Putin üçün dörd son...
Rus ordusunun Xersondan qaçışı Putinin növbəti hərbi-siyasi fiaskosu oldu. Rusların 9 aydır davam edən savaşda ələ keçirə bildikləri yeganə vilayət mərkəzi olan Xersonda hərbi məğlubiyyəti 3-4 aydır gözlənilirdi. Siyasi aspektdən məğlubiyyətə isə özləri-özlərini uğratdılar.
Siyasi baxımdan debil və ya abdal olasan gərək ki, Dneprin sağ sahilində sıxışıb qaldığın və geri çəkiləcəyini bildiyin bir ərazidə qondarma referendum keçirəsən, işğal etdiyin torpağı “Rusiya ərazisi” elan edəsən, “Rusiya özününküləri darda qoymur” deyə bar-bar bağırasan və sonra da hər şeyi buraxıb qaçasan. Bir sözlə, əbləhlər özlərinə problem yaratdılar və altında qaldılar.
Putinin Xersondan geri çəkilib-çəkilməmək qərarı vermək üçün noyabrın 8-də ABŞ Konqresinə keçirilən aralıq seçkiləri gözləməsi, ümidini respublikaçıların demokratları darmadağın etməsinə bağlaması isə Kreml sahibinin çarəsizliyini, plansızlığını ortaya qoydu.
Kiyev ətrafından geri çəkilməsi və ya Xarkov cəbhəsində darmadağın olması Rusiyanın hərbi məğlubiyyəti idi, Kreml təbliğatı bunu “hərbi taktika” kimi rus cəmiyyətinə az-çox yedizdirə bildi. Amma Xersonu qırmızı cizgi elan edib sakrallaşdırdıqdan sonra “Novorossiya torpağı”ndan biabırcasına geri çəkilmək zombiləşdirilmiş cəmiyyət üçün belə həzmi çətin işdir.
Noyabrın 15-də İndoneziyanın Bali adasında “Böyük İyirmiliy”in (G20) ikigünlük sammiti açılacaq. Sammitdə ölkələr birinci şəxsləri və ya ən yüksəksəviyyəli rəhbərləri ilə təmsil olunurlar. Putin G20 liderlərinin zirvə görüşünə qatılmayan yeganə lider olacaq və öz yerinə baş nazir Mişustini deyil, diplomatiyanı bir kənara atıb primitiv propaqandistə çevrilən xarici işlər naziri Lavrovu göndərir. Zelenskinin Rusiyanı G20-dən qovmağı tələb etməsi fonunda Putinin Baliyə getməməsi, həmçinin Xersondan qaçışdan sonra ortalıqda görünməməsi bunun xəbərçisidir ki, Rusiya lideri siyasi cəsarət məsələsində də axsayır və yaxud artıq döyüşkən ruhunu itirib...
Putinin planı bir həftəyə Kiyevi zəbt edib Ukraynanı “yerbəyer” ermək idi. Amma alınmadı. Bəlli oldu ki, Rusiyanın savaşı davam etdirmək üçün “B” planı yoxdur və ya varsa da, yararsızdır. Savaşın gedişində Qərbin arxasında durduğu Ukraynanın hərbi potensialının artması fonunda Rusiyanın hərbi resursları tükənməyə başladı. Putinin hərbi səfərbərliklə yeni situasiya və ya dönüş yaratmaq cəhdi də tam fiaskoya uğradı, Kremlin öyündüyü mərkəzləşdirilmiş hakimiyyətin, inzibati imkanların və əhalinin döyüş əzminin bərbad durumda olduğunu üzə çıxardı. Orduya yeni cəlb olunanları geyindirməyə mundir, əlinə verməyə silah, qarınlarını doyuzdurmağa ərzaq tapmırlar və hazırlıqsız cəbhəyə atırlar. Yeni mərhələdə Putinin aşpazı Priqojinin “Vaqner” özəl hərbi şirkəti və Ramzan Kadırovun bandası kimi qeyri-leqal hərbi-kriminal ünsürlərin ön plana çıxıb meydan sulaması, orduüstü fəaliyyətləri və generaliteti hədəf almaları yalnız cəmiyyətin deyil, hərbi-siyasi idarəçiliyin də deqradasiyasını ortaya qoydu. Bu tendensiyanın dərinləşməsi Rusiyada siyasi hakimiyyətin gələcəyini risklərə qərq edir.
Kremlin hazırda ümidi qışadır. Rusiyanın hərbi planda nəyəsə nail ola biləcəyi ehtimalı minimaldır. Moskvada sadəcə gözləyirlər ki, soyuqdan donan Avropa Ukraynaya təzyiq göstərəcək və nəhayət, Zelenski Putinlə danışıqlar masası arxasına oturacaq. Böyük ehtimalla Kremlin ümidləri yaza doğru puça çıxacaq - rusların “hərbi əzələsi” 9 ayda xeyli boşalıb, ABŞ isə çətin ki, üşüyən Avropaya rəhm edib belə fürsəti qaçırsın...
Rusiya cəmiyyətində və elitasında Putinə etmad əvvəlki səviyyədə deyil, Xersondan sonra Dugin və tərəfdarları Rusiya liderini təhdid edir, Züqanovun kommunistləri isə Kremldən “Xerson hesabatı” tələb edirlər. Ukrayna Silahlı Qüvvələri daha bir-iki uğurlu əməliyyat keçirsə, məsələn, Krıma daha çox yaxınlaşsa, savaşın birinci ilinin tamamında Kreml sahibinin reytinqi ölkə daxilində üzüaşağı yuvarlanacaq, aktiv sosial-siyasi qrupların səbr kasası isə daşacaq.
