Şuşa həsrətinə bürünən BAYRAQ

Şuşa həsrətinə bürünən BAYRAQ
 

Kərim Kərimli: “Erməni əsgər dedi ki, Şuşanı bir də yuxunuzda görərsiniz”

“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyi​ Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə​ “Şuşanı tanıyaq, tanıdaq!”​ adlı layihənin icrasını davam etdirir. Paralel.az xəbər verir ki,  layihə çərçivəsində loveshusha.com saytı yaradılıb və sayt  – Azərbaycan, rus və ingilis dillərində  fəaliyyətə başlayıb. Sayta əsasən Şuşanın keçmişi, bu günü və şuşalılarla bağlı  məlumatlar yerləşdiriləcək. “Şuşa İli” çərçivəsində loveshusha.com saytı şuşalıların müsahibələrinə, onların xatirələrinə də üstünlük verəcək. Saytın növbəti müsahibi  tanınmış jurnalist Kərim Kərimlidir.

"Paralel.az" maraqlı müsahibəni öz oxucularına təqdim edir: 

– İstəyirəm qayıdaq əvvələ. 1992-ci ilə. Bizim bildiyimizə görə Şuşanı son dəqiqələrdə tərk etmiziniz…

– 1992-ci il mayın 8-dək Şuşada olmuşam. Şuşanın işğaldan əvvəlki günlərində vəziyyət olduqca ağır idi. Artıq Şuşanın əldən getdiyini hiss edirdik. Hətta vəziyyət o həddə çatdı ki, şəhəri müdafiə edənlərin gücü tükəndi, heç yerdən də heç bir kömək olmadı. Şəhərdə qalan əhali sadəcə canını götürüb şəhəri tərk etməyə başladı. Bunu əskiklik, mənfi fikir kimi qəbul etmək lazım deyil. Çünki düşmənin tankları şəhərə daxil olurdu, düşmən təpədən-dırnağa qədər silahlı idi, bizim hərbi qüvvəmiz tükənmişdi, silah yox, kömək də gəlmirdi, ancaq quru vədlər verirdilər. Ona görə də dinc əhalini, evindən çıxmağa imkanı olmayan sakinləri şəhərdən çıxarmalı idik.  Mən həm də o vaxt rəhmətlik Ramiz Qəmbərovun komandiri olduğu taborun tərkibində şəhərin müdafiəsində iştirak edirdim.

– Şuşadan birdəfəlik çıxacağınızı heç düşünürdüz? Ümumiyyətlə “bir də Şuşanı nə vaxt görəcəm” fikri ilə özünüzlə yadigar nəsə götürdünüzmü?

– Biz şəhəri tərk edəndə düşünürdük ki, müharibə gedir, hər şey bitəndən sonra yenidən geri qayıdacağıq... (ah çəkir, kövrəlir). Şəhərin işğal olunacağı, əlimizdən çıxacağı, bizim şəhərdən çıxıb gedəcəyimiz, Azərbaycanın o vaxtkı  hakimiyyətinin işğala razı olacağı, şərait yaradacağı, şəhəri təhvil verə biləcəyi fikirləri ağlıma belə gəlmirdi.

“Şuşalılar binalara bayraq asmaq üçün çox mübarizə aparıb”

– Şuşadan çıxanda Azərbaycan bayrağını götürdüm. Mən Şuşada mətbəənin direktoru vəzifəsində işləyirdim. Bayraq XIX əsrə aid mətbəə binasının girişində asılmışdı. Mayın 8-i son saatlarda mətbəəyə qayıtdım. Kabinetdəki böyük seyfdə müəyyən sənədlər, pul, qiymətli kolleksiyalarım vardı. Qiymətli şeylərin seyfə yığmağımın  səbəbi o idi ki,  hər  gün, günaşırı şəhəri bombalayırdılar və şəhərdə ən təhlükəsiz yer mətbəə və seyf idi.  Ümumiyyətlə Şuşada binaların üzərinə bayraqların asılması üçün ciddi mübarizə getmişdi. 90-cı illərdə şəhərdə sovet ordusunun bölmələri vardı, onlar da Azərbaycan bayrağına qısqanclıqla yanaşırdılar,  icazə vermirdilər,  binanın  üzərinə bayraq asanları təqib edirdilər. Bəzi yerli dargöz məmurlar da onlardan betər idi (gülümsəyir). Ona görə də şuşalılar çətinliklərə baxmayaraq Şuşanın müxtəlif yerlərində Azərbaycan bayrağı asmağa çalışdırdılar. Bu bayrağı da  mən direktoru olduğum mətbəənin önündən asmışdım.  Mətbəəyə gələndə artıq şəhərdə  mərmilər uçuşurdu. İçəri girməmiş bayrağı çıxartdım, dirəyini bir kənara, bayrağı isə qatlayıb əynimdəki hərbi libasın qoynuna qoydum. Bayraq bütün dövrlərdə, bütün ordularda, bütün xalqlarda  ən müqəddəs anlayışdır. Üç atributdan biridir: himn, gerb, bayraq. Bayraq düşmənin əlinə keçdisə, təhqir olundusa, bu artıq ciddi nöqsandır. Bir də ki, axı biz bu bayrağın Şuşada asılması uğrunda  mübarizə aparmışdıq. Mən o bayrağı qoyub çıxa bilməzdim. İstəyirdim şəxsi əşyalarımı da götürüm, emənilərin atdığı mərmi binanın yanğın təhlükəsizliyi pilləkəninə dəydi və həmin dəmir qoparaq üstümə gəldi. Bilirsiz, bir var, düşmənin gülləsindən şəhid olmaq, bir də  nəhəng bir dəmirin altında qalıb ölmək (gülür). Bu o qədər yaxsı tale deyil. Geriyə atıldım. Daha qapını açıb içəridən heç nə götürə bilmədim. Amma sol tərəfim qəlpələrlə dolu, üst-başım qan içində idi. Yeri gəlmişkən, sonuncu qəlpələri 2017-ci ildə tanınmış cərrah, professor Mübariz Əliyev təmənnasız əməliyyat edərək çıxardıb başımdan. Çox sağ olsun!  Həmin gün, yəni may ayının 8-i Şuşanı tərk eldərək Füzuliyə, sonra Ağcabədiyə getdim. Mayın 14-ü isə gəldim Bakıya. O vaxtdan harda yaşadımsa bu bayraq da mənimlə birgə oldu.

