Pandemiyadan sonra intiharlar niyə artıb?

Pandemiyadan sonra intiharlar niyə artıb?
 

 

İki il insanlar qapalı vəziyyətdə evlərdə qalmalı oldu. Pandemiyanın törətdiyi fəsadlar, yaşanan stresslər, COVİD-19 virusunun kabus kimi insanların həyatına girməsi, yaxınlarını, doğmalarını bir anın içində itirən adamların kədəri, yersiz qadağalar, şadlığından, toy-büsatından olan camaat və başqa neqativ faktorlar sonda bir çox ağır fəsadlara – insanların özünün həyatlarına son qoyma hallarının – İNTİHARIN çoxalmasına bir növ şərait yaratdı... Pandemiyanın tüğyan etdiyi vaxtlarda səhiyyə üçün ayrılan TTY maşınlarının vaxtında xəstələrin harayına gəlməməsi də COVİD-19-dan ölənlərin sayını bir az da sürətləndirdi. Burda psixoloji faktorlar da mühüm rol oynayırdı... QORXU, VAHİMƏ, STRESS, ƏSƏB və sair...
Bura xəstəliklərdən sonra ölkədə yaranan İQTİSADİ BÖHRANı da əlavə etsək, ailələrdə gedən maddi sıxıntı prosesləri, ara-sıra yaranan mübahisələr, bütün ölkə boyu BAHALAŞMA SİNDROMU hər bir barədə hamıya təsirsiz ötüşmədi. Belə ki, pandemiyadan sonra mağazalarda müşahidə olunan kəskin qiymət artımı, kommunal xərclərin qalxması, vergi rüsumlarının artırılması, əhalinin orta təbəqəsi üçün nəzərdə tutulan maaş və pensiyaların cüzi miqdarda artırılması, dövlətdən sosial yardım almaq üçün müraciət edən kasıb təbəqədən olan ailələrin naümid geri qaytarılması, insanların bir-birinə qarşı aqressiv hərəkətlərinin çoxalması, bir sözlə yaranan mənfi sosial məngənə girdabından çıxa bilməyən bir qrup insanlar çıxış yolunu özünə sui-qəsd etməkdə gördü. Gəlin buna bir obyektiv baxış keçirək....
Nə üçün məhz əhali arasında gənc nəsil - əsasən, tələbələr özünə sui-qəsd formulunu əsas götürərək, həyatına son qoymağı seçir? Əhalinin orta təbəqəsinin yaşayış minimumu ailə büdcəsnə daxil olan maaşla mümkünsüz olduğuna görə ailədaxili münaqişə və mübahisələrə səbəb olur. Və bu üzdən də bu mübahisələrin episentrində olan gənclər vəziyyətdən çıxış yolunu sayıq başla valideynlərlə birlikdə müzakirə etmək əvəzinə, son hədd və çıxış yolu kimi özlərinə əl atırlar. Amma, bu məsələdə ilk növbədə valdeynlər övladlarına dəstək olmalı, hər zaman çətinliklərdən çıxmaq yollarını övladları ilə bölüşməli, onların düşüncəsində müsbət bir mühit, işıqlı bir yol olmalıdırlar.
Əsası da odur ki, dövlət öz insanlarına hər bir çətinlikdən çıxmağa kömək etməli, onları aclığın, səfalətin, işsizliyin, epidemiyaların çəngindən qurtarmalı, bir sözlə, vətəndaşına sahib durmalıdır. Onda nə intihar çox olar, nə də pandemiya ölümə yol açar.


Səadət Sultan
Yazıçı-publisist

Paralel.az

0.078579902648926