178 il zülm altında

178 il zülm altında
 


Bəhai dini dünya dinləri arasında ən cavanıdır. O, dünyanın 234 ölkəsində 8 milyondan çox insanı bir-ləşdirir. Bu Birlik planetimizdə qlobal ekologiyanı qorumaq, xalqların maddi və mənəvi rifahına nail olmaq yollarında BMT-nin bir sıra orqanları- EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birliyin BMT-nin Nyu-York və Cenevrədəki qərargahlarında, o cümlədən Nayrobidə Ətraf mühitə dair Proqramında nümayəndəlikləri fəaliyyət göstərir. Bəhai dininin vətəni İran olsa da, dünyanın heç bir yerində bəhailər bu ölkədə olduğu kimi ciddi təqiblərə məruz qalmamışlar. Dəfələrlə İranın müxtəlif şəhərlərində və kəndlərində yüzlərlə insanın ölümünə səbəb olmuş talanlar törədilmiş, bəhailərə məxsus evlər, dükanlar yandırılmış, qəbirstanlıqlar və ibadət evləri dağıdılmışdır. Ölkədən çıxmaq imkanı olmayan 350 min (bəzi mənbələrə görə 500 min) insan ən elementar insan haqlarından məhrum edilmişlər.
Əgər dinin böyüklüyü məruz qaldığı təqiblərlə ölçülsəydi, şübhəsiz ki, Bəhai dini birinci olardı. İranda babilər hərəkatı (1844-1852) yatırılarkən Bab və ardıcıllarının kütləvi şəkildə qətlə yetirilməsi yaxşı məlumdur. O da məlumdur ki, dünyada Sülh, Ədalət, Firavanlıq və Qardaşlığın carçıları olan bəhailər nə özlərinə, nə də öz doğma vətənləri İrana azadlıq və firavanlıq gətirə bilmədilər. 178 illik zülm Qacar hökmdarlarının zamanında başladı və hazırda da davam etməkdədir. İran hökmdarı Məhəmməd Əli şah 1907-ci ildə xüsusi fərmanla İranda rəsmi şəkildə bəhailəri qanundan kənar vəziyyətə saldı.
Hakimiyyəti ələ alan Pza şah Pəhləvi “Dövlət qulluğu haqqında qanun” qəbul edərək, bəhailəri təqaüddən məhrum edir. 1924-cü ildə ölkənin bir sıra şəhərlərində ruhanilərin fətvası ilə bəhai talanları törədilir. Sanqsarda “Bəhai Mərkəzi” müsadirə edilib, uçurdulur. Şahın göstərişi ilə 1925-ci ildə dövlət idarələrinə bəhailərin işə götürülməsinə qadağa qoyulur. Eyni zamanda xüsusi qanunla müsəlman, yəhudi, zərdüşti nigahları rəsmi tanınsa da, bu qanun bəhailərə şamil edilmir və nigah mərasimlərinin keçirilməsinə icazə verilmir. 1932-1933- cu illərdə bəhai zabitlər ordudan qovulurlar. Elə həmin vaxt Təhsil Nazirliyi bəhai ədəbiyyatının çapına qadağa qoyur. Tehranda 1934- cü illərdə bəhailərə məxsus qəbirstanlıq yerlə yeksan edilir, bəhai məktəbləri və digər təhsil müəssisələri bağlanır.
Atasının yerində taxta əyləşən Məhəmməd Rza şahın dövründə bəhailərin İranda vəziyyəti daha da ağırlaşır. İcmanın başçıları həbs olunur. Ölkəboyu Bəhai Mərkəzləri müsadirə olunur və dağıdılır. Ölkəni həbs dalğası bürüyür. Bəzi yerlərdə uşaqlar məktəblərdən qovulur. Bəhailərin öldürülməsi halları artır. Qatillər məlum olsa da həbs olunmurlar. Hökümət tərəfindən 1951-ci ildə “bəhailər kommustlərlə əlbirdir” qarayaxma kompaniyasına start verilir. 1955-ci ildə müsəlmanların Ramazan bayramı zamanı bir məscidin axundu bəhailərə qarşı xütbə oxuyur, hökuməti və müsəlmanları bəhailərin kökünü kəsməyə çağırır. Milli radio məhs bu xütbəni bütün ölkədə translasiya edir. Ordu hissələri bəhailərin Milli qurultayının keçirildiyi binaya hücum edib, iştirakçıları həbs edirlər. Ölkənin Daxili İşlər Naziri parlamentdə çıxış edərək bildirir ki, İran höküməti “bəhai təriqətinin kökünü kəsmək” göstərişi vermişdir və xalqı bu işdə dövlətə dəstək olmağa çağırır. 1955-ci ilin mayında bəhailərin kompakt yaşadığı şəhər və kəndlərdə dövlət məmurlarının iştirak ilə kütləvi qətillərə, talanlara, yanğınlara start verilir.
