Şüşanın 270 illiyinə: “Qələbədir adın” “Şuşa ili”

Şüşanın 270 illiyinə: “Qələbədir adın” “Şuşa ili”
 


Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi festivalı çərçivəsində Bakı Beynəlxalq Muğam Mərkəzində Şuşaya, onun əfsanəvi xilaskarlarına, şəhidlərimizə həsr edilmiş "Qələbədir adın!" mono-tamaşasının premyerası olmuşdur Həm orijinal süjet xəttinə-üslubuna, həm də səhnə quruluşuna görə heyranedici dərəcədə təkrarsız, yeni və maraqlı olan, anşlaqla keçən tamaşa elə ilk anlardan inanılmaz magiya gücü ilə tamaşaçıları öz sehrli təsiri altına alaraq, onları sanki möcüzəli şəkildə bütün ətrafdan, reallıqdan təcrid edərək, ecazkar musiqi dalğalarında müqəddəs Şuşamızın bizli-bizsiz ötən son illərinə - xəyal ilğımlı aləminə aparır.
Üzərində yaradıcı kollektivin aylarla işləyərək, yüksək sənətkarlıqla hazırlayıb təqdim etdiyi tamaşa Şuşanın xoşbəxt illərini, 28 illik işğal dövrünü və Ali Baş Komandanımızın müdrik rəhbərliyi altnda Milli Ordumuzun qəhrəman döyüşçülərinin tarixi qələbəsi ilə yenidən öz azadlığına qovuşduğu günlərini əks etdirən mürəkkəb kompozisiyalı, musiqili bir trilogiyadır.   Bəstəkarı, həm də virtuoz piano ifaçısı Pikə Axundova olan, XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan musiqili mono-tamaşa həyat eşqli notlarla başlayıb, ilk olaraq diqqəti ekranda Şuşanın lirik, nikbin melodiyalarla müşayiət olunan, göylərin- yerlərin nuruna qərq olmuş xoşbəxt illərinin video-mənzərələri ilə cəlb edir. Görüntülərdə 30 il əvvələ qədər Şuşanın bəxtəvər, qayğısız keçən gözəl illəri şuşalıların doğma qoynunda fərəhlə, xoşbəxtliklə gəzdikləri küçə və məhəllələr, qaynayıb-daşan mərkəzi şəhər meydanı,  qucağındakı körpəsini əzizləyib, köksünə sıxaraq səki ilə fikrində-arzularında ümidlə sabaha doğru addımlayan gənc ana, şəhərin milli ruhlu qədim memarlıq nümunələri, Qarabağ atlarının belində Cıdır düzündə yarışa çıxan oğlan və qızların sevincli-qəhqəhəli günləri, torpağın qoynundan sanki sevən ürəklər kimi baş qaldıraraq, çölü-düzü bəzəyən qızıl lalələr, əfsanəvi “aşiqləri” – gül və bülbülü özündə qovuşduran, şəhərin əbədi rəmzi olan Xarı bülbül və vaxtilə qəddar hökmdar Ağa Məhəmməd şah Qacarın öz böyük ordusu ilə ram edə bilmədiyi Şuşa qalası ilə tamaşaçıda istər-istəməz nostalji hisslər oyadır.   Bu hissləri tanınmış opera müğənnisi, respublikanın Əməkdar artisti, bütün tamaşa boyu sənətinin zirvəsində olan İlham Nəzərov öz ovsunlayıcı tenor səsi, qeyri-adi ifası ilə daha da gücləndirir. Tamaşanın rejissorları Elçin Məmmədov və Mirsahib Ağazadənin maraqlı şəkildə düşündükləri kimi səhnədən xeyli aralıdan, lakin müasir video- texnologiyanın vasitəsilə ekranda əks olunaraq, cərgələrində Qarabağın məşhir şairlərinin və musiqiçilərinin də olduğu Azərbaycan korifeylərinin Muğam Mərkəzinin girişindəki qalereyada sıralanmış büstlərinin önündən keçən müğənni aparıcı rolunda sanki onlardan güc və ilham alaraq Şuşanın gözəlliyini ona vurğunluqla, coşqun, ürək kimi döyünən səslə tərənnüm edir.
