Paşinyanın həyat yoldaşının qəzeti Bakının 5 əsas tələbini “sızdırıb”

Paşinyanın həyat yoldaşının qəzeti Bakının 5 əsas tələbini “sızdırıb”
 

“Baş redaktoru Ermənistan baş nazirinin həyat yoldaşı olan "Haykakan Jamanak" qəzeti etibarlı mənbəyə istinadən Azərbaycanın tələbləri ilə bağlı maraqlı detallar dərc edib”.

"Paralel.az" "Bizimyol.info"-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Xəbərdə bildirilir ki, Azərbaycan Ermənistan qarşısında 5 əsas tələb qoyub.

“Belə ki, yayılmış məlumata əsasən, danışıqlar zamanı Bakı “Dağlıq Qarabağ ordusu”nun buraxılmasını, “Dağlıq Qarabağ”ı heç bir muxtariyyət olmadan Azərbaycanın bir hissəsi kimi tanımağını, Ermənistan ərazisindən keçən dəhlizin açılmasını, 1919-1920-ci illərin xəritələrinə əsasən sərhədin delimitasiyası və demarkasiyası prosesini (hansı konkret xəritələrdən söhbət getdiyi hələ məlum deyil),  Ermənistanı hərbi cinayətlərdə daha da ittiham etmək niyyəti ilə itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsini tələb edir”,- deyə bildirilir.

Nəşr qeyd edir ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu tələblər ya yerinə yetirilməli, ya kompromis tapılmalı, ya da Bakı onlardan əl çəkməyə məcbur edilməli, inandırılmalıdır.

Qeyd edilir ki, nəşr Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın danışıqlar prosesi haqqında tam məlumata malik olmaması ilə bağlı son bəyanatına da cavab ola bilər. Bundan əlavə, nəşr yaxın gələcəkdə Rusiya, ABŞ, İran və Avropa İttifaqının istədiklərini dərc edəcəyini də vəd edir.

Qeyd edək ki, Paşinyan əvvəllər dəfələrlə Azərbaycanın tələblərini qəbul etməkdə problem görmədiyini bildirib. Ehtimal etmək olar ki, bu məlumat Paşinyanın istəyi ilə yayımlanıb və Ermənistan cəmiyyətini imzalanacaq sülh müqaviləsinə peixoloji cəhətdən hazırlamağa hesablanıb.

Bu yaxınlarda Paşinyan bir sıra sənədlər imzalayacağını və buna görə onu "satqın" adlandıracaqlarını bildirmiş, etiraz aksiyalarından sonra mövqeyindən geri çəkilmişdi.

0.011772155761719