Siyasi qloballaşma milli dövlətlər arasındakı sərhədlərin
"əridilməsi"ni həyata keçirən transmilli tendensiyadır

Siyasi qloballaşma milli dövlətlər arasındakı sərhədlərin
 

Separatizmin qarşısını ala biləcək yeganə yol tolerantlıqdan və mültikulturalizmdən keçir

 Bu gün dünyanın hər yerində qloballaşma prosesi açıq hiss olunur və demək olar ki, həyatımızın bütün sahələrinə bu və ya digər şəkildə nüfuz edir. Çünki qloballaşma bir istiqamətli proses deyil. Onun müxtəlif sahələri və istiqamətləri var ki, bunların hər birinin ayrılıqda təhlil və izah edilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu proses isə struktur baxımından çoxölçülü tendensiya kimi dəyərləndirilir. Buna görə də, qloballaşma prosesi 3 əsas sahədə özünü daha qabarıq göstərir. Yəni bu tendensiya daha çox 3 istiqamətdə cərəyan edir: iqtisadi, siyasi və mədəni qloballaşma. Əslində, iqtisadi, siyasi və mədəni qloballaşma bir-birindən ayrı mövcud deyil və bütöv bir tamın ayrı-ayrı elementlərini təşkil edir. Çünki qloballaşma iqtisadi, siyasi və mədəni istiqamətləri əhatə etməklə vahid strateji məqsədlər güdür.

Qloballaşmaya iqtisadi proses kimi yanaşanlar və ya iqtisadi qloballaşmanı önə çəkən bəzi tədqiqatçılar bildirirlər ki, qloballaşma, əslində, iqtisadi tələbatların ödənilməsi və ticari maraqların təmin olunması üçün dünyanı idarə edən güclər tərəfindən ortaya qoyulan ssenaridir. Bu ssenari kapital dövriyyəsinin və sərmayə imkanlarının bir əldə cəmləşdirilməsi üçün nəhəng iqtisadi güclərə geniş imkanlar verir. Qloballaşma, əslində dövlətlər və iqtisadi institutlar arasında əmək bölgüsünün dərinləşməsi və formalaşmasının fonunda ortaya çıxan reallıqdır.

Qeyd olunanlar onu deməyə əsas verir ki, siyasi qloballaşma milli dövlətlər arasındakı sərhədlərin "əridilməsi"ni həyata keçirən transmilli tendensiyadır. Siyasi qloballaşma şəraitində milli maraq məfhumu və prinsipi ikinci plana atılır, bununla da transmilli strateji hədəflər və maraqlar önə çəkilir. Buna müvafiq olaraq hər hansı bir milli dövlətin milli maraqlarının təmin olunması özlüyündə avtomatik olaraq "qloballaşma oyunu"nun ssenaristlərinin transmilli maraqlarının təmin olunması ilə ayrılmaz bağlılıq təşkil edir.

Qloballaşma prosesinin digər bir istiqaməti isə mədəni qloballaşmadır. Mədəni qloballaşma məsələsini araşdırmaçılar da müxtəlif cür qiymətləndirirlər. Bəzi tədqiqatçılar mədəni qloballaşmanı ideoloji aksiya kimi dəyərləndirirlər. Məsələn, İ.Vallerstayn qeyd edir ki, mədəni qloballaşma dünyanı idarə edən qlobal güclər tərəfindən məharətlə istifadə edilən ideoloji silahdır. Mədəni qloballaşma tendensiyasının arxasında və əsasında dayanan güclər millətlərin mədəni dəyərlərini-milli xarakter və mədəniyyətlərini, adət-ənənələrini "sıradan çıxararaq" homogen mədəniyyət yaratmağa çalışırlar. Bununla da mədəni dəyərləri "əridilən" millət dünyanı idarə edən güclərin formalaşdırdığı "qlobal imperatorluğun" adi bir elementinə çevrilir. Mədəni qloballaşma adı altında həyata keçirilən inteqrasiya prosesi isə bir çox hallarda kiçik millətlərin və etnik qrupların assimliyasiyası ilə nəticələnir. Əlbəttə, qloballaşma prosesinin fonunda millətlərin qarşılıqlı-tarazlıq inteqrasiyası, dəyərlərin uzlaşdırılması və paylaşılması, eləcə də yeni dəyərlərin yaradılması prosesləri də ortaya çıxır. Bunun üçün hər bir millətin öz dəyərlərini, adət-ənənələrini qoruyub saxlaması, həmçinin digər millətlərin eyni dəyərlərinə hörmət etməsi prinsipi nəzərə alınmalıdir.

İndiki zamanda dünyada etnik, dini, irqi və digər fərqliliklər əsasında separatizm hallarının artması regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən amillərdən biridir. Etnik separatizm bir qayda olaraq, millətlərarası, bəzən dövlətlərarası, hətta mədəniyyətlərarası münaqişələr doğurur ki, onların da çoxu hərbi toqquşmalara gətirib çıxarır. Bu münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Ələlxüsus da Yaxın və Orta Şərqdə, Asiyanın digər regionlarında, Afrika, Avropa və Amerikada bu cür münaqişələr və qarşıdurmalar artıq uzun illərdir davam edir.

