Çünki adı "QƏLƏBƏ”di
"Paralel.az" Kamalə Abiyevanın 2003-cü ildə qələmə aldığı şeiri təqdim edir.
Uşaqlıqdan çox sevərdim doqquz mayı,
Sevinc ilə gözləyərdim mən bu günü, mən bu ayı.
9 mayda hər bir tərəf gül-çiçəyə bürünərdi,
9 mayda hamı xoşbəxt görünərdi.
9 mayda təzə paltar geyinərdim, bəzənərdim,düzənərdim,
böyüklərlə birgə mən də sevinərdim.
Uşaq idim, doqquzu may mənim üçün
sadəcə bir bayram idi, bir də adı ”qələbə”ydi.
İllər ötdü...anladım mən, anladım ki,
Qələbənin bayram günü - zəfər günü,
Min əzabdan, min ağrıdan doğulan gün
Kədər dolu ürəklərin sevinc dolu göz yaşında
boğulan gün necə, necə möhtəşəmdi,
Çünki adı "QƏLƏBƏ”di.
Qələbənin bayram günü, sevinc ilə gözləyirəm mən bu günü.
Zəfər günü! Möhtəşəmdi həqiqətin, möhtəşəmdi səadətin.
Nə olaydı, bu möhtəşəm həqiqəti,
Bu möhtəşəm səadəti ana yurdum yaşayaydı,
Bu torpaqda qələbənin bayram günü kaş olaydı.
23...26... faciəli fevral günü, 8-i may, 30 aprel..
Daha neçə işğal günü...
Bu günləri sevmirəm mən."Məğlub”,”İşğal”,”Faciə”di,
Fərqi nədi bu günlərin adı nədi.
Nə olaydı bu günləri yad etməyə dözməyəydik,
dözümdən üz döndərəydik.
"məğlub,işğal” sözlərini döyə-döyə, söyə-söyə
Çatmaq üçün qələbəyə biz dözümün özünü də
Məğlub edib mat qoyaydıq. Öldürəydik,öləydik biz.
Bu günləri yaddaşlardan siləydik biz.
Bu günlərə qələbənin gözləriylə güləydik biz.
Şəhidlərin məzarından doğum-ölüm tarixini pozaydıq kaş.
əvəzində tək bircə gün- qələbənin tarixini yazaydıq kaş.
Qələbənin bayram günü-Zəfər günü,
Yətən üçün,torpaq üçün ölənlərin bayramısan,
şad günüsən-Şəhidlərin ad günüsən.
Nə böyükdü həqiqətin,nə gözəldi səadətin!
Necə,necə möhtəşəmsən!
Bacarsaydım sənə heykəl qoyardım mən.
Sonra hər gün qürur ilə önündəcə diz çökərdim,
baş əyərdim, əyildikcə ucalardım! Ucaldıqca öyünərdim.
Hamı ilə birgə mən də sevinərdim.
Qələbənin bayram günü!
çox sevirəm mən bu günü.
Həqiqəti müqəddəsdi! Səadəti müqəddəsdi!
Çünki adı "Qələbə”di.
Deməyin ki,ömrümüzdə bayram çoxdu,
Qələbənin bayramının tayı yoxdu.
Nə qədər bayram eləsək,hansı günə bayram desək
puçdu, vallah,
qələbənin bayram günü yoxsa əgər ömrümüzdə
bu bayramlar heçdi, vallah.
Qələbənin bayram günü-Zəfər günüm,
nə gözəldi həqiqətin, nə gözəldi səadətin.
Nə olaydı bu həqiqət,bu səadət torpağımda yaşayaydı.
Çadırlarda ana olan gəlinlərim övladına deməyə bir söz tapaydı.
"məğlub”,”işğal, faciə”di - fərqi nədi hansı ayın neçəsidi,
bu günlərin adı nədi? Bu günləri unudaydı.
Çadırlarda ayaq açan körpələrim
bu günlərdən heç xəbər də tutmayaydı.
Nə olaydı bu körpələr Qələbənin bayram günü
bəzənəydi,düzənəydi,hamı xoşbəxt görünəydi.
Odlar yurdum, ulu torpaq, od-alova dönəcəyik,qisasını alacayıq.
Lap tarixin özünü də mat qoyaraq
bu günləri yaddaşından siləcəyik.
Ana yurdum, ulu torpaq bir gün sən də
rahat- rahat nəfəs alıb öyünərsən,sevinərsən,
Sənin ilə birgə mən də sevinərəm.
Hamınıza qələbə sevinci yaşamaq arzusuyla.