İsrail mediası Bakı görüşündən yazdı: Azərbaycan ikinci ən böyük alıcıdır

İsrail mediası Bakı görüşündən yazdı: Azərbaycan ikinci ən böyük alıcıdır
 

İsrailin müdafiə naziri Benni Qantsın Azərbaycana rəsmi səfəri təhlükəsizlik, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və siyasi məsələlərə həsr olunub.

Paralel.az ” xəbər verir ki, bunu “Jeruselim Post” yazır.

Mətbu orqanın yazdığına görə, İsrailin müdafiə naziri Benni Qantsın Azərbaycana rəsmi səfəri başa çatıb, o, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevlə görüşüb.

İsrail nazirinin ofisindən verilən açıqlamaya görə, səfər "təhlükəsizlik və siyasi məsələlərə həsr olunub". Səfər çərçivəsində Qantz müdafiə naziri, Dövlət Sərhəd Xidmətinin rəisi ilə də görüşüb və Dövlət Sərhəd Xidmətinin qərargahında olub. Onu Müdafiə Nazirliyinin baş direktoru general-mayor Əmir Eşel, Siyasət bürosunun direktoru Dror Şalom və hərbi katib, briqada generalı Yaki Dolf müşayiət edib.

Azərbaycan rəsmiləri ilə görüşdə Qantz “İsrail Dövləti ilə Azərbaycan arasında strateji münasibətlərin qorunub saxlanılmasının, regional və qlobal sülh və sabitliyin əldə edilməsi istiqamətində işi davam etdirməyin vacibliyini vurğulayıb”.

Rəsmilər həmçinin İbrahim sazişinin imzalanmasından sonra Yaxın Şərqdə baş verən dəyişiklikləri, İsrailin Türkiyə, region və dünyanın digər ölkələri ilə əlaqələrinin inkişafını müzakirə ediblər.

“JP”nin qeyd etdiyi kimi, Azərbaycan İranla həmsərhəddir, “xarici məlumatlara görə, bu, İsrailə casusluq əməliyyatları və daha çoxunu həyata keçirməyə imkan verir”.

Bakı həm də İsrailin əsas xam neft tədarükçüsü olub və son illərdə İsrail hərbi texnikasının əsas alıcısına çevrilib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2020-ci il hesabatında deyilir ki, Bakı Hindistandan sonra İsrailin silah sistemlərinin ikinci ən böyük alıcısı olub.

Mətbu orqanı daha sonra yazır ki, 1990-cı illərdən etibarən davam edən Ermənistan- Azərbaycan münaqişəsi 2020-ci ildə genişmiqyaslı müharibəyə çevrildi. Azərbaycan 6 həftə davam edən müharibədə 1990-cı illərdə Ermənistan tərəfindən zəbt edilən ərazilərdə nəzarəti bərpa etdi. Bu müharibədə İsrailin silah sistyemindən və PUA-larından istifadə edib. 

Mürtəza
Paralel.az

0.0098769664764404