Onun səsi də sanki Qarabağın 30 il əvvəlki o xoşbəxt, nağıla, əfsanəyə dönmüş illərindən gəlir. Elə bil səs də, musiqi də bu müqəddəs şəhərin o uzaq illərində bir- birilə tapışaraq, bugünümüzə qədər birgə yol keçmiş, daha da möhtəşəm olmuş və bu gün Cıdır düzünün səhər şehi kimi həzinliklə qəlblərə çökür. Şuşanın “qızıl dövrünü” melodik, həm də çağlayan-coşan musiqi və mahir vokalistin bənzərsiz ifası ilə yanaşı səhnədə Xarı bülbülün obrazını məharətlə canlandıran respublikanın Əməkdar artisti Viktoriya Şahmuradova da ustalıqla göstərə bilir. Lakin ... öz gözəl təbiəti, şəfaverici suyu, xoş cənnət havası ilə yaşamaq eşqi təlqin edən, həyat rəngləri ilə dolu olan, təkrarsız mənzərəsi ilə milyonlarla qəlbi oxşayan Şuşanın musiqidə və ifada aydın duyulan o sevinc-fərəh, bayram ovqatlı xoş günləri tamaşada bir qədər sonra öləziyərək kədərli notlarla davam edir, şəhərin sakit, şən həyatı pozulmağa, gözəlliyi yox olmağa, xəzana dönməyə başlayır, əlvanlığını itirərək, qara-boz rəngə bürünür.

Bunu istedadlı xoreoqraf V.Şahmuradova öz plastik hərəkətləri, tamaşanın ovqatına, məqamına  uyğun jestləri ilə Xarı bülbülün ləçəklərinin tədricən solmasında, saralıb-tökülməsində bacarıqla göstərə bilir.   1992-ci ilin mayında Şuşanın başı üstünü qara buludların almasını, mənfur düşmənin bu qədim Azərbaycan şəhərini əsir götürməsini musiqinin haray qoparan, az qala bütün ərşi bürüyən sədaları və mahir vokalçının ağrı-həyəcan dolu səsi çox üzüntülü, tamaşaçını kövrəldəcək dərəcədə təsirli şəkildə diqqətə çatdırır. Ürəkləri riqqətə gətirərək, faciənin 28 illik dözülməz ağrı-acısı ilə piano dillərindən qopan, tamaşaçının üzərinə sanki şimşəklərin qəfil çaxdığı göy üzündən gözlənilməz yağış kimi tökülən həyəcan, təlaş dolu musiqinin müşayiəti ilə ekranda şəhərin güllələnmiş, dağıdılmış ağır günlərinin video-görüntülərinin göstərilməsi bu təsiri, ağrı-acını daha da artırır. Tamaşanın bu hissəsində İlham Nəzərovun kədər, nisgil dolu ifası tamaşaçılara da təsirsiz ötüşmür.  Aydındır ki, yurdumuzun musiqi beşiyi - Üzeyir Hacıbəyli, Bülbül kimi dahilər yetirmiş Şuşa, gözəl Qarabağımız dardadırsa, bütün Azərbaycan dardadır. Həyəcanla kükrəyib- coşan, yeri-göyü imdada səsləyən musiqi sanki bütün xalqın sinəsindən tutub silkələyərək, qəzəblə sual edir: “deyirdiniz ki, Şuşanın ayrılığına bir gün də dözə bilmərik. Bəs niyə dözdünüz, nə cür dözdünüz?”