Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub
 

Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası İtaliyanın Montesilvano şəhərində keçirilən Avropa çempionatını 5 medalla başa vurub.

Federasiyadan "Paralel.az" a verilən məlumata görə, yarışın final mərhələsinin axşam sessiyasında yığmanın daha 2 üzvü həlledici döyüşə çıxıb.

57 kq-da Məhəmmədəli Qasımzadə ikinci dəfə Avropa çempionu tituluna yiyələnib. Nik Smirnov (Almaniya), Kallum Karrageri (İrlandiya) və Nikolayes Zamyatinsi (Latviya) məğlub edən milli üzvü bu titula finalda bolqarıstanlı Viktorio İliyevə qalib gəlməklə nail olub. Qasımzadə həlledici döyüşdə rəqibini 3:2 (28:29, 29:28, 30:27, 28:29, 29:28) hesabı ilə üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ötən il analoji yarışda gümüş medal qazanan Qasımzadə 2019-cü ildə məktəblilər arasında da qitənin ən güclüsü adını qazanıb.

Armandas Kreqzde (Litva), Artur Avetikyan (Ermənistan) və Levan Demurovini (Gürcüstan) mübarizədən kənarlaşdıran 54 kq çəki dərcəsindəki Məhəmmədəli Aşurəliyevisə finalda ingiltərəli Adam Maca ilə gücünü yoxlayıb. Gərgin keçən döyüşdə uduzan boksçu yarışı ikinci pillədə bitirib.

Beləliklə, Azərbaycan milli komandası 8 gün davam edən Avropa birinciliyində 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Aşurəliyev və Qasımzadədən öncə Emili Rzayeva (70 kq) çempion tituluna yiyələnib, Nərmin Əlizadə (48 kq) ikinci, Aynur Mikayılova (50 kq) üçüncü yeri tutub.

Nəticədə Azərbaycan yığması Avropa çempionatında 3 ildən sonra qızıl, 6 ildən sonra isə 5 medal qazanıb..

Qeyd edək ki, milli komanda oktyabrın 7-də Bakıya qayıdacaq.

0.012521982192993