Moskvada Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyası açılıb - FOTO

Moskvada Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyası açılıb - FOTO
 


Rusiya Xalqlar Dostluğu Universitetində Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyası açılıb.
Moskvada yerləşən Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Filologiya fakültəsində Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasının açılış mərasimi keçirilib.
“Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyəti” (MVAMMM) regional ictimai təşkilatı tərəfindən təşkil olunan açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, RXDU və digər ali məktəblərin elmi-pedaqoji heyəti, KİV mənsubları, Moskva şəhəri və vilayəti, Buryatiya Respublikası və Arxangelsk vilayəti üzrə diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RXDU-nun Filologiya fakültəsinin dosenti, filologiya elmləri namizədi Anar Həsənov bildirib ki, dahi Azərbaycan şairinin və mütəfəkkirinin adını daşıyacaq auditoriya ölkəmizin zəngin irsi olan milli ədəbiyyatı təbliğ etmək, Azərbaycan-rus ədəbi əlaqələrinə və ədəbiyyatımızın dünya mədəniyyətindəki roluna diqqəti cəlb etmək məqsədilə yaradılıb.
O, açılış mərasimində iştirak edən tədbir iştirakçılarına, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Rusiyadakı diplomatik missiyasının rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını ifadə edib: “Biz tədbirimizlə maraqlanan və ona xüsusi diqqət ayıran Komitə sədri Fuad Muradova xüsusi təşəkkürümüzü bildiririk”.
Komitə sədrinin salamlarını tədbir iştirakçılarına çatdıran DİDK əməkdaşı Tural Səfərov iki ölkənin tarixində baş verən bu əlamətdar hadisə münasibətilə təşkilatçılara, çoxsaylı soydaşlarımızın təhsil aldığı RXDU rəhbərliyinə və Filologiya fakültəsinin dekanlığına minnətdarlığını bildirib. Qeyd edib ki, tədbirin məhz Rusiya Xalqlar Dostluğu Universitetinin divarları arasında keçirilməsi sevindirici haldır. Bu universitetdə çoxlu sayda soydaşımızın təhsil aldığını, karyera qurduğunu, xalqlarımız arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə töhfələr verdiyini xatırladıb.

Nəzərə çatdırıb ki, təkcə Azərbaycanın deyil, dünya ədəbiyyatının fundamental mütəfəkkirlərindən biri olan qüdrətli söz ustadı öz yaradıcılığı ilə bəşəriyyətin bir çox yazıçı və şairlərini ruhlandırıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunduğu, bununla əlaqədar Azərbaycanda və xaricdə çoxsaylı tədbirlərin keçirildiyi vurğulanıb. “Rusiyada Azərbaycanın dahi oğlunun yaradıcılığına böyük sevgi ilə yanaşılır və yüksək qiymət verilir. Nizami Gəncəvinin şərəfinə Moskva, Sankt-Peterburq, Dərbənd və Çeboksarıda ucaldılmış abidələr bunun bariz göstəricisidir. Hesab edirəm ki, indiki mühüm hadisə - Nizami Gəncəvi adına Azərbaycan ədəbyyatı auditoriyasının açılması ölkələrimiz arasında elm, mədəniyyət sahəsində əlaqələrin inkişafına və humanitar əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək”, - deyə DİDK əməkdaşı vurğulayıb.
Sonra Komitə sədrinin adından Filologiya fakültəsinin dekanı Viktor Barabaşa ünvanlanan məktub təqdim edilib.
Mərasimdə Filologiya fakültəsinin beynəlxalq fəaliyyət üzrə dekan müavini Nataliya Poplavskaya, Azərbaycanın Rusiyadakı səfirliyinin elçi-müşaviri Aqşin Əliyev, MVAMMM sədri Elşən İbrahimov və başqaları çıxış ediblər.
Azərbaycanın Rusiyadakı fövqaladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun təbrik məktubu oxunub. Məktubda auditoriyanın açılmasına şərait yaratdığına görə universitet rəhbərliyinə minnətdarlıq bildirilib: “RXDU təkcə bilik vermək, mütəxəssis hazırlamaqdan əlavə, həm də dostluğu, dözümlülüyü, qarşılıqlı anlaşmanı öyrədir”.
Qeyd edək ki, Nizami Gəncəvi adına Azərbaycan ədəbiyatı auditoriyasının yaradılması ideyası RXDU-nun Filologiya fakültəsinin dosenti Anar Həsənova məxsusdur. Bu ideya fakültənin dekanı, professor Viktor Barabaşın dəstəyi, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü Nizami Əliyev, Anar Həsənov və Elşən İbrahimovun birgə layihəsi əsasında gerçəkləşdirilib.

0.020877122879028