. Çox ağır, ittihamedici sualdır! O sualın önündə dözüb durmaq, başdan-ayağa ərimədən dayanmaq mümkünsüzdür. Bütün xalq Şuşa, Qarabağ üçün ayağa qalxmağa, igidlıklə döyüşlərə atılmağa, düşməndən intiqam almağa hazır olsa da, o vaxtın hakimiyyətdə olan səriştəsiz, diletant rəhbərləri Don Kixot kimi əsib-coşmaqdan başqa bir şey bacarmayaraq, bağışlanmaz uğursuzluqla əldən verib, düşmənə təslim etdikləri Şuşanı geri qaytarmaq iqtidarında deyildi. Baxmayaraq ki, minlərlə vətənpərvər oğullarımız döyüşlərə atılıb, düşmənə qarşı igidliklə vuruşdu, qan tökdü, şəhid oldu. O vaxtkı rəhbərliyin “mənəm-mənəm”liyi, naşılığı, hərbi-siyasi təcrübəsizliyi, səbatsızlığı ucbatından düşmən tərəf öz ətrafına müttəfiqlər yığıb güclənsələr də, bizimkilər yersiz, düşünülməmiş bəyanatlarla nəinki xristian, hətta müsəlman ölkələrini özlərindən incidib, uzaqlaşdırdılar. Siyasi sadəlövhlük o yerə çatmışdı ki, qardaş ölkə olan Türkiyənin hiyləgər, ermənipərəst eks-prezidenti Süleyman Dəmirəl Ermənistana silah və ərzaq dolu maşın karvanları ilə yardım göndərməkdən – açıq-aşkar xəyanətdən çəkinməmiş, Azərbaycana isə bircə hərbi təyyarə belə verməyə razı olmamış, qıymamışdı. O çətin, ağır günləri əks etdirən musiqinin təsiri altında tamaşaçılar qeyri-ixtiyari xəyalən ötənləri yada salaraq, fikrən Qarabağdakı ilk məğlubiyyətlərimizin səbəbləri barədə düşünməli olurlar. Və ona şükr edirlər ki, nə yaxşı ki, siyasi naşıların hakimiyyət dövrü uzun sürmədi və ölkə rəhbərliyinə dahi siyasətçi, xalqımızın görkəmli xilaskar oğlu Heydər Əliyev gəldi və məhz onun rəhbərliyi ilə Azərbaycanın nizami ordusu – sıralarında peşəkar zabitlərimizin, gənc generallarımızın yetişdiyi Milli Ordumuz yaradıldı və Ulu öndərin layiqli davamçısı, ölkə Prezidentimiz İlham Əliyev həmin ordunu cənubi Qafqazın ən güclü, çevik ordusuna çevirə bildi. Məhz bunun və ölkə rəhbərinin hərbi-siyasi müdrikliyinin nəticəsidir ki, Azərbaycan 2020-ci ilin noyabrında böyük bir tarixi qələbəyə nail oldu. Bu qələbə həm də onunla əlamətdardır ki, xalqımız 250 ildən artıq bir müddətdə ilk dəfə olaraq öz əzmi, iradəsi, hərbi gücü ilə düşmənə qalib gələ bildi, onu işğal etdiyi ərazilərdən qovaraq geri oturtdu. Tamaşanın ən təsirli, nikbin ovqat doğuran hissəsi də məhz Milli Ordumuzun Qarabağ, Şuşa uğrunda 44 günlük qalibiyyət yürüşünün əks etdirildiyi hissədir. Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızın azadlığı uğrunda uğurlu döyüşlər aparan Ordumuzun bu böyük, şanlı tarixi  qələbəsində hər bir döyüşçümüzün, hər bir şəhidimizin misilsiz xidməti olub. Onlar Vətənə tuşlanan güllələri öz sinələri ilə ram edərək, böyük qələbəyə gedən yolların açılmasına nail olmuşlar.

