Qismən səfərbərlikdən total deqradasiyaya...
Qəzənfər Həmidoğlu:
"Putinin sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan etməsi ilə Ukrayna müharibəsi rusiyalıların da evlərinə çatdı. Dünənədək Rusiya sakinlərinin böyük əksəriyyəti üçün müharibə hardasa uzaqlarda gedirdi və onlar divanda uzanıb döyüşləri televizorda seyr edirdilər.
İndisə onları divandan düşürüb səngərə soxmaq istəyirlər. Rusiyalılar buna hazır deyillər, nə qədər Putini dəstəklərsə də, bu müharibə onlar üçün qaranlıqdır, nə üçün öləcəklərini anlaya bilmirlər və ümumiyyətlə, ölmək istəmirlər. Belə şəraitdə rusların səfərbərvərlikdən cürbəcür yollarla qaçmağa, gizlənməyə çalışacağı, yaşayış yerini dəyişəcəyi şübhəsizdir. Təsadüfi deyil ki, Putinin səfərbərlik elanından sonra xaricə uçuşlara biletlər tapılmır və aviabiletlərin qiyməti 10-15 dəfə artıb. Hərə bir yolla “Великороссия”dan əkilməyə can atır. Xəstəxanaların qarşısında milyonlarla rusiyalı uzun növbələr yaradacaq ki, bəlkə “brak” olmalarına dair tibbi arayış ala bildilər...
Putin çıxışında qismən səfərbərlikdən danışsa da, sərəncamının mətnində elə bir məhdudlaşdırma yoxdur, faktiki olaraq tam səfərbərlikdən söhbət gedir. Hədəfləri 300 min əsgər yığmaqdır. Amma Putinin bu rəqəmı sabah 500 minə və 1 milyona çatdırmayacağına qarantiya yoxdur.
Bu yığnağı mövcud generalitetlə mütəşəkkil hərb mexanizminə necə çevirəcəkləri qaranlıqdır. Bunun hərbi sursat-texnika, komandir heyəti və logistika məsələləri necə həll ediləcək? Ümumiyyətlə, hərbi ekspertlərin qənaətinə görə, qismən səfərbərlik hərb teatrına elə bir ciddi korrektə etməyəcək.
Putin fevralın 24-də Ukraynaya soxulmağa qərar verməklə həyatının və Rusiya tarixinin ən böyük səhvini buraxmış, faktiki olaraq ağılsızlıq etmişdi. Bundan sonra Rusiya lideri düşdüyü çətin vəziyyətdən çıxmaq üçün vurnuxur, amma “şərəfli” çıxış yolları getdikcə daralır və daha pis variantlar seçməklə özünü daha dibə batırır.
Üstəlik, Kremlin sahibi bir daha nüvə təhdidini təkrarladı və köhnə qumarbaz kimi bu hədəsinin blef olmadığına inandırmağa çalışdı. Putinin “nüvə dəyənəyi” savaş aləti kimi işə yaramır, ondan təhdid, şantaj aləti kimi istifadə etməyə cəhd edir, amma belə hədədən də fayda hasil edə bilmir. Rusiya liderinin nüvə şantajından Qərb artıq çəkinmir, ABŞ və müttəfiqləri Kremlə birmənalı bildirirlər ki, cavab zərbəsi ilə Rusiyanı məhv edərlər və ilk vuracaqları da bunkerdəki Putinin özü olacaq. Yəni, Kremlin sahibinin “nüvə arqumenti” qeyri-ciddi, zəif və aciz təhdiddir.
Putinin səfərbərliyi savaşın gedişini çətin ki, dəyişsin. Əksinə, canlarının hayına qalan ruslar səfərbərlikdən total yayınacaq, döyüşə zorən göndərilənlərsə ölməzlərsə, ya əsir düşəcək, ya da fərariyə çevriləcəklər. Putin və Şoyqu dəfələrlə bildiriblər ki, “Ukraynada xüsusi əməliyyat plan üzrə gedir, bütün vəzifələr yerinə yetiriləcək”. Amma səfərbərlik elanı işlərin plan üzrə getmədiyini göstərdi.
İşğal altındakı torpaqlarda “referendum” keçirib onları Rusiyaya “qatmaq” və sonra Ukrayna Silahlı Qüvvələrinin bu əraziləri azad etmək cəhdini “Rusiyaya hücum” adlandırıb cəfəng “qırmızı cizgilər”dən dəm vurmaq, “nüvə dəyənəyi” yelləmək tarixin indiyədək şahidi olmadığı işğalçı həyasızlığı nümunəsi, eyni zamanda, acizlik, fərsizlik və özünüaldatmadır. Hər şey döyüş səhnəsində həll olunur, Ukrayna ordusu torpaqlarını azad edəndə Kremlin ritorikasını vecinə belə almayacaq.
Bütün bunlar və cəbhədəki uğursuzluqlar Rusiya hərbi-siyasi elitası və cəmiyyətini tam demoralizə etmək, deqradasiyaya uğratmaqla Putin rejiminin iflasını sürətləndirəcək.
Rusiya lideri çarəsizdir. Hazırda savaşın bitirilməsi ilə bağlı ortalıqda olan üç versiyanın hər biri onun üçün fatal finiş vəd edir:
- Danışıqlar. Zelenski Putinlə dialoqu yaxına buraxmır, bunun üçün rus qoşunlarının bütün Ukrayna ərazisindən çıxarılmasını tələb edir.
- Kapitulyasiya. Təslim olması onun üçün siyasi karyerasının məhvi, bəlkə də fiziki sonu deməkdir.
- Müharibənin davamı. Savaşın indiki gedişatı gec-tez rus ordusunun total məğlubiyyətinə və böyük ehtimalla Rusiyanın süqutuna aparır.
“Rus torpaqlarının toplayıcısı” titulu xülyası ilə yaşayan, amma əvəzində müasir Rusiyanın parçalanması riski ilə qarşılaşan Putinin iki seçimi də ola bilər:
1. Hitler kimi intihar etmək. Rusiya lideri həyatı çox sevir, sağlamlığına izafi önəm verir, onun məşhur yumurtavari “pandemiya stolu” da göstərdi ki, infeksiyadan yaman qorxur - yəni, ideyası uğrunda canına qıyan birisinə heç bənzəmir.
2. Nüvə silahına əl atmaq. Bu işin sonu da intihar kimi bir şeydir. Hərçənd ki, Putin “biz cənnətə düşəcəyik, onlar gorbagor olacaqlar” deyir. Amma hər deyilən sözə gərək inanmayasan...
Putin Ukraynaya “denasifikasiya” və “demilitarizasiya” üçün girmişdi, amma belə görünür ki, bu savaş Rusiyanın dekolonizasiyası ilə bitəcək."