Köhnə ssenaridir: Lider dara düşəndə ətrafı öz çulunu sudan çıxartmağa çalışır, marıqda duran təsir qrupları fəallaşır və loyallar mövqelərini təftiş edirlər. Kremlə gəlib deyəcəklər: “Volodya, sən əlləşdin-vuruşdun, amma alınmadı. Rusiya isə batır, başımıza çarə qılmalıyıq”.
Yayılan məlumatlardan belə görünür ki, artıq indidən Kreml kuluarlarında hakimiyyətin tranziti, Putinin varisi barədə baş sındırmağa başlayıblar. Uduzmuş liderlə hakimiyyəti davam etdirmək, demoralizə olmuş cəmiyyətdə hətta saxta seçki ilə onun siyasi ömrünü uzatmaq çətin və riskli prosesdir. Odur ki, ilyarım sonra - 2024-cü il martın 24-də keçiriləcək növbəti prezident seçkisindən sonra Kremldə başqa birisi otura bilər.
Putin düşəcəyi situasiyanı hakimiyyətinə qəsd, yoxsa kritik durumdan çıxış kimi dəyərləndirəcək? Təxmin etmək çətindir, çünki gələn ilin yazınadək savaşın gedişində başqa faktor və sürprizlər də ortaya çıxa bilər. Amma tarixi təcrübə göstərir ki, zəifləmiş lider adətən susqvanqa düşür, hər gedişi ilə özünə zərər verir.
Zəmanənin çağırışları, formalaşmaqda olan yeni dünya düzəni Rusiyanın artıq normal, təhlükəsiz dövlətə tranzitini tələb edir. Bu tranzit Putinin müqavimətindən, özünün iradə, təşəbbüs və seçimindən, elitanın kosmetik dəyişiklərlə rejimi saxlamaq istəməsindən, sosial-siyasi tələbatdan və s. faktorlardan asılı olaraq fərqli ssenarilər üzrə gedə bilər:
- Çauşesku nümunəsi. Rumıniyanın keçmiş kommunist lideri xalq etirazları fonunda 1989-cu ilin qışında hərbi-siyasi elita tərəfindən devrilərək edam edilmişdi. İstisna deyil ki, Kremldə fatal “saray çevrilişi”nin şahidi ola bilərik.
- Pinoçet nümunəsi. Çili diktatoru hakimiyyətdən könüllü əl çəkdikdən sonra əvəzində ömürlük senator olmuş və məhkəmə təqiblərindən immunitet əldə etmişdi. Rusiya Konstitusiyasına ötən ilin dekabrında edilən dəyişiklikdə RF-nin eks-prezidentinə və ailəsinə can və malları üçün toxunulmaz statusu verilib. Düzdür, Çili Ali Məhkəməsi çox sonra Pinoçetin imtiyazlarını ləğv etmiş və keçmiş diktatora qarşı 100-dən artıq ittiham üzrə cinayət işi başladılmışdı. Amma Pinoçet çox qocalmışdı, öldü və canını qurtardı.
- Nazarbayev nümunəsi. Burda Pinoçet presedenti ilə müəyyən oxşarlıqlar var. Elbası da Çili diktatoru kimi böyük imtiyazlar aldı və sonra onlardan məhrum buraxıldı. Fərq bundadır ki, Pinoçet hakimiyyəti demokratik rejimə buraxmışdı, Nazarbayev isə yaxın adamı Tokayevə tranzit etmişdi. Yəni, lideri dəyişməklə rejimə kosmetik korrektə və yaxud hakimiyyəti ən yaxın adama ötürmək də keçmiş diktatorların siyasi və fiziki təhlükəsizliyinə təminat vermir. Noyabrın 20-də Qazaxıstanda prezident seçkisi keçiriləcək. Qazaxıstan Konstitusiyasına edilən son dəyişikliyə görə, dövlət başçı 7 illik seçilir və bir müddət prezident ola bilər. Tokayevin yenidən prezident seçiləcəyi şübhə doğurmur və onun yeni müddətinin Nazarbayevə nə vəd etdiyini isə irəlidə görəcəyik.
Miloşeviç nümunəsi və ya Haaqa tribunalı Serbiyanın keçmiş diktatoru “buldozer inqilabı”nda hakimiyyətdən devrildikdən sonra keçmiş Yuqoslaviyada hərbi cinayətlər üzrə beynəlxalq tribunala verildi və istintaq gedərkən Haaqa tribunalının həbsxanasında təqsirləndirilən şəxs kimi dünyasını dəyişdi. Yəni, hakimiyyəti itirdikdən və ya ötürdükdən sonra həm avtoritar, həm də demokratik rejimlərdə, fərqli mülahizələrlə olsa da, siyasi fiqurun can, status və malının toxunulmazlığına qarantiya yoxdur.
Rusiyanın zəngin sərvətləri, ucsuz-bucaqsız torpağı, yetərli hərbi gücü və insan potensalı var, tükənənsə idarəçilik resursudur. Qoqol və ya Saltıkov-Şedrin demişkən, “Rusiyanın iki bəlası var: axmaqlar və yollar”. Birincilər hər dəfə hakimiyyətə sahiblənib dövlətin başını bəlaya soxurlar. Bu, Rusiyanın köhnə problemidir. Təsadüfi deyil ki, qədim salnamələrində (“Повести временных лет”) ruslar varyaqlara çağırışlarında zənginliklərə sahib olduqlarını, amma nə onları, nə də özlərini idarə edə bildiklərindən şikayətlənirdilər: “Knyaz axtarırıq, bizə sahib dursun və sahman yaratsın”.
Qəzənfər Həmidoğlu
Paralel.az