“Şuşadan çıxanda əhd elədim, ömrüm yetsin,  bu bayrağı yenidən orda asa bilim”

– Vətən müharibəsindən sonra Şuşaya gedə bilmisinizmi?

– Bəli, 29 avqust 2021-ci ildə, 23 ildən sonra nəhayət, Şuşaya getdim. Bu dəfə işğaldan tam azad olan Şuşaya. Bundan əvvəl Şuşaya 30 avqust 1998-ci ildə xarici jurnalistlərlə birgə getmişdim.  Bu, Şuşanın işğalından 6 il 3 ay 22 gün sonra baş vermişdi və mən işğaldan sonra Şuşaya ayaq basan ilk azərbaycanlı idim. Buna görə də Şuşa azad olandan sonra mənim oraya getməyim başqaları kimi 29-30 ildən sonra deyil, 23 ildən sonra hesab olunur (gülür). Bu dəfə – yəni işğaldan azad olunandan sonra birinci dəfə gedəndə bu gözəl bayrağı da apardım. Şuşada Yuxarı Gövhər Ağa məscidinin qarşısında jurnalist həmkarlarım Seymur Kazımov və Zaur Şiriyev bayraqla bir yerdə şəklimi də çəkdilər. Çünki Şuşadan çıxanda əhd eləmişdim ki ömrüm yetsin,  bu bayrağı yenidən Şuşaya qaytara, orada asa bilim.

.



“Erməni əsgər dedi ki, Şuşanı bir də yuxunuzda görərsiniz”

– Şuşanın işğalından 6 il sonra  doğma şəhərə döndünüz, nə hisslər keçirmisiniz,  bir Allah bilir, bir də siz...

 – (Fikrə gedir, gözləri dolur). Heç kimə arzulamıram öz vətənində o vəziyyətdə olmağı. 1998-ci ildə Şuşaya gedəndə mən özümü elə bir vəziyyətdə hiss edirdim ki... “Protokol tələbləri, başqa yerə getmək olmaz” qadağası...  Doğma şəhərinə gəlirsən, amma erməninin nəzarəti ilə hərəkət edirsən. Məscidin həyətindən balaca bir torbaya torpaq yığmışdım.  Ermənilər soruşdular ki, bu torpağı neynirsən? Cavab verdim ki,  Şuşanın işğalından sonra Şuşa həsrəti ilə dünyasını dəyişən insanlar var, Onların hər birinin məzarına bir çimdik Şuşa torpağı atacam, qalanını isə işğal bitəndən, Şuşa azad olunandan sonra qaytarıb gətirib götürdüyüm yerə tökəcəm.  Güldülər,  dedilər ki, birinci arzunu yerinə yetirə bilərsən, amma ikincini gözləmə. Şuşanı bir də yuxunuzda görərsiniz. Dedim ki, görərik kim deyən olacaq! Və mən deyən oldu.  Nəhayət,  44 günlük Vətən müharibəsindən sonra azad Şuşaya gedəndə bayrağı da apardım, torpağı da. Bir sözlə Şuşasız həyataımda yol yoldaşım şəhərdən çıxardığım Azərbaycan bayrağı  oldu.


– Siz təkcə bayrağı qorumaqla kifayətlənməmisiniz, Qarabağ mədəniyyətinin yaşaması üçün Şuşaya və Qarabağ aid maddi və mənəvi dəyəri olan əşyaları da toplamısınız...

– 30 il ərzində məcburi köçkünlərdən maddi, mənəvi, tarixi dəyəri olan əşyaları, həmçinin müxtəlif məişət əşyalarını toplamışam. Onların sayı  500-ü keçib. Toplamağımın  məqsədi  əşyaların dəyəri ilə bağlı deyil, əsla, köçkünlük dövründə insanlar yerlərini tez-tez dəyişirdi, ona görə çox əşya salamat qalmırdı. Qarşıma məqsəd qoymuşdum “Qarabağ muzeyi” yaradım, bayrağı və  o əşyaları da həmin muzeydə  nümayiş etdirim. Açığı bu illər ərzində Bakıda çox istədim, amma şərait yaratmadılar. Rəsmi dairələrə çoxsaylı müraciətlərim bir fayda vermədi. Hətta Bakıətrafı kəndlərdən kiçik bir torpaq sahəsi ayırmalarını xahiş etdim, dedim,  muzeyi öz hesabıma tikdirərəm. O da alınmadı. Hər işdə bir xeyir də var. Demək muzeyi Şuşada yaratmaq var qismətimizdə.  İnşallah indi bu muzeyi Şuşamızda yaratmaq arzusundayam. 

Aytən Əhmədova, Kərəm Ələsgərov 

0.064304828643799