AMEA-da nələr dəyişəcək?- “İnanmıram ki, İsa Həbibbəyli oradakı yeyintiləri araşdırsın”- SƏRT TƏNQİD
“600-700 manat əməkhaqqı olan alim, hansı yolla villalara sahib olmağı bacarıb? Bu kimi hallar araşdırılmalıdır. Amma müsbət addım atılacağını düşünmürəm, əksinə ört-basdır ediləcək”.
Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.
Akademiyanın Ümumi Yığıncağında namizədlik təsdiqləndikdən sonra alimlərin çıxışı başlayıb. Çıxışlardan sonra yeni prezidentin seçilməsi üçün gizli səsvermə olub. Səsvermənin nəticəsi olaraq İsa Həbibbəyli akademiyanın yeni prezidenti seçilib.
Həmçinin akademiyanın yeni Nizamnaməsi də təsdiqlənib.
Bəs yeni prezidentin fəaliyyətindən gözləntilər nələrdir? AMEA-da müsbət dinamika üçün hansı addımılar atılmalı, nə kimi işlər görülməlidir?
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov AzEdu.az-a açıqlamasında yeni prezidentin müsbət dəyişikliklərə təkan verəcəyinə inanmadığını söyləyib:
“Hazırkı tərkiblə akademiyanın inkişafı ilə bağlı hər hansı bir möcüzənin olacağına qətiyyən inanmıram. Neçə ildir bu istiqamətdə mübarizə aparıram, sözümü deyirəm, təkliflər verirəm. Amma yenə də orada hər hansı müsbət hərəkətlilik yoxdursa, bundan sonra da olacağına inanmıram.
İsa Həbibbəylinin AMEA prezidenti seçilməsi heç bir müsbət dəyişikliklə nəticələnməyəcək. O seçilərsə, elmi tədqiqatlar üçün iş şəraiti yaradacaq, plagiarizmə qarşı mübarizə aparacaqmı? Həmçinin, elmi tədqiqatların keyfiyyətilə maraqlana biləcəkmi?!
Sadaladığım bütün istiqamətlərdə müsbət addımların atılması vacibdir. Sadəcə formal olaraq seçilmək və fəaliyyət göstərmək kifayət deyil. Akademiyaya inkişafa meyilli, öz səhvlərini etiraf etməyi bacaran rəhbərə ehtiyac var”.
Professor akademiyadakı problemlərdən söz açaraq, yeni prezidentin əvvəlki fəaliyyətdindən danışıb:
“AMEA-da köklü dəyişiklikliyə ehtiyac var, tərkib tamamilə yenilənməlidir. İlk olaraq akademiyada ciddi şəkildə yoxlamalar aparılmalıdır. Məsələn, 600-700 manat əməkhaqqı olan alim, hansı yolla villalara sahib olmağı bacarıb? Bu kimi hallar araşdırılmalıdır. Elm təmizliyi, saflığı sevir. Əgər orada dürüstlük, səmimiyyət yoxdursa, necə müsbət dəyişiklikdən, inkişafdan söhbət gedə bilər?
Mən AMEA-nın hazırkı fəaliyyətini “akademşəbəkə” adlandırıram, orada olanlar elmə deyil, kimlərinə maraqlarına xidmətdir. Faktları təqdim edib, mənfilikləri göz önünə gətirdiyimiz zaman İsa Həbibbəyli niyə reaksiya vermirdi? Oradakılar həqiqəti qəbul etmək istəmirdilər, bütün doğruları, faktları böhtan adlandırırdılar.
Məsələn, Vladimir Lenin, - “Oxumaq, oxumaq, yenə də oxumaq”- deyib. İsa Həbibbəyli də baş redaktor olaraq cümlədən öz işində istifadə edib, amma heç bir istinad verməyib. Axı bu düzgün deyil, heç bir reaksiya da bildirilmir. Bu səbəblə akademiyanın müsbət gələcəyinə ümidim yoxdur”.
Filologiya elmləri doktoru AMEA-da baş verən qanunsuzluqların araşdırılmalı olduğunu vurğulayıb:
“Heç inanmıram ki, İsa Həbibbəyli AMEA-da baş verən yeyinti hallarını araşdırsın. Məsələn, Prezident tərəfindən Dilçilik İnstitutunun inkişafı üçün ayrılan 2 milyon manatın hara, nəyə sərf edildiyini sorğulayacağını düşünmürəm.
Rəhbərlik funksiyasını yerinə yetirən zaman bu kimi məsələləri ört-basdır etmək üçün daha yaxşı fürsətə sahib olacaq. Bu prezident seçkisi orada bir qrupun öz işidir, bunun Azərbaycan elminə, dövlətçiliyinə hər hansı aidiyyatı olduğunu düşünmürəm”.
Şöbə müdiri alimlərin maaş artımı ilə bağlı müraciətinin doğru olmadığını söyləyib:
“Çox ümid edirəm, arzulayıram ki, dediklərimin hər biri yalan çıxsın. İsa Həbibbəyli gəldikdən sonra AMEA-da haqq-ədalət öz yerini tapsın,məddahlığa son qoyulsun, dövlətçilik prinsiplərinə uyğun hərəkət edilsin. Azacıq da olsa, Azərbaycan elminə xidmət edilsin. Maaş artımı dövlət büdcəsinə hesabına həyata keçirilir. Problemlər çoxdur, düzələcəyinə isə ümidim yoxdur”.
“Akdemiyada iş şəraiti yoxdur, bir otaqda 18 işçi oturur. Yəni orada iş görmək mümkün deyil. İsa Həbibbəyli heç zaman həqiqəti söyləməyib, söyləcəyinə də inanmıram. Yenə təriflər, mədhiyyələr, malalamalarla fəaliyyəti davam etdirəcəklər. Dünya təcrübəsində bu şəkildə inkişafa nail olduğu görülməyib. Bu kimi şeylərdən imtina etmək qüdrətində isə deyillər”- deyə, o bildirib.