Günahına görə qadını sevin...
Andrey Aleynik
Günahına görə qadını sevin,
cənnətdən gətirib o, günahını.
Yoxsa ki, biş-düşü, yır-yığışıyçün
Sevmək lazım deyil əsla qadını.
Sizdən gizlətdiyi dərdinə görə,
kədərinə görə qadını sevin.
Siz ona nə qədər yaxın olsanız
Qayğısı azalar qayğılı evin.
Siz ağlına görə sevin qadını-
o sadə, o böyük ağlına görə;
səhər açılandan evə yayilan
uşaq gülüşünə, işığa görə.
Sizə bəxş etdiyi gecəyə görə,
bəli, buna görə sevin qadını.
Siz yorğun olanda, əldən düşəndə
əvəz edə bilməz bir insan onu.
Elə göstərdiyi xoş rəftar üçün,
incə nəvazişçün sevin qadını.
Acı sözünü də siz şəkər bilin,
hər vaxt uca tutun onun adını.
Arzusuyla birgə sevin qadını,
sevin fitnə dolu sirləri ilə.
Onu ələ salan, təhqir eləyən
hərcayı sözləri almayın dilə.
Siz sevin qadını etirazıyla,
Sevinin zəifin qələbəsinə.
Sadəcə, dünyaya doğulduğuyçün,
Sizin olduğuyçün sevin siz yenə...
Tərcümə edəni:Firuz Mustafa
Paralel.az