İran molla diktaturasında fikir ayrılıqları güclənir - I yazı
Siracəddin Hacı:
İrandakı siyasi sistem belə çalışırdı: bu ölkənin mütləq hakimi Seyid Əli Xamneyi olsa da, hakimiyyətdə təmsil olunanlar mühafizəkarlar, liberallar (islahatçılar) olmaqla iki yerə ayrılır, bu yolla İranda islahat tələb edən xalqa ümid verilir, o, gözəl gələcək vədi ilə idarə olunur, eyni zamanda islahatçılar xətti ilə İran dünya ilə əlaqə qurmaq imkanı qazanırdı (formal seçki olsa da, İranda prezidentin kimliyini də Xamneyi müəyyən edir, o, əlini kimin üstünə qoysa, xalq onu “seçir”). İranın strateji çıxarları baxımından mühafizəkarlarla liberallar arasında ciddi fərq yoxdur, fərq hədəfi gerçəkləşdirmək üsulundadır. Liberallar deyirlər ki, İranın daxili və xarici siyasətində islahatlara ehtiyac var, İran blokadadan çıxmasa, onu blokadaya məhkum edən siyasətdən imtina etməsə, rejimin dünya və xalqla bağı qopacaq, nə İranı, nə də rejimi qorumaq mümkün olacaq. İranın siyasi, iqtisadi, hərbi imkanlarına hakim olan mühafizəkarlar isə dəyişimi – islahatı rejimə təhlükə sayır, imtiyazlarını itirməkdən qorxur, hakimiyyəti kimsə ilə bölüşmək istəmirlər. Qeyd edim ki, İranda liberal qanadı prezident təmsil edirdi;
- Bu siyasət Rəisinin prezident seçilməsinədək davam etdi, Rəisi qatı mühafizəkarlardan olduğundan mühafizəkar-liberal siyasəti – oyunu da bitdi, xalqa ümid vermək, manevr etmək imkanı ortadan qalxdı, hakimiyyət sərt mühafizəkarların – mollaların, ordunun – inqilab keşikçilərinin əlində cəmləşdi, onlar hakimiyyətin bütün qanadlarına – İranın nemətlərinə hakim oldular, sərt siyasət tətbiq etdilər, İran xalqının ciddi sıxıntılarının həll olunması üçün önəmli addımlar ata bilmədilər, qorxudaraq, xarici düşmən mifi yaradaraq, xurafələrə bağlı din anlayışını uyutmaq, xalqı cəhalətdə saxlamaq vasitəsinə çevirərək idarəyə davam etdilər, buna uyğun olaraq xalq da islahat ümidini itirdi, üsyankar oldu;
- Nəticədə, himə bənd, boğaza yığılan, zülm altında əzilən, din sopası ilə döyülən, aldadılan, uyudulan İran xalqı Məhsə Əmininin ölümünə etiraz olaraq küçələrə axışdı, üsyan etdi, diktatora ölüm dedi, bununla eyni zamanda hakimiyyət uğrunda mübarizə də qızışdı, xəstə Xamneyini kimin əvəz edəcəyi məsələsi gündəmə gəldi, çəkişmə böhranı dərinləşdirdi, son 40 ilin ən uzun, qanlı etirazı baş verdi, bütün böyük şəhərlərə - İranda şəhərləşmə faizi yüzdə yetmişi keçdi – ölkəyə yayıldı, qadın haqları uğrunda mübarizə kimi başlayan etirazlar (bu, İran tarixində bir ilkdir, bir ilk də odur ki, İranda kişilər qadın haqlarını müdafiə edirlər), sosial – yoxsul İran xalqı iqtisadi vəziyyətin düzəlməsini istəyir, siyasi – xalq molla diktaturasının dəyişməsini tələb edir, milli kimlik – İranda yaşayan xalqlar haqlarını dilə gətirirlər – rənglərinə boyandı, rejimin zülmü fərqli tələbləri, qrupları, kimlikləri, çıxarları birləşdirdi, vəziyyət rejimin nəzarətindən çıxdı;
- Molla rejimi vəziyyətə nəzarət imkanı qazanmaq üçün öncə sərt yol seçdi, ikiyönlü iş gördü:
a) xarici düşmənləri önə çıxartdı, İsraili, ABŞ-ı, Səudiyyə Ərəbistanını ittiham etdi, İranın bütövlüyü təhlükədədir, İran əldən gedir havası formalaşdırdı, Azərbaycanla münaqişəyə girdi – bu çəkişmə sadəcə Zəngəzur yolu ilə bağlı deyil, İran parçalanır havası yaşatmaq, bu yolla da xalqı rejimin ətrafında səfərbər etmək cəhdidir, Rusiya ilə əlaqəni gücləndirdi;
b) üsyançılara qarşı sərt davrandı, yüzlərlə adam öldürdü, etirazçıları oğurladı, onlar casus, xaindirlər dedi, edam istədi. Toplasaq, rejim bu mərhələdə üç ölçü qoydu: üsyan İranın düşmənlərinin işidir, üsyançılar onların əlaltılarıdır, İran dağılar;
Molla rejiminin bu siyasəti bir işə yaramadı, ciddi nəticələr vermədi – xəstəliyin diaqnozu yanlış qoyulduğundan tətbiq olunan müalicə özünü doğrultmadı…
Ardı var…
Paralel.az