Bildiyiniz kimi, keçmiş sovet imperiyasının çökməsi ilə bu məkanda etnik separatizm meyillərinin yeni dalğası meydana gəldi. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an sarsıda biləcək potensial təhlükə mənbəyinə çevrildi. Bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin ciddi təhlükəyə məruz qalmasına gətirib çıxarır. Əgər beynəlxalq birlik, aparıcı dövlətlər etnik separatizmə qarşı qətiyyətli mübarizə aparmasa, proses daha geniş xarakter alaraq planetimizin böyük hissəsini irqi, milli və dini münaqişələr meydanına çevirə bilər. Artıq milli-etnik münaqişələrin həllinə biganəlik və hətta proseslərin süni şəkildə qızışdırılması özünün acı nəticələrini əyani şəkildə göstərib.

Bu prosesin qarşısını ala biləcək yeganə yol isə tolerantlıqdan və mültikulturalizmdən keçir. Azərbaycanın son illər qazandığı uğurlar, ölkəmizi əcnəbilər üçün cəlbedici dövlətə çevirib. Hələ on il bundan əvvəl prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda əcnəbilər müxtəlif sahələrdə işləyirlər və onlar yüksək maaş alan mütəxəssislərdir: "Bir daha demək istəyirəm ki, bu, iqtisadi inkişafın çox vacib göstəricisidir. Bu onu göstərir ki, Azərbaycan yaşamaq üçün çox gözəl ölkədir. Biz onsuz da bunu bilirik. İndi isə bütün dünya bunu bilir. Azərbaycanda təhlükəsizlik məsələləri çox yüksək səviyyədə həll olunur, ictimai-siyasi asayiş yüksək səviyyədə qorunur, sabitlik, inkişaf var, dözümlülük, tolerantlıq var. Bunlar olmasaydı, əminəm ki, iqtisadi cəhətdən nə qədər cəlbedici olsa da, xaricdən buraya adam gəlməzdi". Bu gün ölkəmizdə təkmil miqrasiya siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqində yol verilən nöqsan və sui-istifadə hallarının, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təşkili dövlətimizin həyata keçirdiyi prioritet vəzifələrindən biridir. Bu vəzifələr sırasında həmçinin əmək ehtiyatlarından səmərəli istifadə olunması, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması önəmli yer tutur.

Çünki bu gün Avropada mültikulturalizmin iflasa uğraması barədə səslənən iddiaların da əsasında miqrasiya problemləri durur. Bu problemlərin bəzi Avropa dövlətləri tərəfində yaradıldığını iddia etən tədqiqatçılar və siyasilər də az deyillər. Bütün bunlara baxmayaraq, fakt odur ki, miqrantlar artıq Avropa üçün böyük bir problemə çevriliblər və bu problemdən çıxış yolunu tapa bilmədiklərindən, multikulturalizmin iflasa uğradığını iddia edirlər. Lakin bu gün bütün sivil dünyanın qəbul etdiyi multikulturalizmin Azərbaycan modeli də ortadadır.

Eyni zamanda qloballaşma prosesinin sürətləndiyi bir zamanda xalqların mədəni hüquqların təmin edilməsi, digər mədəniyyətlərə hörmət, mədəniyyətlərin qarşılıqlı əlaqəsi bəşəriyyətin inkişafının zəruri elementlərindən birini təşkil etdiyi də, heç kimə sirr deyil. Mədəniyyət hər bir insanın, həm də ayrı-ayrı sosial qrupların həyatının ayrılmaz hissəsidir. Buna görə də mədəni hüquqlar insan və kollektiv hüquqların mühüm tərkib hissəsi kimi beynəlxalq hüququn əsas diqqət yetirdiyi məsələlərdən biridir. Mədəni hüquqlar dedikdə, ilk növbədə ayrı-ayrı şəxslər və qruplar üçün ümumi olan, onların kollektiv özünəməxsusluğunu formalaşdıran və müəyyən edən mədəni dəyərlər nəzərdə tutulur. Daim inkişaf edən və genişlənən mədəni hüquqlar artıq milli dövlət çərçivələrini aşaraq, qloballaşma və inteqrasiya proseslərinin təsiri ilə universal əhəmiyyət kəsb etməyə başlayıb. Mədəni hüquq digər insanlar tərəfindən həmin şəxslərin və qrupların mədəni hüquqlarına hörmət, başqa cür olmaq hüququnu özündə ehtiva edir. Çünki qloballaşmanın 3 əsas qollarından biri olan mədəni qloballaşma, həm də özündə multikulturalizmi ehtiva edir. Eyni zamanda beynəlxalq normativ sənədlərinin bir çox maddələri də insan hüquqları arasında mədəni hüququn xüsusi yer tutduğunu təsdiq edir. İnsan hüquqlarına dair beynəlxalq hüququn inkişafını nəzərdən keçirərkən məlum olur ki, mədəni hüquqlar həm ümumdünya, həm də regional səviyyədə qəbul edilən sənədlərdə təsbit edilib.

Azərbaycan Respublikasının qanunvericilik sistemində və dövlət siyasətində də mədəni hüquqların təminatı, mədəni müxtəlifliyin, multikulturalizmin və tolerantlığın qorunması və dəstəklənməsi öz əksini tapıb. Azərbaycan Respublikasının Konstitusiyası irqi ayrı-seçkiliyin və ksenofobiyanın bütün dini, etnik, irqi formalarını qadağan edir. Bütün vətəndaşlar bərabər mədəni hüquqlara, o cümlədən ölkənin mədəni həyatında bərabər iştirak etmək, mədəni irsindən bərabər istifadə etmək hüququna malikdirlər. Konstitusiyanın 40-cı maddəsində mədəniyyət hüququ təsbit edilib. Bu maddəyə görə, hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ, tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmaq, ona qayğı göstərmək, tarix və mədəniyyət abidələrini qorumaq vəzifəsi mövcuddur.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.31887412071228