Rusiyanı “Rusiya”dan qovdular...

Rusiyanı “Rusiya”dan qovdular...
 


Xerson döyüşü: “girdiyi yerdən çıxmayan Rusiya” mifi dağıdıldı.
Ukrayna böyük zəfərini sonuncu işğalçını öz torpaqlarından, eləcə də Donbas və Krımdan qovduğu gün bayram edəcək. Amma Putin Rusiyasının döyüş meydanında hər məğlubiyyəti, Ukrayna ordusunun vətənin hər bir qarışını azad etməsi də böyük və tarixi qələbədir.
Hoyabrın 11-də Ukrayna Silahlı Qüvvələri (USQ) Xerson şəhərinə daxil oldu. Səkkiz aydır rus işğalı altında yaşayan yüzlərlə şəhər sakini mavi-sarı rəngli bayraqlarla Xersonun küçələrində doğma hərbçilərinin pişvazına çıxdılar, onları alqışladılar, bağırlarına basdılar, sevindilər, duyğulandılar.
USQ-nin Xerson şəhərini işğaldan azad etməsi Ukrayna tarixinə yazılacaq, dünya hərb tarixinə düşəcək epik, möhtəşəm qələbədir. Düzdür, Ukrayna qoşunları Xersona döyüşsüz girdilər, rus əsgəri şəhərdən biabırcasına, rəzil halda əkildi. Amma Rusiya qoşunları geri çəkilməyə məcbur edildilər. USQ-nin sentyabrın 6-da başlatdığı payız əks-hücumu yetərincə sürətli və müəzzəm oldu: vur-tut iki ay içərisində Xarkovu işğalçılardan tamamilə təmizlədilər, Donbasda bir sıra strateji mövqələri qaytardılar, rusların hücumlarını Baxmutda dayandırdılar və nəhayət, Ukrayna bayrağını Xersonda dalğalandıraraq düşməni Dneprin sol sahilinə atdılar.
Xerson aqrar vilayətdir, simvolu da qarpızdır. Putin qoltuğuna iri bir qarpız vurub Xersona girmişdi, amma xoruzunu qoltuğuna verdilər...
Xerson döyüşünün tarixi önəmi bundadır ki, Putin qondarma referendum keçirib “Rusiyanın subyekti” elan etdiyi bir yerdən qovuldu - USQ “girdiyi yerdən çıxmayan Rusiya” mifini çürütdü, dünyaya göstərdi ki, rus qoşunu ən azı girdiyi şəhərdən necə biabırcasına qovulur.
Putin son iki gündə nə ortalıqda göründü, nə də səsi çıxdı. Rusiya lideri adəti üzrə vacib tarixi məqamlarda adam arasına çıxmır, sanki yoxa çıxır. Əslində, Rusiyanın xilası bu adamın gerçəkdən yoxa çıxmasındadır. Bəndəniz “Putin Xersonu itirərsə...” adlı yazısında belə fatal-ironik ssenari düzüb-qoşmuşdu ki, Kreml sahibinin qafasına bir güllə sıxması Rusiyanın fəlakətli perspektivdən qaçış yollarından biri ola bilər...
Amma belə görünür ki, Putinin missiyası və ya alnına yazılan Rusiyanı tamamilə batırmaqdır. Yəni, mavr öz işini qurtarmayıb, mavr hələ gedə bilməz...

Qəzənfər Həmidoğlu

Paralel.az

0.017323970794678