YAZIR...
Ədalət Cümşüdoğlu
Şairlik eşqinə düşübdür hamı,
Qanmayan da yazır, qanan da yazır.
Vətənin, torpağın, elin dərdinə,
Yanmayan da yazır, yanan da yazır.
Nəsihət anlamır, nə də ki, öyüd,
Palıdı bəyənməyir indi cır söyüd,
Dəbdəbəli diplom, saxta təqaüd-
Almayan da yazır, alan da yazır.
Yox olub şairi, aşıq, ozanı,
Hanı dövrümüzün əsil yazanı?!
Oludur şeiriyyət xaşıl qazanı,
Doymayan da yazır, doyan da yazır.
Seçə bilməyənlər qanqalla gülü,
Sanır özün şeir, sənət bülbülü;
Hər sözdə, misrada nöqtə, vergülü,
Qoymayan da yazır, qoyan da yazır.
Nifrət etsəniz də siz Ədalətə,
Bir az hörmət qoyun sözə, sənətə.
Quru fəxri ada, şana, şöhrətə-
Uymayan da yazır, uyan da yazır...
Paralel.az