“SONSUZA KADAR REZERVE” -FOTO
“SONSUZA KADAR REZERVE”
Borş istəmişdi ürəyim o gün. Bəlkə də borş üçün yox, anam üçün, Bakı üçün darıxmışdım. Anamın bişirdiyi borş çəkmişdi canım yəqin. Onun hazırladığı borş dillər əzbəri idi qohumlar arasında. Dadı da ləzzətli idi, görünüşü də - rəngi xoruz pipiyi rəngində olurdu. 1991-nin sonbaharıydı, İstanbulun çiskinli-yağışlı oktyabr axşamlarından birində özümə ziyyafət vermək istəyirdim. Ad günümü qeyd edəcəkdim…
Osman F. adlı bir dostumla Harbiyedə kafelərdən birində oturub söhbətləşirdik. Ona “Bu akşam bendensin” dedim. İşi vardı, ancaq doğum günüm olduğunu biləndə dəvətimi qəbul etdi. Çox imkanlı bir ailənin imkanlı bir oğlu idi, saygın bir işadamıydı. Mühafizəkardı, içki içmirdi. Hara gedək deyə sorduğunda ona “Borç çorbası, qara çörək və vodka istəyirəm” dedim. Əvvəlcə üz-gözünü turşutdu, tərs-tərs üzümə baxdı. Yumşaldı, “Sənin günündür bu gün, istədiyin olsun. Özəl bir yer bilirəm” dedi.
Türklərin çoxu borşu bilməz, bilən də “borç” deyir. Doğrusu, İstanbulda borş verilən bir restoran olduğu o vaxt ağlıma gəlməzdi. Rus mətbəxi heç indi də yoxdur İstanbulda.
Harbiye tərəfdən Beyoğluna gəldik. İstiqlal caddəsi ilə Galatasaray litseyinə, oradan da Asmalımescit səmtinə keçdik. “Tunel”ə çatmadan sağa, qaranlıq bir küçəyə burulduq. İns-cins yoxdu ətrafda. Qarşımıza çıxan kilsədən sola dönəndə giriş qapısının üstündə “Rejans” yazılmış qədim bir bina gördük. İçəri girəndə masaların ağ örtüyü, rus dilində deyilən sağlıqlar mənə nostaljik hisslər yaşatdı…
“Rejans”dan kimlər gəlib, kimlər keçib – Cumhuriyyətin qurucusu Mustafa Kemal Atatürk, rəqqasə və dövrün əfsanəvi agenti Mata Hari, məşhur sinema ulduzu Greta Garbo, tanınmış yazar Agata Kristi, İspaniya Kralı IV Alfons və b. Restoran 1917-ci il Bolşevik çevrilişindən qaçıb, İstanbula sığınan Ağ Qvardiyalı ruslar tərəfindən açılıb. Rus məzələri, borşu, “stolichnıy salat”ı, dana peraşkisi və buzlu-limonlu vodkası ilə məşhur olan “Rejans” Bəyaz rusların bir növ intellektual klubuna çevrilmişdi. Bəzi rəvayətlərə görə bir müddət Böyük Adada qaçqın həyatı yaşayan Trotski də Meksikaya köçmədən əvvəl bir neçə dəfə bura təşrif buyurmuş imiş…
Restoranda boş yer yox idi. Qarson burda hər zaman boş masa tapıldığını, ancaq bu gün 20-30 nəfərlik bir banket olduğu səbəbilə yer olmadığını dedi. Zalın divarlarından 1924-cü il menyularının şəkilləri asılmışdı. Onlara baxarkən dəyirmi bir masanın boş olduğunu gördüm. Qarson boş masaya baxdığımı görüb, “O masa her zaman rezervedir” deyib işinin başına döndü.
O axşam ad günümü Çiçek Pasajında adını unutduğum bir meyhanədə qeyd etdik. Ancaq Osmanın mənə danışdıqlarından çox duyğulandığımı xatırlayıram. Bu gün də hər Beyoğlundan keçəndə bu hadisəni xatırlayır, böyük Atatürkü rəhmətlə anıram…
Atatürkün vəfatından sonra “Rejans” Mustafa Kemal Paşanın hər gəlişində oturduğu masaya bir yazı qoyurlar: “SONSUZA KADAR REZERVE”. 1938-ci ildən bəri o masada kimsə oturmayıb…
Paralel.az