Rusiya savaşın - işğalın üçüncü mərhələsinə keçdi - II yazı 

Rusiya savaşın - işğalın üçüncü mərhələsinə keçdi - II yazı 
 

Siracəddin Hacı:

"Birinci yazıda Rusiyanın Ukraynanı işğalının ilk mərhələsinə TƏKƏBBÜR və XƏYAL dönəmi adını qoydum. Təkəbbürlü insanın iki önəmli özəlliyi var: özünü böyüdür, başqasını/başqalarını kiçildir. Narsist var olan özəlliklərini şişirdər, onda olmayanı da varmış kimi göstərər, qorxudar, hamını özünə borclu sayar...

Təkəbbürlü/narsist Putin də bu iki işi etdi, Rusiyanı böyütdükcə böyütdü, böyüdərək qorxutmağa çalışdı, çalışır, Ukrayna xalqını, ordusunu, Avropanı, ABŞ-ı da kiçiltdikcə kiçiltdi, təkəbbür qarşı tərəflərin müqavimət gücünü doğru hesablamağa imkan vermədi, Putin gerçəkliyi olduğu kimi dəyərləndirə bilmədi, nəticədə, işğalın birinci mərhələsində məğlub oldu...

Rusiyanın Ukraynanı işğalının ikinci mərhələsinə AYILMA və ARAYIŞ adını qoyuram. Sevgili MƏHƏMMƏDƏLİ deyir ki, oyundan öncə hər oyunçunun bir hesabı olur, ancaq bu hesablar alnının ortasına ilk yumruğu yeyənədək davam edir, zərbədən sonra hesablar pozulur. Rusiya cəbhəni geniş tutdu, Ukrayna xalqının, ordusunun dirənişi ilə üzləşdi Rusiya Ukrayna ordusu ilə deyil, xalqı ilə savaşır ağır itkilər verdi, yarımçıq da olsa, ayıldı. NATO-nun Ukraynaya yardımının güclənməsinin səbəbi cəsur xalqın tərifi dastanlara sığmayan dirənişidir, dirəniş olmasa, yardım gəlməz. NATO savaşdan öncə Ukraynaya indiki yardımı etsə idi, işğal olmaya da bilərdi.

Rusiya AYILMA ARAYIŞ dönəmində bu addımları atdı:

- Kiyevdən geri çəkildi, cəbhə məsafəsini daraltdı, Donetsk, Luqansk bölgəsi ilə kifayətlənəcəyini bildirdi, Ukrayna bu bölgələri Rusiya ərazisi kimi tanısın, savaş bitsin;

- Danışıqlara başladı, Belarusda, Türkiyədə görüşlər keçirildi, Ukrayna bu danışıqlardan məharətlə istifadə etdi, vaxt qazandı, NATO-dan ehtiyacı olan yardımı aldı, gücləndi;
- Rusiya Avropa nüvə silahı ilə qorxutdu, rus ordusunun Ukraynadakı cinayətləri üzə çıxdı, bu, Ukraynada və dünyada insanları birləşdirdi;
- Rusiya qaz silahını işə saldı, Avropanı enerji ilə təhdid etdi, müqavilə şərtlərini pozaraq qazı vaxtından öncə kəsdi ki, Avropa qaz ehtiyatı yığa bilməsin, avropalılar hökumətlərinə qarşı çıxsınlar, onları Ukraynaya yardımı kəsməyə məcbur etsinlər;
- Rusiya savaşın uzanmasının ağır hərbi, siyasi, iqtisadi nəticələri olacağını anladı, savaşı tez bitirmək üçün Ukraynaya ərazi əvəzinə barış təklif etdi, elçilər göndərdi, güclənmiş Ukrayna bu təklifi rədd etdi;
- Rusiya Avropanın yasaqlarından qurtulmaq üçün İran, Türkiyə, Azərbaycanla müqavilələr imzaladı, Çinlə, Hindistanla əlaqələrini gücləndirdi;
- Savaşın gedişinin Rusiyanın xeyrinə olmadığını görən Putin bir sıra ordu komandirlərini dəyişdirdi, ancaq bu dəyişikliklər ciddi nəticələr vermədi, itkilərin sayı daha da artdı;
- Putin xalqı ətrafında səfərbər etmək üçün şovinist duyğuları bütün gücü ilə körüklədi, bu iş davam edir;
- Rusiya Türkiyənin vasitəçiliyi ilə Ukrayna taxılının dünya bazarına çıxarılmasına izin verdi, məqsədi ərazi yerinə barış anlaşmasının gerçəkləşməsinə şərait yaratmaq idi;
- Bir müddət Donetsk və Luqanskda referendum keçirilməsini gecikdirdi, bu yolla barış üçün əsas yaratmağa çalışdı ki, savaş tez bitsin;
- AYILMA və ARAYIŞ dönəmi Ukrayna ordusunun Xarkovda rus ordusunu darmadağın etməsi, cəbhə boyu irəliləməsi, rus ordusunun qaçması ilə bitdi;

Ardı var..." 

Paralel.az

 

0.052411794662476