Döyüşçülərimizin doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda göstərdikləri igidliklər tamaşa zamanı ekranda musiqinin yüksək akkordları, paralel olaraq İlham Nəzərlinin qələbə müjdəli ifası ilə müşayiət olunan real döyüş səhnələri ilə canlandırılır. Qəlbində sonsuz Vətən, torpaq sevgisi yaşadan döyüşçülərimizin, şəhid olan oğulların 44 günlük müharibə dövründəki qələbə əzmi, keçirdikləri coşqun, təlatümlü hisslər isə səhnədə şəhid obrazının timsalında qabarıq şəkildə çatdırılır. Mərdliklə ağır döyüşlərə atılaraq, düşmənə qan udduran döyüşçümüz şəhidlik zirvəsinə ucaldığı məqamda da onun dilində “Ana”, “Vətən” sözləri səslənir, son anda ruhu ilə doğma anasına, körpə övladına qovuşmaq, onları bağrına basıb, əbədi xudahafizləşmək istəyir, heyf ki, bu... mümkünsüz olur. Anasının və indi atasız qalan övladının göz önünə gələn xəyalları tədricən ondan uzaqlara çəklilr... Bu emosional səhnələri rejissorlar və aktyorlar çox təsirli şəkildə yarada bilmişlər.  Xüsusilə qüyd etmək vacibdir ki, ümumiləşdirilmiş Ana obrazını onun övlad sevgisi və həsrəti, bütün iztirabları və həm də igid oğluna görə dağ boyda vüqarı, əzəməti ilə respublikanın Əməkdar artisti Yaqut xanım Paşazadə tamaşaçını qürur doğuracaq və kövrəldəcək dərəcədə yüksək peşəkarlıqla yaratmağa nail olub. Onun Vətən eşqli döyüşçü oğlunun rolunu tamaşaçıda gənc Azərbaycan əsgərinə böyük məhəbbət və rəğbət doğuran bir tərzdə Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi Əli Əsədov məharətlə ifa edir. Heç də asan olmayan şəhid oğlu obrazını tamaşa zalını kövrəldici dərəcədə canlandırmaq isə İlham Nəzərovun 7 yaşlı oğlu, G.Şaroev adına 35 №-li musiqi məktəbinin şagirdi, yaşının az olmasına baxmayaraq, artıq beynəlxalq müsabiqələr laureatı olan Səid Nəzərlinin öhdəsinə düşüb.  Diqqətəlayiqdir ki, bu mükəmməl səhnə əsərinin istedadlı bəstəkarı, tamaşanın uğurlu alınmasında xüsusi rolu olan virtuoz pianoçu Pikə Axundova Şuşanın düşmən əlində qaldığı çətin günlərlə bağlı musiqini səsləndirəndə göz yaşlarını təbii olaraq saxlaya bilmirdisə, Azərbaycanın qalibiyyətini əks etdirən musiqi hissələrində pianonu böyük bir şövqlə, yüksək sevinc və çılğınlıqla dilləndirir, musiqinin sevinc amplitudası sanki kükrəyib- qalxaraq, yerə-göyə sığmır. Və xüsusilə böyük rəğbət və heyrət doğurur ki, Pikə xanım bir saatdan da artıq, ara verilmədən davam edən tamaşa boyu musiqini notdan istifadə etmədən səsləndirmiş, dəfələrlə tamaşaçıların gur alqışlarını qazana bilmişdir. Açığını demək lazımdır ki, orijinallığı, quruluş yenilikləri ilə seçilən bu maraqlı səhnə əsəri yalnız bir “danışan-oxuyan” aktyorun üzərində qurulmaqla bəlkə də düzgün olaraq mono-tamaşa adlandırılsa da, bütövlükdə götürüldükdə bir-neçə aktyorun iştirak etdiyi çoxpərdəli bitkin bir meqa-tamaşa, kino dili ilə desək, “tam metrajlı”, hər bölümü süjet xətti ətrafında yüksək sənətkarlıqla “birləşdirilmiş” mono yox, monolit bir tamaşadır. O da çox diqqətəlayiqdir ki, bu orijinal tamaşa özündə həm opera (İlham Nəzərli), həm də balet (Viktoriya Şahmuradova) xüsusiyyətlərini kamilliklə birləşdirə bilmişdir.  Azərbaycanın musiqi beşiyi olan Şuşaya, onun qəhrəman xilaskarlarına, müqəddəs şəhidlərimizə həsr edilmiş bu orijinal tamaşanın bəstəkarı Pikə xanım Axundova etiraf edir ki, belə bir səhnə əsərinin yaradılması ideyası əslində istedadlı müğənni-vokalist, tamaşada bir-neçə obrazı əsl peşəkarlıqla yaratmış İlham Nəzərova məxsusdur. Bu musiqili tamaşanın librettosunu yazmağı isə onlar eyni fikirdə olaraq məşhur “Məktəb illəri”, “Yagış yaģır bu şəhərə”, ”Azərbaycan”, ”Bakı haqqında naģıl” və digər populyar mahnıların şeir müəllifi, tanınmış istedadlı şairə, Azərbaycanın Qabaqcıl təhsil işçisi Kəmalə xanım Abiyevadan xahiş etmişlər. O isə yaradıcı kollektivin bir üzvü olaraq, bu mühüm işin öhdəsindən yüksək sənətkarlıqla gəlmişdir. Onun misraları müğənni-vokalistin ifasında Şuşaya, onun cəngavər xilaskarlarına, müqəddəs şəhidlərimizə qəhrəmanlıq odası kimi səslənir.