İranda baş verənlər dünya ictimaiyyəti tərəfindən etirazla qarşılanır. BMT-nin Baş Katibi Daq Hammarşeld hadisələrə müdaxilə edir və İran hökumətindən zorakılıqlara son qoymağı tələb edir. Qətl və talanlar bir müddət səngisə də bəhailərin vəziyyəti dəyişmir. BMT 1956-ci ildə bəhailərə qarşı təqiblərə son qoymağı və imzaladığı “İnsan haqları Bəyənnaməsinə” əməl etməyi İrandan tələb edir. 1978-ci ilin yanvarında Şiraz yaxınlığındaki Səədi şəhərində mollaların çağırışı ilə meydana yığılmış qaraguruh bəhailər əleyhinə şüarlar deməyə və polislərə hücum etməyə başlayır. Polis atəş açır. Kütlə bəhailərin yaşadığı məhəllələrə hücum edir. Həmin gecə 400 ev yandırılır, 200 ev talan edilir, 1200 kişi, qadın və uşaq evlərindən qaçaraq şəhraya səpələnirlər. Pəhləvilər səltənətinin süqutuna kimi bəhailərin vəziyyəti belə idi.
İranda 1979-cu ildə baş vermiş İslam inqilabında sonra vəziyyət daha da pisləşdi. İnqilabın ilk illəri ölkədə bəhailərə qarşı ağlasığmaz fanatizm hökm sürürdü. Ölkə boyunca bəhai məhəllələrinə və kəndlərinə hücumlar edilir, bütöv kəndlər (Təbriz yaxınlığına Seysan kəndi) yerlə yeksan edilirdi, tarlalar yandırılır, mal-qara öldürülür, quyular doldurulurdu. Şəhərlərdə ailələri məscidlərə dolduraraq İslamı qəbul etməyə təhrik edirdilər. Bir çox məntəqələrdə bəhai qəbirstanlıqları dağıdılır, qəbirlər açılır və meyidlər kənara atılırdı.
Sakinləri bəhai olan və yarımköçəri həyat keçirən Boyer Əhmədi camaatının məskunlaşdığı qəsəbəyə gecə vaxtı silahlı şəxslər hücum edirlər. Əhali evlərini və heyvanılarını atıb İsfahana tərəf qaçırlar. Şəhərin girişində İslam keşikçiləri korpusunun döyüşçüləri onları saxlayaraq, açıq havada salınmış düşərgəyə doldururlar. Yalnız 3 aydan sonra onlar dağıdılmış və talan edilmiş yurdlarına qayıda bilirlər.
          İran hökuməti əlindəki bütün vasitələrlə bəhai icmasını məhv etməyə çalışırdı. İnqilabın ilk günlərdə icmanının 9 nəfərdən ibarət rəhbər şəxsləri həbs edilərək, naməlum istiqamətdə aparılır, o hadisədən 43 il keçsə də, onların teleyi haqqında hələ də məlumat yoxdur. Növbəti 9 nəfər, bu dəfə rəsmi şəkildə “cəsusluqda” ittiham olunaraq 1983-cü ildə edam edildilər. Həmin dövrdə müxtəlif şəhər və kəndlərdə 200 nəfərdən çox bəhai qətlə yetirildi, 3 mindən çox insan həbsxanalara atıldı, evləri, emalatxanaları dağıdıldı, torpaqları əllərindən alındı, 10 minlərlə bəhai ölkədən qaçdı. 1983-cü il iyun ayının 18-də Şiraz stadionunda 10 bəhai qadını eyni vaxtda dar ağacından asmaqla edam etdilər: ən cavanı 17 yaşında, ən yaşlısı 54 yaşında idi.
