, Fransa gizlətmir ki, o, vasitəçi deyil, tərəfdir.
Paşinyanın israrını bərtərəf etmək üçün Azərbaycan Brüssel prosesində beştərəfli danışıqları – 4 tərəf və 1 vasitəçi formatını təklif edə bilər: Azərbaycan+Türkiyə - Ermənistan+Fransa –Avropa İttifaqı...

Beləliklə, Paşinyanın “şıltaqlığ”ı üzündən Brüssel prosesi “qış yuxusu”na gedə bilər. Görək prosesin təşəbbüsçüsü - Aİ Şurasının rəhbəri Şarl Mişel və prosesin patronu – tərəfləri “birbaşa dialoq”a çağıran ABŞ “stroptiv bacıları” necə ram edəcəklər?
Praqa görüşündən (6 oktyabr) sonrakı 50 gündə Ermənistan liderinin ölkəninin xarici siyasət vektorları arasındakı “salto-mortale” manevrləri və Fransanın mövqeyi aşkar şəkildə Aİ-nin təşəbbüsünə kölgə salır, Rusiyanın əlini isə gücləndirir. Üstəlik, Paşinyan “Rusiyanın təklifləri ilə sülh danışıqlarına hazır olduğunu” deyir. Yəni, sülh danışıqlarında “Vaşinqton variantı” neytrallaşdırılır, ortada “Putin variantı” qalır. Faktiki olaraq İrəvan və dəstəkçisi Paris Aİ və ABŞ-ın vasitəçilik təşəbbüsünə badalaq vururlar...

44 günlük müharibədə oyundankənar qalan Qərb son bir ildə diplomatik səylərini artıraraq regionda geosiyasi subyekt olduğunu nümayiş etdirməyə, təşəbbüsü ələ almağa çalışır. Makron “Köhnə dünya”nın duayeni rolunda görünməyə çalışsa da, Aİ yalnız Fransadan ibarət deyil və kollektiv Qərbdə daha çox amerikan zurnasına oynayırlar. Çətin ki, Vaşinqton və Brüssel Paşinyan-Makron tandeminin işin içinə etmələrinə əlləri qoyunlarında tamaşa etsinlər

Noyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıya gəlib və Prezident İlham Əliyevlə görüşüb. Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlar prosesi, sərhədlərin delimitasiyası üzrə Brüsseldə keçirilmiş görüşün nəticələri barədə fikir mübadiləsi aparılıb. Aydındır ki, diplomatın missiyası “Aİ-nin sülh prosesində davamlı güclü iştirakını vurğulamaq”, Brüssel prosesi qarşısındakı əngəlləri aradan qaldırmaqdır. Amma bunun üçün Brüssel ilk növbədə Parisə anlatmalıdır ki, prosesə çomağını soxmasın...

İlin sonu yaxınlaşır və 2022-ci ildə sülh danışıqlarında ən azı çərçivə sazişinin imzalanacağına olan ümidlər 2023-cü ilə keçirilir. KTMT-nin İrəvan sammiti göstərdi ki, Azərbaycan və Ermənistanı hansısa kompromislərə çağıran, Rusiyanın mənafeləri baxımından hansısa kompromisi ağlının ucundan keçirməyən Putinin tərəflərə təsir mexanizmləri, təzyiqləri tükənir və ya sahib olduğu rıçaqların effekti yoxdur.
Həm Azərbaycanda, həm də Ermənistanda vasitəçilərə, ilk növbədə Rusiyaya şübhə ilə baxılır. KTMT sammitində Paşinyanın təşkilatın İrəvan bəyannaməsinə imza atmayaraq Putinin qanını qaraltması, digər tərəfdənsə Brüssel prosesinə əngəl yaratması bunu göstərir ki, Ermənistan sülh sazişini imzalamağı hələ uzadacaq. İrəvanın ümidi bunadır ki, bu “süründürmə”dən Bakı nə qədər qəzəblənsə də, hərbi əməliyyatlara əl atıb Qərbi, ilk növbədə ABŞ-ı, eləcə də Rusiyanı qarşısına almaq istəməyəcək.

Amma DTX-nın son günlər Ermənistandan Qarabağa silah ötürülmələri ilə bağlı açıqlamaları bundan xəbər verir ki, 10 noyabr üçtərəfli bəyanatına və bu ilin avqustunda yeni Laçın yolu ilə bağlı götürülən öhdəliklərə rəğmən Bakının bir gün səbri tükənə bilər - Laçın dəhlizini bağlamasa da, orda nəzarət-buraxılış postu qoyar. Bu, postsavaş dönəmində artıq yeni situasiya deməkdir...

Paralel.az

0.016273975372314