İlham İsmayılov:
"Türk Dövlətləri Təşkilatının fəaliyyəti təşkilatı dünyada söz sahibinə çevirib"

İlham İsmayılov:
 

"Türk Dövlətləri Təşkilatının fəaliyyəti və dövlət başçılarının birlikdə yürütdükləri siyasət Türk Birliyi ölkələrini dünyada söz sahibinə çevirib"

Xəbər verdiyimiz kimi, bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilb. Tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev və Təşkilatın yeni Baş katibi Kubanıçbek Ömüralıyev iştirak və çıxış ediblər.

Tədbirlə bağlı fikirlərini bölüşən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bildirib ki, bu Zirvə görüşü zaman və məkan, eləcə də müzakirə olunan mövzuların dərinliyi və həssaslığı baxımından da olduqca maraqlı və yaddaqalan oldu. "Zaman və məkan baxımından ona görə deyirəm ki, indiki vəziyyətdə dünyada və regionda baş verən müharibələr və kataklizmlərin mövcud olduğu bir vaxtda bu zirvə görüşünün belə möhtəşəm şəkildə Orta Asiya regionunda keçirilməsinin özü bütün Türk Dövlətlərinin uğuru sayılmalıdır.

Əvvala Özbəkistan əvvəlki Zirvə görüşlərindən fərqli olaraq,bu gün Türk Birliyi ilə bağlı məsələlərdə daha aktiv bir şəkildə proseslərə qatılıb. Həm də bu proseslərdə iştirakı zamanı Özbəkistanı daha çox bu gün Rusiyanın təsir dairəsindən azad və müstəqil siyasət yürütdüyünü görə bilirik. Bu fikirləri sadəcə bu günkü tədbirə görə yox, son bir neçə il ərzində Özbəkistanın Türk Dövlətləri, o cümlədən ölkəmizlə və Türkiyə ilə bağlı münasibətlərindəki dinamik inkişafa əsaslanıb demək mümkündür.

Əslinə qalsa, Orta Asiya Türk Dövlətlərinin hər birində biz artıq Rusiyanın təsir dairəsinin zəiflədiyini müşahidə edirik. Təbii ki, doqquzuncu ayında davam edən Rusiya-Ukrayna müharibəsi və Rusiyanın itirdiyi imici və gücü də bu amillərə təsir edir. Lakin hesab edirəm ki, 2009-cu ildə ilk dəfə Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatının fəaliyyəti və dövlət başçılarının qərarlı bir şəkildə yürütdükləri siyasət bu gün Türk Birliyi ölkələrini söz sahibinə çevirib və artıq bütün beynəlxalq birliklər, dünya dövlətləri belə bir Birliyin mövcudluğunu ciddi şəkildə qəbul edir və hesablaşırlar".

İlham İsmayılov IX Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında toxunduğu soydaşlarımızla bağlı məsələyə diqqət çəkərək, bildirdi ki, prezidentin çıxışı son vaxtlar İranın ölkəmizə qarşı təhdidlərinə əsaslı və tutarlı bir cavab idi. "Azərbaycan prezidenti Türk Dövlət Təşkilatlarının yüksək Zirvə görüşündə dünyadakı 40 milyondan çox soydaşımızın ana dilində təhsil ala bilməməsini, onların pozulan hüquqlarına Azərbaycanın laqeyd qalmayacağını qeyd etməklə, həm də onların problemlərini geniş tribunadan dilə gətirməklə İranın artan təhdidlərinə cavab vermiş oldu.

Eyni zamanda soydaşlarımızın problemini ümumtürk konteksində təqdim etməklə, dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlaması, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səyləri də birləşdirməyin vacibliyini diqqətə çatdırdı. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil alması daim təşkilatın gündəliyində olmalıdır, bu istiqamətdə lazımi addımlar atılmalıdır" - deyərkən Azərbaycan prezidenti yalnız dünyada yaşayan Azərbaycanlıları deyil, həm də Türk dövlətlərdən kənarda yaşayan Türk toplumunu nəzərdə tuturdu.

Bu olduqca vacib məsələdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı bu istiqamətdə səylərini daha çox artıracaq, Türk Dövlətlərindən kənarda yaşayan, türklərin təşkilatda daha aktiv iştirakını da təmin edəcəklər. Biz ictimai təşkilat olaraq 15 ildən çoxdur ki, bu istiqamətdə fəaliyyət göstəririk və bütün türk toplumları ilə də əlaqələrimiz mövcuddur. Sevindirici haldır ki, bu istiqamətdə görülən işlər artıq daha geniş müstəvidə baş verir.

Dövlət başçılarımız səviyyəsində türk toplumlarının problemləri Zirvə görüşlərində gündəmə gətirilir, onların Türk Birliyindəki yerləri göstərilir. Azərbaycan prezidentinin dilindən bu məsələnin səslənməsi isə bir daha sübut edir ki, Azərbaycan hər zaman olduğu kimi bu gün də Türk Birliyinin konsalidasiyası rolunu oynayır”.

ATXƏM sədri İlham Əliyevin işğaldan azad edilən Azərbaycan torpaqlarında bərpa quruculuq işlərində Türk Dövlətlərinin iştirakı ilə bağlı çağrışını da yüksək qiymətləndirərək, bildirdi ki, bu prosesdə bütün Türk Dövlətlərinin iştirakı həm birlik, bərabərlik baxımından, həm də ortaq iqtisadi maraqlar baxımından olduqca vacibdir.

"Bu gün Zəngəzur dəhlizinin açılmasına görə İran Azərbaycanı təhdid edir. Bu dəhliz yalnız Azərbaycanın deyil, Türkiyəni də Orta Asiya Türk Dövlətləri ilə bağlayan mənəvi və iqtisadi bir bağdır. Bu hər bir ölkə üçün yaranmış fürsətdir və bunun reallaşması üçün əmək sərf edilməlidir. Aydındır ki, Fransa, İran, Ermənistan başda olmaqla bəzi ölkələr bu dəhlizin aşılmasını arzu etmirlər. Lakin bu dəhliz həm də Türk Dövlətlərini birləşdirən, onlar arasında iqtisadi bağları dərinləşdirən bir xəttdir və bunu reallaşması üçün Türk Dövlətləri da birlik nümayiş etdirməlidirlər. "

0.035266876220703