Ölkədən çıxmaq imkanı olmayan 350 min bəhai elementar insan haqlarından – Universitet və kolleclərdə oxumaq, dövlət idarələrində və şirkətlərində işləmək, təqaüd almaq və s. məhrum edildilər. Bəhailərin kollektiv mülkiyyətində olan xəstəxanalar, kooperativlər, müəssisələr müsadirə edildi. Dövlət müəssisələrində və təhsil ocaqlarında tutduğu vəzifədən asılı olmayaraq bütün bəhailər işdən qovuldu. Bəhailərin ziyarət etdikləri Babın Şirazdakı evi uçurdulur. Uşaqlara doğum şəhadətnaməsinin, böyüklərə şəxsiyyət vəsiqəsinin verilməsi dayandırılır. Bununla da bəhailər hər cür hüquqlardan məhrum oldular.
Qacarlar dönəmində bəhailəri “dönük”, “kafir” adlar altında edan olunurdu. Pəhləvi sülasi bəhailəri kommunistlərə rəğbətdə, İslam Respublikası isə ingilis, sovet, ABŞ, israilə cəsusluqda ittiham edirdi. Bütün dövrlərdə İran cəmiyyətinin fanatik dindar seqmenti dövlətin bəhailərə qarşı siyasətini dəstəkləyir, molların fətvası ilə talan və kütləvi qətillərdə həvəslə iştirak edirdilər. Lakin illər keçir, dövlətin bəhailərə siyasəti sıravi insanlar arasında daha az tərəfdar tapırdı. Əksinə bu siyasətə qarşı səsini qaldıran ölkə vətəndaşlarının sayı ildən ilə artırdı.
2022-ci ilin iyul-avqust aylarında İranın şəhər və kəndlərini təqib kamoniyasının yeni dalğası ötür. Repressiyalar İranın şimalında Roşankuh kəndində həbslər və evlərin dağıdılması ilə başlayır. Avqustun 2-də 200-ə yaxın agent çox sayda bəhainin yaşadığı Roşankuh kəndinə hücum edib, 6 evi dağıdır və bəhailərin 20 hektar torpaq sahəsi müsadirə edilir. İran hökumətinin adamları eyni zamanda bəhailərə qarşı bütün ölkə boyu evlərə basqın, axtarışlar, əmlakın müsadirə edilməsi, həbslər, ali təhsildən imtina, döyülmə kimi tədbirlər həyata keçirir.

Dövlətin bu dəfəki hücumları həm ölkə daxilində, həm də ondan kənarda misli görünməmiş etirazlarla qarşılandı. Bir çox ölkələrin hökumət rəsmiləri, beynəlxalq və milli media, vətəndaş cəmiyyətinin onlarca tanınmış xadimi və fərdlər İran bəhailərinin müdafiəsinə qalxaraq, bəyanatlar, xəbərlər və sosial media yazıları vasitəsilə öz etirazlarını bildirdilər. İnternetdə və ənənəvi mediada bu hadisələrlə bağlı xəbərlər işıqlandırıldı, dünyanın hər yerində yüz milyonlarla insan təqibləri pisləyən bəyanatlardan xəbər tutdu. Beynəlxalq Bəhai İcmasının Twitter hesabı təqiblər barədə ictimaiyyətə məlumat vermək qabiliyyətini 9 dəfə artırdı.Təkcə Roşankuhdakı evlərin xarabalıqlarında bir neçə kimsəsiz bəhaini göstərən video bir Teleşirkətin Instagram hesabında 4 milyon dəfə baxıldı və başqa saytlarda geniş şəkildə paylaşıldı.
