İranın hərbi təlimlərinin ÜÇ MƏQSƏDİ
Siracəddin Hacı:
"Molla diktaturası Azərbaycan-İran sərhəddində hərbi təlimlərə başladı, eyni vaxtda İran mətbuatında Azərbaycana qarşı yazıların, xəbərlərin, proqramların sayı çoxaldı, bu siyasi sifarişli yazılar yalanlarla, təhdidlə, iftira ilə doludur. Molla diktaturası hərbi təlimlərlə üç məqsədi gerçəkləşdirməyə çalışır:
- Zülm etdiyi xalqla bağı qopmuş rejimi qurtarmağa, heç olmasa, ömrünü uzatmağa çalışır, Azərbaycanın simasında İranı təhdid edən xarici düşmən formalaşdırır, Azərbaycan İranı parçalamağa çalışır deyir, bu yolla da, vətən təhlükədədir mesajı ilə xalqı öz ətrafında birləşdirməyə cəhd göstərir. Azərbaycan dövlətinə də deyir ki, hər hansı bir biçimdə İranda baş verən hadisələrə müdaxilə etmə, yararlanmağa çalışma;
- Hərbi təlimlər qətiliyi ifadə edir, deyir ki, Zəngəzur yolunun açılması İranı siyasi, iqtisadi, strateji baxımdan zəiflədəcək, İran bu yolun açılmasına izin verməyəcək, savaşacaq;
- Hərbi təlimlər Azərbaycanla Ermənistan arasında barış müqaviləsinin hazırlandığı mərhələdə gerçəkləşir, molla rejimi barışın Rusiyanın və İranın Güney Qafqazdakı mövqeyini zəiflədəcəyini, Türkiyənin, Avropanın, ABŞ-ın bölgədəki imkanlarını artıracağını bilir, elə buna görə də barışı deyil, savaşın davamını istəyir, belə ki, savaş Azərbaycanı da, Ermənistanı da zəiflədir, Rusiyadan, İrandan asılı vəziyyətə salır;
Molla diktaturasının hərbi təlimlərinin bu üç məqsədi gerçəkləşdirmək imkanı varmı? Yoxdur, səbəbləri sıralayaq:
Birincisi, rejim çürüyüb, ömrünü zorla bir az uzatmaq olar, xilası imkansızdır, xalq əvvəllər Amerikaya, İsrailə ölüm deyirdi, indi diktatora ölüm deyir;
İkincisi, bölgədəki dörd dövlət Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya Zəngəzur yolunun açılmasını istəyir. İran Rusiyanı, Ermənistanı öz tərəfinə çəkməyə çalışsa da, dörd səbəb görə bu, mümkün olmayacaq:
a) yolun açılması Rusiyanın çıxarına uyğundur – onu blokadadan qurtarır;
b) Zəngəzur yoluna qarşı çıxmaq Türkiyə və Azərbaycana qarşı olmaqdır, Rusiya indiki vəziyyətdə bunu istəmir, gücü çatmır;
c) Zəngəzur yolunun açılması ilə bağlı imzalanmış sənədi imzalayan üç dövlətdən biri Rusiyadır;
d) bu məsələdə Ermənistanla İranın mənafeləri üst-üstə düşmür – Ermənistan Türkiyə və Azərbaycanla əlaqə qurmağa məcburdur, o, Avropaya inteqrasiya yolunu seçib.
Üçüncüsü, Azərbaycanla Ermənistan arasında barışın təsisi çətin olacaq, ancaq gec-tez imzalanacaq, səbəbi də budur: bu müqaviləyə qarşı olan iki dövlət – Rusiya və İran zəifləyən tərəflərdir. Mənim ölçüm var: Rusiya və İranın Güney Qafqaza təsirini azaltmadan Azərbaycan və Ermənistanın azad dövlət olması, Azərbaycan və Ermənistan arasında barış olmadan da Rusiya və İranın Güney Qafqaza təsirinin azalması çətin işdir. Barış müqaviləsinə qarşı çıxmağın səbəbi də budur. Rusiya və İran zəifləyəcək, barış müqaviləsi imzalanacaq, Güney Qafqaz Rusiya və İranın əsarətindən qurtulacaq."
Paralel.az