Zirvəyə ucalan ömür yolu

Zirvəyə ucalan ömür yolu
 

Zirvəyə ucalan ömür yolu

Kamil Seyid oğlu Məmmədovun
çətin və şərəfli həyat hekayəsi

Bu yazını Böyük Qafqaz dağlarının ətəyində yerləşən, Dəmiraparan və Qara çayın qolları arasında zümrüd meşələrlə əhatə olunmuş Azərbaycanın dilbər guşəsi Qəbələdə doğulmuş və xalqımızın yüksək səviyyəli sevimli ziyalısı Kamil Seyid oğlu Məmmədovun həyat hekayəsini oxuculara təqdim edirik.

Kamil Məmmədovun uşaqlıq illəri ikinci dünya müharibəsinin odlu, alovlu illərinə təsadüf edib. O, kiçik yaşında dövrün bütün çətinliklərinə əzmlə qalib gəlib. İlk əmək fəaliyyətinə kolxozda başlayıb. Kamil müəllim hər cür çətinliklərə mərdliklə sinə gərərək, üzərinə düşən işi layiqincə yerinə yetirib. Atasını vaxtsız itirən Kamil həyatın ona bəxş etdiyi bütün çətinlikləri aşaraq, həm də yaxşı təcrübə toplayıb. O, yaşının gənc olmasına baxmayaraq, həyatdan yaxşı dərs alır və müdriklik zirvəsinə ucalır. Gərgin zəhmətlə keçən çətin həyat yolu Kamil Məmmədovun həm fiziki, həm mənəvi, həm də elmi baxımdan mərd və mübariz yetişməsində mühüm rol oynayır.

Kamil Məmmədov lap gənc yaşlarında zəhmətlə yaşamağa məcbur olur, o, xoşbəxt uşaqlıq həyatı yaşamaqdan məhrum oldu. Çətinliklərin məngənəsində bərkdən-boşdan çıxan gənc Kamil həyatın çətinliklərinə mətanətlə sinə gərir. Böyüyür, mənəviyyatca yetkinləşir və zənginləşir. Kiçik yaşlarından zəhmətə alışan Kamil Məmmədov qısa müddətdə böyük əməl sahibinə çevrilir.
O təhsilini artırmaq qayğısına qalır və az sonra məqsədinə nail olur. Həyat bu yolda da onu sınağa çəkir və keçdiyi çətin yollardan çox şey öyrənir. Çətin yolları irəliləməklə özünün həyat hekayəsini daha da dolğunlaşdırır.

Kamil Məmmədovun halal zəhmətlə başlanan ömür yolu fədakar əməyi sayəsində zirvəyə yüksəlib. O, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qəbələnin sosial-iqtisadi inkişaf etməsi istiqamətində əməli fəaliyyət göstərib, zavod və fabriklərin, iaşə obyektlərinin, yaşayış binalarının, istirahət parklarının tikinti quruculuq işlərinin təşəbbüskarı kimi dəyərli işlər həyata keçirib. Bu gün onu tanıyan gənc nəsil onunla fəxr edir, qürur duyur. Vaxtilə Azərbaycanımız, Qəbələmiz üçün gördüyü işlərin şahidləriyik.
Kamil Məmmədovun keçdiyi həyat yolu olduqca zəngindir.

O, 1956 - 1958-ci illərdə Azərbaycan SSR Ərzaq Məhsulları Sənayesi Nazirliyində baş mexanik, 1959-1962-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Komitəsində texniki şöbənin müdiri, 1962-1964-cü illərdə isə Bakı Biskvit Fabrikində baş mühəndis kimi çalışıb. O, 1964-1969-cu illərdə Azərbaycan SSR Nazirlər Kabinetində şöbə müdirinin müavini, 1970-1971-ci illərdə Ət-Süd Sənayesi Nazirliyində nazir müavini, 1971-1972-ci illər Yeyinti Sənayesi Nazirliyində nazir müavini, 1972-1985-ci illərdə isə Yeyinti Sənayesi Naziri vəzifəsində işləyib.