          Birləşmiş Millətlər Təşkilatının İranda insan haqlarının vəziyyəti, əqidə azadlığı və azlıqların məsələləri üzrə xüsusi məruzəçiləri Cavid Rəhman, Nazilə Qanea və Fernand de Varennin başçılıq etdiyi ekspertlər qrupu avqustun 22-də bəyanatla çıxış etdilər: “İran hökuməti bu məsələ ilə bağlı tədbirlər görməli, dini azlıqlara qarşı təqiblərə və insan hüquqlarından məhrum etmək üçün dindən istifadəyə son qoymalıdır. Biz Bəhai dininə mənsub şəxslərin özbaşına həbslərinin artması və bəzən yoxa çıxması, habelə onların əmlakının dağıdılması və ya müsadirə edilməsindən dərin narahatıq və bu, sistematik təqib siyasətinin bütün əlamətlərinə malikdir”.
         İrandakı vəziyyət dünyanın aparıcı xəbər agentlikləri tərəfindən də işıqlandırdı. The New York Times xəbər verir ki, təqiblər "qəddar repressiyalar şəklini alıbdır”. Associated Press tərəfindən yayılmış, o cümlədən Washington Postda dərc edilmiş məqalədə deyilir ki, İranın Kəşfiyyat Nazirliyinin bəhailərə qarşı irəli sürdüyü iddialara baxmayaraq, “onları təsdiqləməkdən ötrü heç bir sübut təqdim etməyib”. France Press, Associated Press və Reuters İran bəhailərinin düşdüyü indiki ağır vəziyyəti təsvir etmişlər. Hadisələr BBC-nin bir neçə verilişində, Britaniyanın Times və Telegraph, Almaniyanın Deutsche Welle, Jerusalem Post, New Arab, İsrail Times və Indian Express qəzetlərində işıqlandırılmışdır. Fransanın Le Figaro, Le Monde və Toronto Star qəzetləri də İrandakı təqiblər barədə məlumat verdilər.
ABŞ-da 30-dan çox təşkilat prezident Co Baydenə məktub yazaraq ondan “İran bəhailərinin üzləşdiyi təqiblərin genişlənməsindən dərin narahatlığımızı ifadə etməyi” xahiş etdilər. ABŞ-ın dini etiqad azadlığı üzrə xüsusi sözçüsü Rəşad Hüseyn bildirdi: “İran bütün iranlıların din və ya etiqad azadlığına hörmətlə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməli və bəhailərə qarşı artan basqınlar və ədalətsiz həbslər kampaniyasına dərhal son qoymalıdır”. Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Şöbəsinin dövlət katibinin müavini Uzra Zeyan Twitterində İranı “hamının din və ya etiqad azadlığı hüquqlarına hörmətlə yanaşmağa” çağırdı. ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) da “bir çox bəhailərin” təqib edilməsinə işarə edən bəyanatında “İran hökumətinin ölkədəki dini azlıqlara qarşı repressiyalarını artırmasını pisləyib”. USCIRF komissarı Şaron Kleinbaum deyib: “İran hökuməti dini azlıqları və dinc müxalifləri təqib etməklə sabitlik və təhlükəsizliyi təmin edə bilməz”.

ABŞ konqresmeni Ted Deutschin Nümayəndələr Palatasına təqdim etdiyi qanun layihəsində deyilir “İranın bəhailərə qarşı təqibini pisləyir və prezident və dövlət katibini ciddi insan haqları pozuntularına, o cümlədən bəhailər qarşı törədilən pozuntulara görə birbaşa məsuliyyət daşıyan iranlılara qarşı sanksiyalar tətbiq etməyə çağırırıq”.

İranda bəhailərin uzun müddət müdafiəçisi olmuş Lüksemburqun xarici işlər naziri Jan Asselborn da hökumətinin narahatlığını dilə gətirərək İranı “insan haqlarını qorumaq və bütün ayrı-seçkilikləri aradan qaldırmaq üzrə öhdəliklərini yerinə yetirməyə” çağırıb.
          Böyük Britaniyanın İnsan Hüquqları və Din və Etiqad Azadlığı üzrə müfəkkili Lord Əhməd deyib ki, Böyük Britaniya həbslər, evlərin dağıdılması və əmlakın müsadirə edilməsi, habelə keçmiş Yaran (icmanın lideri funksiyasını yerinə yetirən qurum) üzvlərinə qarşı təqiblərdən “dərin narahatdır”. Lord Əhmədin bəyanatında sonra deyilir ki, “2022-ci ildə dini azlıqların təqib edilməsi qəbuledilməzdir... Biz İranı məsuliyyətə cəlb etmək üçün beynəlxalq tərəfdaşlarımızla sıx işləyirik və insan haqları məsələlərini İran hökuməti ilə mütəmadi olaraq qaldırmağa davam edirik”.
