"Moskva vəziyyəti normallaşdırmaq üçün İrəvan və Bakı ilə sıx əlaqə saxlayır" - Mariya Zaxarova
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin regiona göndərilməsi KTMT-nin imkanlarından əhəmiyyətli istifadədir".
"Paralel.az" xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
KTMT-nin öz mexanizmlərini işə salması üçün vəziyyət nə dərəcədə gərginləşməlidir, sualını cavablandıran Zaxarova qeyd edib ki, bu məsələ təkcə Rusiya ilə bağlı deyil.
“Əminəm ki, bu sual təkcə bir sadə səbəbə görə, Rusiyaya ünvanlanmamalıdır: "...son iki il ərzində uzunmüddətli xroniki böhranı həll etmək üçün, məhz bizim ölkəmiz böyük səylər göstərmişdir”, - Rusiyanın rəsmi nümayəndəsi bildirib.
Onun sözlərinə görə, bu, kağız üzərində deyil, təkcə siyasi bəyannamələr və bəyanatlar sayəsində deyil, həm də “yerdə” Rusiya sərhədçilərindən, Moskvanın İrəvan və Bakı ilə əməkdaşlıqda iqtisadi imkanlarından istifadə etməklə həyata keçirilib. Zaxarova qeyd edib ki, bu, bütün tədbirlər kompleksidir.
"Mən başa düşürəm ki, çətin və partlayıcı situasiyalardan söhbət gedəndə, faciəvi nəticələr olanda, hamı hər şeyin həll edən sehrli çubuq" istəyir. Amma bu, ancaq nağıllarda olur", - rusiyalı diplomat bildirib.
O vurğulayıb ki, Rusiyanın vəzifəsi vahid nəticəyə çevrilməli olan bir sıra sahələrdə işləməkdir. Bu işin istiqamətləri göstərilmişdir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Moskva regionda gərginliyin azaldılması üçün əlindən gələni edir. O vurğulayıb ki, Rusiya və Azərbaycan prezidentlərinin Səmərqənddə ŞƏT sammiti çərçivəsində keçiriləcək danışıqlarında regionda vəziyyətin gərginləşməsi mövzusu diqqət mərkəzində olacaq.
Zaxarova əlavə edib ki, Rusiya Müdafiə Nazirliyi və FTX-nin Sərhəd Xidməti vasitəsilə vəziyyətin normallaşdırılması üçün də mühüm addımlar atılır. Rusiya hərbçiləri atəşkəsə nail olmaq, Azərbaycan və Ermənistan qoşunlarını ilkin mövqelərinə qaytarmaq üçün hər iki tərəflə sıx təmasdadır.