İranın Azərbaycan siyasətinin forması dəyişdi - I yazı
Siracəddin Hacı:
Yazılarımda bu üç suala cavab verməyə çalışacağam: İranın Azərbaycan siyasətinin hansı əsasları var? Molla diktaturası Azərbaycan siyasətinin formasını niyə dəyişdi, niyə açıq siyasət tətbiq etdi? Azərbaycan nə etməlidir?
a) İranın Azərbaycan siyasətinin əsasları
- İran müstəqil Azərbaycanın varlığını qəbul etmir, onu böyük təhlükə sayır, deyir ki, Azərbaycan İranın tarixi torpağıdır, İran bu bölgəyə hakim olmalıdır, İran 1918-ci ildə də Azərbaycan Cümhuriyyətinin varlığına etiraz etmişdi, bu inkar siyasəti davam edir, edəcək;
- İran molla diktaturası deyir ki, bu gün Azərbaycanın İranın tərkib hissəsi olması mümkün deyilsə, o halda, Azərbaycan Rusiyanın tərkib hissəsi olsun, XIX yüzildə İranla Rusiya arasında bağlanmış müqavilələrin hökmü qorunsun, bu yolla da Azərbaycan İran üçün təhlükə olmaqdan çıxsın;
- Azərbaycanın Rusiyanın tərkib hissəsi olması, müstəqilliyini itirməsi mümkün deyilsə, o halda, Rusiyanın təsir məkanındakı zəif dövlət olsun, İrana təsir imkanı qalmasın, yəni heç bir halda müstəqil, güclü Azərbaycan dövləti olmasın;
- İran bu gün zəif Azərbaycan dövləti modelinin gerçəkləşməsi üçün üç vasitədən istifadə edir, etdi, edəcək:
a) Ermənistanı, erməniləri dəstəkləyir, Azərbaycanla Ermənistan arasında barışın olmasını istəmir, bilir ki, savaş iki dövləti də zəiflədir, Rusiyanın, İranın bölgədə qalmasını təmin edir, Güney Qafqazın Rusiya və İranın təsir məkanından çıxmasına imkan vermir;
b) molla diktaturası saxta din anlayışını Azərbaycana yerləşdirir, xurafələrə bağlı bu din anlayışı Azərbaycan toplumunu milli, dini kimlikdən məhrum edir, zəiflədir, o, dostunu, düşmənini tanımır, dini xurafələrin arxasındakı həqiqətləri, siyasi hədəfləri görmək imkanını itirir;
c) Rusiya ilə əməkdaşlığı gücləndirir ki, Güney Qafqaz onların təsir məkanından çıxmasın;
- İran Azərbaycanın azad, ədalətli dövlət olmasını istəmir, bu iki böyük dəyər Azərbaycanı gücləndirir, onu dünyaya bağlayır, əlaqəsi artmış Azərbaycan güclü Azərbaycandır, dünyadan təcrid olunmuş Azərbaycan Rusiya və İranın təsirinə məhkum olmuş Azərbaycandır;
- İran Türkiyənin Güney Qafqazda siyasi, iqtisadi, hərbi imkanlarını artırmasına qarşıdır;
- İran Azərbaycanın Avropa ilə əlaqələr qurmasını böyük təhlükə hesab edir, bu əlaqələr Azərbaycanı gücləndirir, İran Avropanı sınırında görmək istəmir;
- İran iddia edir ki, Rusiya Güney Qafqazda zəifləyirsə, onun yerini mən tutmalıyam;
İran Azərbaycana qarşı açıq siyasət tətbiq etməyə niyə məcbur oldu?
Ardı var...
Paralel.az