Amnesty İnternational, həmçinin İran bəhailərinin "insan hüquqlarına qarşı artan hücumlardan əziyyət çəkdiyini" bildirərək Beynəlxalq Amnistiya Təşkilatının milli bölmələrindən İranın məhkəmə hakimiyyətinin başçısına məktub yazmağı xahiş edib.
Bəhailərə qarşı İran hökumətinin hücumları İran cəmiyyətində də hiddətlə qarşılanıbdır. İran vətəndaş cəmiyyətinin ictimai və siyasi xadimləri, insan və qadın haqları fəalları, sənətçilər, alimlər, hüquqşünaslar, yazıçılar, şairlər, karikaturaçılar və komediyaçılar, din alimləri, hətta bəzi din xadimləri, jurnalistlər, siyasətçilər, keçmiş vicdan məhbusları, başqa dinlərin davamçıları, ictimai və siyasi şərhçilər və yüz minlərlə başqa iranlılar tərəfindən ölkə daxilində və xaricində görünməmiş həmrəylik çağırışı səsləndi. İranda hüquq müdafiəçisi Araş Sadeqi bəhailərə qarşı nifrət təbliğatına son qoyulmasını tələb etdi. İranlı şiə din xadimi Seyid Məhəmməd Əli Əyyazi bu sözləri dilə gətirdi: “Hansı dini prinsiplər bəhai evlərinin dağıdılmasına haqq qazandırır? ...İndi biz elementar hüquqlarından məhrum edilmiş vətəndaşların zülmə məruz qaldığının şahidi oluruq”.
Jurnalist və hüquq müdafiəçisi Cavad Abbasi Təvaləli deyib: “bəhailərin nə ruhaniləri, nə mollaları, nə də müftiləri var. İran rejimi bəhai inancından qorxur. Gəlin bəhai vətəndaşlarımızın səsi olaq”.
İranın daxilində və xaricində yüzdən çox tanınmış iranlı birgə bəyanat yayaraq, təqiblərin artması ilə bağlı narahatlıqlarını ifadə ediblər və bildiriblər ki, “bəhailərin mülki və insan hüquqlarına gəlincə, biz də özümüzü bəhai hesab edirik”.
Nobel Sülh Mükafatı laureatı, insan haqları üzrə hüquqşünas Şirin Ebadi və tanınmış iranlı hüquq müdafiəçisi və hüquqşünas Mehrəngiz Kar İnstaqramda rəsmi dəstək bəyanatları yaydılar. Tarixçi Abbas Milani twitter hesabında “Bəhai dininin lap əvvəlindən bəhailərə qarşı amansız nifrət və onların məhv edilməsinin kökü dini xurafatdan qaynaqlanır” sözlərini yazdı.
İran əsilli amerikalı yazıçı və şərhçi Röya Xakakian deyib ki, “bir gün başqaları İrana baxıb görəcəklər ki, ən faciəli hekayə həm də ən ruhlandırıcı hekayədir: bu bəhailərin hekayəsidir. 43 il ərzində heç bir azlıq bu qədər sistemli hücuma məruz qalmamışdı. Lakin heç kim onlardan daha çox dözümlü deyil”.

Yeni Zelandiyadan olan iranlı yazıçı Behruz Buçani deyib: “Ayrı-seçkilik” sözü İrandakı bəhai azlığının vəziyyətini adekvat şəkildə təsvir edə bilməz. Bu ayrı-seçkilik deyil, sistematik bir marginallaşma, kənarlaşdırma və son nəticədə aradan qaldırma səyləridir. Ayrı-seçkilik qeyri-bərabər imkanlar yaratmaq üçün istifadə olunur, lakin bəhailərə gəldikdə, məqsəd onun kökünü kəsməkdir”.
Almaniyada yaşayan iranlı jurnalist Məryəm Mirzə deyib: “İran bəhailərinin indiki vəziyyətində bizim hamımızın, həm valideynlərimizin, həm də valideynlərimizin valideynlərinin rolu var. Gəlin səsimizi ucaldaq ki, tarixi kollektiv anti-bəhai rüsvayçılığını aradan qaldıraq”.