K. Məmmədov daha sonra 1986-1990-cı illərdə Azərbaycan SSR Aqrar Sənaye Komitəsi Sədrinin birinci müavini, Respublika naziri, 1991-1992-ci illərdə Kənd Təsərrüfatını nazirinin birinci müavini, 1993-1994-cü illərdə Yeyinti Sənaye Şirkətinin vitseprezidenti vəzifısində çalışıb. O, 1994-1996-cı illərdə Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti vəzifəsində işləyib. Fəaliyyət göstərdiyi dövrdə Gəncə, Bərdə, Salyan, Ağdam çörək zavodları, Naxçıvan Mineral Sular Zavodu, Zaqatala, Şəki və Qəbələ Tütün Fermentasiya zavodları, Bakı Çay və Biskvit fabriklərinin filiallarının tikilməsində iştirak edib. Gəncə və Əli-Bayramlı yağ-piy kombinatlarının yenidənqurma işlərini aparıb.

Onun fəaliyyəti  dövründə Zaqatala, Şəki, Qəbələ və Bərdədə yaşayış binaları, Yevlax, Balakən və Qəbələdə uşaq bağçaları, Qəbələdə stadion, Qəbələ və Bakıda istirahət zonaları, uşaq xəstəxanası tikilib istifadəyə verilib. Azərbaycanda emal sənaye müəssisələrinin istehsalat gücünün artırılması məqsədilə geniş yenidənqurma işlərinin aparılmasında yeni müəssisələrin tikilməsində xidməti olub.

Kamil Məmmədov Azərbaycan dövlətinin inkişafında uğurlu fəaliyyət göstərdiyinə görə, müxtəlif dövlət vəzifələrində çalışmaqla, o, üç çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib, Azərbaycan KP MK üzvü olub, Qırmızı Əmək Ordeni ilə təltif edilib, Əməkdar Mühəndis fəxri adı alıb, Prezident təqaüdünə layiq görülüb. Azərbaycanın dövlətçiliyinin inkişafı istiqamətində mühüm işlər görərək, əməyi ilə özünəməxsus səhifələr yazıb.

Kamil müəllimin müəllifi olduğu "Yaşadıqlarım Bakı-2015", "Müraciət Bakı-2019" kitablarında onun ömür yolu haqqında, Azərbaycanın xoş sabahı naminə gördüyü işlərdən, yaşadığı həyatın hər bir anı qələmə alınıb. Hazırda bu kitablar şərəfli ömrün tarixi kimi gənc nəsil üçün nümunə olan həyat məktəbidir. Bu kitabları oxuyan hər bir insan halal zəhmətin, əməksevərliyin, vətənpərvərliyin nümunəsini, həyatda ucalmağın, şərəf və hörmətə nail olmağın yollarını, sonunda uca Allahın mükafatına layiq olmağın yollarını öyrənir.

Kamil Seyid oğlu Məmmədovun doğum günü 18 avqust tarixindədir. Kövrək qəlbli ziyalı, el ağsaqqalı, sizi ad gününüz münasibətilə təbrik edirik, sizə möhkəm can sağlığı, ömrün yüz illik zirvəsini fəth etməyinizi arzulayırıq.

Hörmətlə,
Feruz Səddinov, Səməd Səmədov, Telman Nizamov – texnika elmləri doktoru, professor, Azərbaycan və beynəlxalq mühəndislik akademiyasının akademiki, dövlət mükafatı laureatı, Rais Rəsulzadə - əməkdar rəssam, ADPU-nun müəllimi, Qərib Qəribov dövlət qulluqçusu, Sədiyar Səfərəliyev dövlət qulluqçusu, Sadıq Sadıqov əməkdar müəllim, Qəhrəman Əhmədov, İlhamə Seyidova, Fərman Əzizli.

Yazını hazırlayanlar: İlhamə Seyidova elmi işçi, Fərman Məhəmməd Əzizli - Azərbaycan Respublikasının Maarif xadimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi, rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü.

Paralel.az

0.026176929473877