- Şuşaya, igid Azərbaycan döyüşçülərinə, Vətən yolunda canlarından keçmiş şəhidlərimizə həsr edilmiş bu tamaşanın librettosonun yazılmasını məhz Kəmalə xanımdan  xahiş etməyimiz heç də təsadüfi olmayıb, – deyə bəstəkar Pikə xanım fikrini bildrir. – Bilirdik ki, o, özünün vətənpərvər şair qəlbi, narahat ana ürəyi ilə Vətən müharibəsinin başlandığı ilk gündən qəhrəman döyüşçülərimizin yanında olub. Son iki ildə Kəmalə xanım igid qazilərimiz və şəhid ailələri ilə daim görüşmüş, Vətənin tarixi qələbəsinin qazanımlasında Azərbaycan oğullarının igidlikləri ilə bağlı çoxlu şeirlər, məqalələr yazmış, iki kitab çap etdirmişdir. Və təbii ki, bütün varlığı ilə döyüşçülərimizin – şəhid və qazilərimizin fədakarlıqlarını, keçirtdikləri hiss və duyğuları librettoda məhz Kəmalə xanım daha yaxşı verə bilərdi. Və elə də oldu. O, mənim bir bəstəkar, İlham Nəzərovun isə vokalist kimi tamaşaçıya demək, çatdırmaq istədiklərimizi elə yüksək səviyyədə verə bilib ki, biz əsər  üzərində xüsusi bir məmnunluqla, daxili rahatlıq duyaraq işləyə bildik. Söhbəti öz qeyri-adi istedadı və bir-neçə obrazın “ariya”larının təkrarsız, fərqli ifası ilə tamaşaçıların rəğbətinə, alqışlarına nail olmuş İlham Nəzərov həvəslə davam etdirir:
- Kəmalə xanım bu il keçirilən “Şuşa ili” münasibətilə də bir-neçə təsirli, maraq doğuran şeirlər yazmışdır. Onun həm şairlik istedadı, həm də qəlbən tamaşanın ideyasına bağlılığı və yüksək musiqi duyumu bizə bu məsul işin öhdəsindən gəlməkdə çox böyük kömək oldu. Və məmnunluqla deməliyəm ki, bu gün premyeraya baxış üçün Muğam mərkəzinə gəlmiş şəhid anaları və xanımları, igid qazilərimiz tamaşanın hazırlığı müddətində daim bizə mənəvi dəstək göstərmişlər. O da diqqətəlayiqdir ki, Kəmalə xanımın bir vaxtlar dərs dediyi keçmiş şagirdlər Vətən müharibəsi iştirakçısı, bəziləri isə qazi kimi tamaşa zamanı onun yanında olmuşlar. Bu isə həm Kəmalə xanımın, həm də bütün yaradıcı qrupumuzun məmnunluq doğuran uğurudur.
Azərbaycanımızın tarixi zəfər yürüşünü sevinc və qürur dolu yüksək musiqi akkordları ilə çatdıran, Şuşanın 270 illiyi münasibətilə builki ”Şuşa ili” çərçivəsində təqdim olunmuş tamaşanın premyerasında iştirak edən ziyalılar, o cümlədən Milli Məclisin deputatı Fazil Mustafa, Yazıçılar Birliyinin şöbə müdiri İlqar Fəhmi, tanınmış şairlər - tibb elmləri doktoru, professor Paşa Qəlbinur, Əkbər Qoşalı, Əbüfət Mədətoğlu, yazıçı-publisist, filoloiya elmləri doktoru Esmira Fuad, media və şəhər ictimaiyyətinin nümayəndələri, şəhid anaları, Vətən müharibəsi qaziləri tamaşanı yüksək dəyərləndirmiş, onun xilaskar Milli Ordumuz, igid döyüşçülərimiz, müqəddəs şəhidlərimiz üçün gözəl bir musiqi abidəsi olduğunu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirmişlər.  

Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti, 
Osman Mirzəyev adına Respublika mükafatı laureatı. 
Paralel.az

0.12117505073547