İranlı filosof Soruş Dabbaq deyib: “Mən bir müsəlman və dini bir ziyalı ailəsinin üzvü kimi bəhai həmvətənlərimə rəğbət bəsləyirəm və Roşankuh əhalisinin mülklərinin dağıdılmasını qətiyyətlə pisləyirəm.. İstər müsəlman, istər xristian, istər yəhudi, istər bəhai, istərsə də ateist olmağımızdan asılı olmayaraq, vətəndaş hüquqlarımızın qorunması birgə yaşamaq üçün zəruri şərtdir və heç bir halda diqqətdən kənarda qalmamalıdır”.
Həmin ağrılı iyul-avqust aylarında Beynəlxalq Bəhai İcmasının nümayəndələri müxtəlif farsdilli müstəqil yayımçılara ən azı 37 dəfə müsahibə veriblər. Misir, Azərbaycan, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Livan, Yəmən və Kürdüstan da daxil olmaqla, Yaxın Şərq və Mərkəzi Asiyada onlarla xəbər agentliyi və vətəndaş cəmiyyəti qrupları İran bəhailərinə misli görünməmiş səviyyədə dəstək və rəğbət nümayiş etdiriblər.
Bəhai İcmasının BMT-dəki sözçüsü Bani Duqal: “Qlobal ictimaiyyətin cavabı səmimi və tamamilə aydın oldu: İran hökumətinin bəhailərə qarşı davam edən təqibləri yalnız onun dünya qarşısında öz nüfuzuna və etibarına xələl gətirir və zədələyir. İran bilməlidir ki, təqiblər dayanana və bəhailər öz vətənlərində tamhüquqlu vətəndaş kimi yaşaya bilməyənə qədər ictimai rəy səslənməkdə davam edəcək. Beynəlxalq dəstək İran hökumətinin bəhailəri məhv etmək və təcrid etmək səylərində uğursuz olduğunu göstərdi”
Dünya bəhailərinin Ali Ruhani və İnzibati orqanı olan Ümumdünya Ədalət Evinin 2022-ci ilin iyul-avqust hadisələri ilə bağlı İran bəhailərinə yazdığı məktubunda deyilir:

"Son hadisələrə baxın. Görün ki, aşkar ədalətsizliyə cavab olaraq o pak ürəklərdə zərrə qədər də qisasçılıq varmı, o ruhlar ki, daima bu cür bəlalar dəryasında qərq olublar. Əksinə, onların ədalətə nail olmaq cəhdləri qanuna üz tutmaqdır, müraciətləri hakimiyyətdə olanlaradır. Bəhailər ədalət axtarır, amma heç vaxt qisas və əvəz çıxmaq peşində deyillər. Onların ürəkləri ağrı ilə dolub, amma nifrət və kindən tamamilə azaddır. Onlar nigarandırlar, amma onların mehribanlığı və məhəbbəti sonsuzdur. Onların vəsaitləri məhduddur, amma alicənab xarakterləri və uca məqsədləri var. Onlar evlərindən qovulublar, amma özləri başqalarına sığınacaq və pənahgahdırlar. Onlar şərin caynağındadırlar, amma ruhları yüksəkdə pərvaz edir. Onlar məzlumdurlar, amma onlara zülm edənlərə xeyirxahdırlar. Onlar uşaqlarını tərbiyə edirlər ki, zorakılıq və münaqişəyə girməsinlər, mehribanlıq və bağışlayıcılıq göstərsinlər, belə ki, nəinki bir insanı, bircə qarışqanı belə incitməsinlər. Allahın Dinini və Onun Əmrini canlandıran təməl məqsəd insan nəslinin maraqlarını qorumaq və birliyini yaymaq, insanlar arasında sevgi və yoldaşlıq ruhunu bəsləməkdir. Onun ixtilaf və narazılıq, nifrət və düşmənçilik mənbəyi olmasına imkan verməyin.”


Azər Cəfərov
Bəhai Dini İcmasının İctimai Əlaqələr ofisinin kordinatoru,
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru

Paralel.az

0.02053689956665